Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb.Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağda təhsilin inkişafına dair müzakirə görüşü keçirilib. Görüşün yekununda Qarabağ Universitetinə dəstək məqsədilə Təhsilin İnkişafı Fondu ilə Veysəloğlu Şirkətlər Qrupu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu, TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tərəflərin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Qarabağda təhsil mühitinin inkişaf etdirilməsi, eləcə də Qarabağ Universitetinin inkişafına dəstək istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Veysəloğlu təhsilə dəstəyin Şirkətlər Qrupunun strateji prioritetlərindən biri olduğunu bildirib: “Bu gün Azərbaycanın aparıcı təhsil müəssisələri ilə geniş əməkdaşlığımız mövcuddur. Ötən il Qarabağ Universitetinin təqaüd proqramına qoşulmuşuq və bu il də iştirakımızı davam etdirəcəyik. Bundan sonra da təhsilin inkişafına yaxından töhfə vermək əsas prioritetlərimizdən biri olacaq. Bu istiqamət Veysəloğlu Şirkətlər Qrupunun strategiyasının mühüm tərkib hissəsidir. Keyfiyyətli təhsilin inkişafı bütövlükdə ölkənin insan kapitalının güclənməsinə xidmət etməklə yanaşı, şirkətlərin peşəkar kadr potensialının formalaşması və inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır”.
TİF-in İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında Qarabağın dayanıqlı inkişafında təhsilin mühüm rolunu vurğulayıb. O qeyd edib ki, dövlət, özəl sektor və ictimai institutların birgə fəaliyyəti regionda təhsil imkanlarının genişləndirilməsinə və insan kapitalının inkişafına mühüm töhfə verə bilər.
QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində təhsilin xüsusi yer tutduğunu diqqətə çatdırıb. R.Hacıyev qeyd edib ki, regionda insan kapitalının formalaşdırılması və gənclərin təhsil imkanlarının artırılması bölgənin hərtərəfli bərpasına xidmət edir. O, bu istiqamətdə həyata keçirilən layihələrə dəstək göstərilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin inkişafında tərəfdaşlığın əhəmiyyətini qeyd edib. O, göstərilən dəstəyin universitetdə müasir təhsil mühitinin formalaşdırılmasına və tələbələr üçün yeni imkanların yaradılmasına töhfə verəcəyini vurğulayıb.
İmzalanan tərəfdaşlıq müqaviləsi çərçivəsində göstəriləcək dəstək Qarabağ Universitetinin inkişafına, tələbələr üçün daha əlverişli imkanların yaradılmasına və universitetin təhsil potensialının gücləndirilməsinə töhfə verəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin






