Filologiya elmləri doktoru Səfa Qarayev: “Sosial-antropologiya türkoloji istiqamətləri birləşdirə biləcək operator elmi istiqamət ola bilər”

Bu fikirləri AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayev “Azərbaycan türkologiya elmi: sələflər və xələflər” mövzusunda keçirilən gənc alimlərin respublika elmi konfransının plenar iclasında səsləndirib. Alim çıxış edərək bildirib ki, AMEA prezidenti akademik İsa Həbibbəylinin son illərdə türkologiyanın yalnız filoloji istiqamətlərlə məhdudlaşmaması, bütövlükdə humanitar və ictimai elmləri əhatə edən geniş elmi sistem kimi inkişaf etdirilməsi ilə bağlı irəli sürdüyü fikirlər müasir mərhələdə xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə aparılan müzakirələrdə diqqət yetirilməli olan əsas məsələlərdən biri türkologiyanın metodoloji gələcəyidir.@highlight
Səfa Qarayev qeyd edib ki, Birinci Türkoloji Qurultayın keçirildiyi 1926-cı il dünya humanitar elmlərinin fərqli metodoloji mərhələsinə təsadüf edirdi. Başqa sözlə, ötən yüz il ərzində dünyanın elmi-fəlsəfi diskursu dəyişmişdir. Həmin dövrdə elmi düşüncənin əsas istiqamətlərini pozitivizm, tarixi-müqayisəli metod, klassik filoloji məktəb, təkamülçü yanaşmalar və rasionalist-maarifçi dünyagörüşü müəyyənləşdirirdi. Türkologiyanın formalaşma mərhələsi də əsasən dilçilik, mətnşünaslıq, tarixi-filoloji araşdırmalar və mənşə problemlərinin öyrənilməsi üzərində qurulmuşdu. Sonrakı yüz il ərzində isə humanitar elmlərdə bir neçə böyük nəzəri dönüş baş vermişdir. Strukturalizm mədəni hadisələrin daxili quruluşunun öyrənilməsini ön plana çıxarmış, semiotika mədəniyyətin işarələr sistemi kimi araşdırılmasına imkan yaratmış, poststrukturalizm və diskurs nəzəriyyələri məna, bilik və hakimiyyət münasibətlərinin yeni izah modellərini formalaşdırmışdır. Sosial və mədəni antropologiya, performans nəzəriyyəsi, kollektiv yaddaş və identiklik tədqiqatları, psixoanalitik yanaşmalar, gender araşdırmaları və s. biliklərin predmetini və informativ dəıyərini əhəmiyyətli dərəcədə genişləndirmişdir.
Alimin sözlərinə görə, əgər Birinci Türkoloji Qurultayın keçirildiyi dövrdə əsas məqsəd türk xalqlarının dili, tarixi və mənşəyi haqqında biliklərin sistemləşdirilməsi idisə, bu gün qarşıda duran vəzifə həmin bilikləri müasir nəzəri-metodoloji yanaşmalar vasitəsilə yenidən şərh etməkdir. Bu baxımdan türkologiyanın gələcəyi yalnız ortaq keçmişin araşdırılması ilə deyil, həm də müasir elmi diskurslarla dialoq qurmaq bacarığı ilə müəyyənləşəcəkdir.
Səfa Qarayev bildirib ki, müasir mərhələdə əsas müzakirə mövzularından biri türkologiyanın hansı prinsiplər əsasında inteqrasiya olunacağı məsələsidir. Onun fikrincə, türkologiyanı yalnız ortaq tədqiqat obyekti və ya ortaq etnik mənşə ideyası ətrafında birləşdirmək kifayət etmir. Daha vacib məsələ müxtəlif türkoloji istiqamətləri vahid nəzəri-metodoloji platforma və ortaq epistemik sistem daxilində əlaqələndirməkdir. Çünki müasir elmdə inteqrasiyanı təmin edən əsas amil yalnız predmet birliyi deyil, həm də bilik istehsalının ortaq nəzəri prinsipləri və metodoloji əsaslarıdır. Bu baxımdan XXI əsrdə türkologiyanın qarşısında duran əsas vəzifələrdən biri ortaq keçmiş ideyası ilə yanaşı ortaq epistemik sistem modelinə keçidi təmin etməkdir.
Alim bildirmişdir ki, türkologiyanın gələcək inkişafı onun müxtəlif elm sahələrini özündə birləşdirən inteqrativ xarakterinin gücləndirilməsindən də asılıdır. Lakin belə bir inteqrasiya yalnız ortaq tədqiqat obyekti əsasında mümkün deyil. Bunun üçün türkoloji dilçilik, türkoloji folklorşünaslıq, türkoloji ədəbiyyatşünaslıq, türkoloji etnoqrafiya, türkoloji tarix, türkoloji fəlsəfə, türkoloji mədəniyyətşünaslıq və digər istiqamətləri bir araya gətirə biləcək ortaq nəzəri-metodoloji platformanın formalaşdırılması zəruridir.
Alimin fikrincə, uzun müddət türkologiyanın əsas inteqrasiyaedici istiqaməti tarixi-filoloji düşüncə olmuşdur. Lakin XXI əsrdə bu funksiyanı daha geniş spektrdə həyata keçirə biləcək yeni operator elmi istiqamətə ehtiyac vardır. Səfa Qarayev hesab edir ki, müasir mərhələdə bu funksiyanı ən uğurlu şəkildə sosial antropologiya yerinə yetirə bilər. Çünki sosial antropologiya kollektiv yaddaş, dil, identiklik, davranış modelləri, ritual sistemləri, sosial münasibətlər və mədəni transformasiya mexanizmlərini vahid nəzəri müstəvidə öyrənməyə imkan verir.
Onun sözlərinə görə, sosial-antropoloji diskurs müxtəlif türkoloji istiqamətlər arasında ortaq elmi dil formalaşdırmaq, fərqli sahələrdən əldə olunan bilikləri vahid nəzəri sistem daxilində əlaqələndirmək və ümumi metodoloji baza yaratmaq baxımından mühüm imkanlar açır. Bu halda türkoloji folklorşünaslıq, türkoloji ədəbiyyatşünaslıq, türkoloji etnoqrafiya, türkoloji tarix, türkoloji fəlsəfə, türkoloji dilçilik və digər istiqamətlər vahid “logiya” konsepti çərçivəsində fəaliyyət göstərə bilər. Beləliklə, türkologiya yalnız ortaq mənşə və ya ortaq obyekt ətrafında birləşən sahələrin məcmusu deyil, ortaq nəzəri-metodoloji platformaya və vahid epistemik sistemə malik inteqrativ elm sahəsi kimi inkişaf edə bilər.
Səfa Qarayev çıxışında folklorşünaslığın vəziyyətinə də toxunaraq bildirib ki, türk xalqlarının əksəriyyətində, xüsusilə postsovet məkanında, folklorşünaslıq hələ də əsasən toplama və təsvir etmə mərhələsində qalmaqdadır. Halbuki müasir dövrdə əsas vəzifə material toplamaq deyil, həmin materialları müasir nəzəri modellər vasitəsilə izah etməkdir. Folklorun sosial antropologiya, performans nəzəriyyəsi, semiotika, psixoanaliz və digər müasir metodoloji yanaşmalar əsasında araşdırılması həm türkoloji folklorşünaslığın, həm də bütövlükdə türkologiyanın nəzəri səviyyəsini yüksəldə bilər.
Alim sonda vurğulayıb ki, müasir dövrdə hər bir elm sahəsinin yaşamaq və inkişaf etmək qabiliyyəti onun yeni bilik istehsal etmək potensialı ilə müəyyən olunur. Bu baxımdan türkologiya yalnız ortaq tarixi və mədəni irsi öyrənən elm kimi deyil, yeni nəzəri müddəalar yaradan, qlobal elmi diskurslara töhfə verən və dünya elm-mədəniyyət sənayesinə yeni biliklər təqdim edən sistem kimi fəaliyyət göstərməlidir. Onun fikrincə, türkologiyanın gələcək inkişafı müxtəlif türkoloji istiqamətlərin, elmi məktəblərin və intellektual resursların vahid məqsəd ətrafında səfərbər edilməsindən asılıdır. Türkologiya öz varlığını yalnız keçmişin tədqiqi ilə deyil, müasir dünyanın elmi problemlərinə cavab verən yeni nəzəri yanaşmalar, konsepsiyalar və biliklər istehsal etməklə təmin edə bilər.https://folklor.az/az/news/706

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal dialoq mərkəzi və yeni geosiyasi reallıqların təqdimat platforması Şuşada keçirilən IV Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, qlobal gündəliyin mühüm məsələlərinin müzakirə olunduğu beynəlxalq platformaların təşəbbüskarı və təşkilatçısıdır. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər təkcə media sahəsinə dair baxışları deyil, həm də Azərbaycanın xarici siyasət kursunu, regional əməkdaşlıq modelini, nəqliyyat və enerji strategiyasını, beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi və gələcək inkişaf prioritetlərini əhatə edən geniş siyasi konsepsiyanı ortaya qoydu. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumunun iştirakçı coğrafiyasının hər il genişlənməsi bu təşəbbüsə beynəlxalq marağın davamlı şəkildə artdığını göstərir. Bu il 53 ölkədən 160 nümayəndənin, 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun və 10 beynəlxalq təşkilatın Forumda iştirakı Azərbaycanın yaratdığı dialoq platformasına olan etimadın göstəricisidir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşaya gəlməsi isə Forumun artıq qlobal media ailəsinin mühüm görüş məkanına çevrildiyini təsdiqləyir. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Forumun əsas məqsədi təkcə peşəkar fikir mübadiləsi aparmaq deyil, həm də dünyanın aparıcı media nümayəndələrinin Qarabağda aparılan bərpa və yenidənqurma prosesini öz gözləri ilə görməsinə şərait yaratmaqdır. Bu gün Şuşaya və Qarabağa gələn qonaqlar artıq dağıntıları deyil, yenidən qurulan şəhərləri, inşa olunan yaşayış məntəqələrini, doğma torpaqlarına qayıdan insanları müşahidə edirlər. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa siyasətinin ən təsirli təqdimatıdır. Forum zamanı dövlət başçısının toxunduğu əsas mövzulardan biri də Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi artan roluna həsr olundu. Prezident qeyd etdi ki, tranzit ölkəyə çevrilmək üçün yalnız coğrafi mövqe kifayət etmir. Bunun üçün güclü infrastruktur, etibarlı tərəfdaşlıq və qonşu dövlətlərlə sağlam münasibətlər vacib şərtdir. Azərbaycan son illərdə məhz bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının ayrılmaz hissəsinə çevrilib. Bu strategiyanın nəticəsi kimi ölkənin nəqliyyat imkanları davamlı şəkildə genişləndirilir. Xəzər hövzəsinin ən böyük dəniz ticarət limanının yükötürmə qabiliyyətinin 25 milyon tona çatdırılması, gəmiqayırma zavodunda yeni gəmilərin tikilməsi, Orta Dəhlizin artan yük axınına uyğunlaşdırılması Azərbaycanın gələcək onilliklər üçün hesablanmış inkişaf modelindən xəbər verir. Xüsusilə Yaxın Şərqdə baş verən geosiyasi proseslər fonunda Azərbaycanın təhlükəsiz və etibarlı logistika marşrutu kimi əhəmiyyətinin daha da yüksəlməsi dövlət başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri oldu. Prezident İlham Əliyev enerji diplomatiyasını da Azərbaycanın uğurlu xarici siyasət modelinin ayrılmaz hissəsi kimi qiymətləndirdi. Vaxtilə enerji layihələrinin həyata keçirilməsində nümayiş etdirilən çoxtərəfli əməkdaşlıq modeli bu gün nəqliyyat və logistika sahəsində də uğurla tətbiq edilir. Azərbaycan həm enerji təhlükəsizliyinə, həm də beynəlxalq yükdaşımaların sabitliyinə töhfə verən etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Forumun mühüm siyasi mesajlarından biri Azərbaycan-Türkiyə münasibətlərinə dair səsləndirildi. Prezident İlham Əliyev bir daha vurğuladı ki, iki ölkə arasındakı münasibətlər dünyada analoqu olmayan qardaşlıq və müttəfiqlik modelidir. Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlər hüquqi müttəfiqlik səviyyəsinə yüksəlib və bu əməkdaşlıq yalnız iki dövlət üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi və sabitliyi baxımından mühüm amildir. Dövlət başçısının ifadə etdiyi kimi, Türkiyə və Azərbaycan bir yerdə olduqda daha güclüdür və bu model digər ölkələr üçün də nümunə təşkil edir. Prezident çıxışında Azərbaycanın Avropa institutları ilə münasibətlərinə də geniş yer ayırdı. O, Avropa Komissiyası və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərdə yaranmış problemlərin səbəblərini diqqətə çatdıraraq, bəzi siyasi dairələrin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli yanaşmaları tənqid etdi. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarı olduğunu bir daha bəyan etdi. Çıxışın diqqətçəkən hissələrindən biri də Azərbaycanın artıq “orta güc” kimi qiymətləndirilməsi məsələsinə həsr olundu. Prezident İlham Əliyevin fikrincə, bu status yalnız iqtisadi və ya hərbi göstəricilərlə müəyyən olunmur. Milli maraqları müstəqil şəkildə müdafiə etmək bacarığı, təhlükələrə qarşı müqavimət göstərmək, regional və beynəlxalq proseslərə təsir imkanları, məsuliyyətli siyasət yürütmək və etibarlı tərəfdaş olmaq müasir dövrdə orta güc statusunun əsas meyarlarıdır. Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi iradə, iqtisadi dayanıqlıq, hərbi güc və diplomatik fəallıq bu meyarlara tam uyğun gəlir. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, müdafiə qabiliyyəti yalnız hərbi paradlarda nümayiş etdirilən texnika ilə deyil, real döyüş meydanında sübut olunmuş güclə ölçülür. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin həm hərbi potensialını, həm də siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi dialoqun, media əməkdaşlığının və geosiyasi müzakirələrin nüfuzlu mərkəzlərindən birinə çevrilib. Burada səsləndirilən fikirlər təkcə cari hadisələrin qiymətləndirilməsi deyil, həm də gələcək beynəlxalq əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən mühüm mesajlar kimi diqqət çəkir. Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın müasir inkişaf modelinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Güclü dövlət, müstəqil xarici siyasət, etibarlı tərəfdaşlıq, regional əməkdaşlıq, nəqliyyat və enerji təhlükəsizliyi, media diplomatiyası və milli maraqların qətiyyətlə qorunması bu siyasətin əsas sütunlarını təşkil edir. Şuşadan dünyaya ünvanlanan bu mesajlar Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, regional liderlik mövqeyini möhkəmləndirdiyini və qlobal proseslərdə söz sahibi olan dövlət kimi rolunu daha da gücləndirdiyini bir daha təsdiqlədi. Samirə Hüseynova Adəm qızı