Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin “beyin çürüməsi” ilə bağlı paylaşımını maraqla oxudum. İlk növbədə ona bu mövzunu ictimai müzakirəyə çıxardığına görə təşəkkür etmək istəyirəm. Əsl ziyalının missiyası da elə budur – cəmiyyəti düşündürmək, vacib problemləri açıq müzakirəyə çıxarmaq və həll yolları axtarmağa sövq etmək.
Rəşad müəllimin yazısında diqqətimi ən çox çəkən məqamlardan biri 85 yaşlı anasının əvvəllər ayda üç kitab oxuduğu halda, TikTok-dan istifadə etməyə başladıqdan sonra bu vərdişin xeyli zəifləməsi oldu. Bu, həqiqətən də düşündürücü nümunədir. Lakin hesab edirəm ki, bu məsələyə yalnız təhlükə kimi deyil, başqa prizmadan da baxmağa ehtiyac var.
Əsas sual budur: çıxış yolu nədir?
Tarixə nəzər salanda görürük ki, heç bir dövrdə yeni ünsiyyət vasitəsini günahlandırmaq cəmiyyəti inkişaf etdirməyib.
Həsən bəy Zərdabi ilk milli mətbuatı yaradanda, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını nəşr edəndə, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və digər böyük maarifçilər yeni düşüncəni cəmiyyətə gətirməyə çalışanda onları da qınayanlar az deyildi. Onlar da dövrünün “ənənələri pozanları”, “fitnə yaradanları” kimi təqdim olunurdular.
Bu gün həmin insanların adları Azərbaycan tarixinin ən şərəfli səhifələrində yaşayır.
Bəs onları qınayanlar?
Tarix onların adlarını belə xatırlamır.
Çünki tarix qınayanları yox, yaradanları yaşadır.
Bu gün də mahiyyət etibarilə heç nə dəyişməyib. Sadəcə vasitələr dəyişib. Dünən qəzet idi, sonra radio gəldi, televiziya gəldi, internet gəldi, Facebook, Instagram, TikTok meydana çıxdı. Sabah isə bunların yerini başqa platformalar tutacaq.
Texnologiyanın qarşısını almaq mümkün deyil.
Onu qadağan etməklə də problemi həll etmək mümkün deyil.
“Baxmayın”, “istifadə etməyin”, “bağlayaq” kimi çağırışlar nə realdır, nə də effektivdir. İnsan maraq göstərdiyi yerə gec-tez yenə də yol tapacaq.
Əksinə, düşünmək lazımdır ki, əgər 85 yaşlı bir insan kitabı bir kənara qoyub saatlarla qısa videolara baxırsa, deməli, burada təkcə təhlükə deyil, həm də böyük kommunikasiya imkanı var. İnsan artıq oradadır. O halda əsas sual platformanın özü yox, həmin platformada insanın qarşısına çıxan məzmundur.
Alqoritm təsadüfi işləmir. O, istifadəçi maraqlarına uyğun işləyir. Cəmiyyət nəyi izləyirsə, platforma da onu daha çox təqdim edir. Deməli, istifadəçi marağını zənginləşdirmək üçün cəmiyyətin bilik səviyyəsini, informasiya zövqünü və media savadlılığını yüksəltmək lazımdır.
Böyük maarifçilərimiz heç vaxt cəhalətlə cəhalətin dili ilə mübarizə aparmadılar. Onlar daha yaxşı qəzet yaratdılar, daha güclü fikir ortaya qoydular, daha sanballı söz söylədilər. Cəmiyyəti qadağalarla deyil, biliklə dəyişdirdilər.
Bu gün də çıxış yolu dəyişməyib.
Sosial şəbəkələrlə mübarizə aparmaq yox, onları keyfiyyətli məzmunla doldurmaq lazımdır.
Artıq bu məsələyə emosional reaksiyalarla deyil, sistemli dövlət və ictimai yanaşma ilə baxılmalıdır.
Bəs nə etməliyik?
Hesab edirəm ki, bu istiqamətdə ən azı aşağıdakı addımlar atılmalıdır:
• Dövlət səviyyəsində rəqəmsal maarifləndirmə və keyfiyyətli informasiya mühitinin inkişafına dair vahid strategiya hazırlanmalıdır.
• Azərbaycan dilində keyfiyyətli, maarifləndirici, elmi, hüquqi, mədəni və milli dəyərləri təbliğ edən rəqəmsal məzmunun istehsalı və yayılması təşviq olunmalıdır.
• Ziyalıların, alimlərin, müəllimlərin, həkimlərin, hüquqşünasların, jurnalistlərin, mədəniyyət və incəsənət nümayəndələrinin sosial media platformalarında daha fəal iştirakı dəstəklənməlidir.
• Məktəblərdə və ali təhsil müəssisələrində rəqəmsal media savadlılığı, informasiya təhlükəsizliyi və tənqidi düşünmə bacarıqları sistemli şəkildə inkişaf etdirilməlidir.
• Faydalı və ictimai əhəmiyyətli rəqəmsal məzmun istehsalçıları müxtəlif təşviq və dəstək mexanizmləri vasitəsilə stimullaşdırılmalıdır.
İnsanlara yalnız “buna baxma” demək kifayət deyil.
Onlara baxmağa dəyəcək məzmun təqdim etmək lazımdır.
Əgər bu gün bizi narahat edən mənzərə varsa, bütün məsuliyyəti yalnız pis məzmun hazırlayanların üzərinə qoymaq doğru olmaz. Daha doğru sual budur:
Biz yaxşı məzmunun görünməsi üçün nə etmişik?
Problemləri sadalamaq kifayət deyil.
Hərəkətə keçmək lazımdır.
Çünki cəmiyyətləri qınayanlar yox, onlara yeni yol göstərənlər dəyişdirirlər.
Tarix bunu dəfələrlə sübut edib.
Pis məzmunu söymək yox, yaxşı məzmun yaratmaq lazımdır.
Çünki tarix qınayanları deyil, yaradanları xatırlayır.
İndi isə bunu rəqəmsal dünyada sübut etmək növbəsi bizimdir.
Ombudsman Aparatının Mətbuat Katibi
Araz Əsgərli
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

