Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizin regionla iqtisadi, nəqliyyat, enerji və investisiya əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, deputat Azər Badamov “Yeni fikir”ə açıqlamasında bildirib ki, Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması Mərkəzi Asiya regionunun iqtisadi və siyasi əməkdaşlıq coğrafiyasının Cənubi Qafqaza qədər genişlənməsi baxımından mühüm hadisədir.

Deputatın sözlərinə görə, Azərbaycanın formatda tamhüquqlu iştirak etməsi ölkələr arasında iqtisadi əməkdaşlıq imkanlarının dərinləşməsinə, qarşılıqlı ticarətin və investisiyaların artmasına şərait yaradır. O qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr siyasi müstəvi ilə yanaşı, iqtisadiyyat, nəqliyyat, enerji və investisiya sahələrində də sürətlə inkişaf edir.

Azər Badamov Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faiz artmasını müsbət göstərici kimi qiymətləndirib. Onun sözlərinə görə, mövcud potensial daha böyükdür və qarşıdakı illərdə Azərbaycan məhsullarının Mərkəzi Asiya bazarlarında daha geniş təmsil olunması mümkündür.

“Burada əsas məqsəd ixracın şaxələndirilməsi və daha çox əlavə dəyər yaradan məhsulların xarici bazarlara çıxarılması olmalıdır. Azərbaycanın kənd təsərrüfatı və qida məhsulları, emal sənayesi, tekstil, kimya və digər qeyri-neft sənaye məhsulları üçün Mərkəzi Asiya bazarlarında geniş imkanlar mövcuddur”, – deyə deputat vurğulayıb.

O bildirib ki, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondlar yeni layihələrin maliyyələşdirilməsi, sahibkarlığın dəstəklənməsi və qarşılıqlı investisiyaların artırılması baxımından mühüm imkanlar yaradır. Qarşılıqlı investisiyaların artmasının birgə müəssisələrin yaradılmasına, istehsal imkanlarının genişlənməsinə və yeni texnologiyaların tətbiqinə şərait yaratdığı qeyd olunub.

Deputat Orta Dəhlizin də Azərbaycanın iqtisadi imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, dəhliz vasitəsilə yükdaşımaların artması Azərbaycanın logistika və nəqliyyat imkanlarından əldə etdiyi gəlirlərin yüksəlməsinə, yeni logistika mərkəzləri, anbar kompleksləri və xidmət sahələrinin yaradılmasına imkan verir. Bu isə qeyri-neft iqtisadiyyatının inkişafına əlavə təkan yaradır.

Azər Badamov Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında birgə istehsal layihələrinin də genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Xankəndidə Özbəkistanla birgə trikotaj fabrikinin istifadəyə verilməsini və birgə avtomobil istehsalı müəssisələrinin yaradılması ilə bağlı layihələri qeyd edib.

Deputat hesab edir ki, bundan sonra əlavə dəyər yaradan, ixracyönümlü və texnologiyaya əsaslanan istehsal sahələrinə üstünlük verilməlidir. Qida sənayesi, tekstil, avtomobil sənayesi və kənd təsərrüfatı məhsullarının emalı bu baxımdan perspektivli istiqamətlər kimi qiymətləndirilir.

Azər Badamov Azərbaycanın Mərkəzi Asiya enerji resurslarının Avropa bazarlarına çıxarılmasında tranzit rolunun da genişləndiyini bildirib. O qeyd edib ki, Türkmənistan və Qazaxıstanın enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması istiqamətində layihələr həyata keçirilir. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində işlər aparılır.

Onun sözlərinə görə, bu layihələrin reallaşması Azərbaycanın enerji və tranzit mərkəzi kimi strateji mövqeyini daha da gücləndirə bilər.

Deputat əlavə edib ki, Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığın genişlənməsi yeni müəssisələrin yaradılmasına, investisiyaların artmasına və regionlarda iqtisadi fəallığın yüksəlməsinə də təsir göstərəcək. Birgə müəssisələrin yaradılması yeni iş yerlərinin açılmasına, nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşməsi isə yeni logistika mərkəzlərinin və xidmət müəssisələrinin formalaşmasına imkan verəcək.

Azər Badamov Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığın genişlənməsini yalnız xarici ticarətin artması deyil, həm də yeni investisiyalar, müəssisələr və iş yerləri yaradan uzunmüddətli iqtisadi inkişaf amili kimi qiymətləndirib.

Şəlalə Camal

Reaksiyalar:

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın