Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizin region dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcıdır.
Deputat Pərvanə Vəliyeva “Yeni fikir”ə açıqlamasında bildirib ki, Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ölkənin xarici siyasətinin mühüm nailiyyətlərindən olmaqla yanaşı, Xəzərin iki sahilində yerləşən dövlətlər arasında əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır.
Onun sözlərinə görə, ənənəvi C5 formatının Azərbaycanın iştirakı ilə C6 modelinə çevrilməsi siyasi dialoqun genişlənməsi ilə yanaşı, parlament diplomatiyasının imkanlarını da artırır. Parlamentlərarası dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi, qarşılıqlı səfərlərin və görüşlərin intensivləşdirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin institusional əsaslarının möhkəmlənməsinə xidmət edə bilər.
Deputat qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı üçün möhkəm tarixi və mədəni əsaslar mövcuddur. Ortaq türk kökləri, dil və mədəni yaxınlıq xalqlar arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan parlament diplomatiyasının yalnız siyasi məsələlərlə məhdudlaşmaması, iqtisadi, sosial və humanitar sahələrdə birgə təşəbbüsləri də əhatə etməsi vacibdir.
Pərvanə Vəliyeva təhsil, elm, mədəniyyət və gənclər sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də böyük potensialın olduğunu bildirib. Onun sözlərinə görə, tələbə və müəllim mübadiləsinin artırılması, birgə elmi layihələrin həyata keçirilməsi, mədəni tədbirlərin təşkili və gənclər proqramlarının genişləndirilməsi xalqlar arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Deputat xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən layihələrlə bu istiqamətlərin əlaqələndirilməsinin əməkdaşlığın səmərəsini artıra biləcəyini vurğulayıb. O qeyd edib ki, C6 formatı ilə Türk Dövlətləri Təşkilatının gündəliyində nəqliyyat, iqtisadiyyat, rəqəmsal bağlantılar, təhsil və humanitar sahələr üzrə bir sıra ortaq istiqamətlər mövcuddur.
Pərvanə Vəliyeva Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə yüksəlməsinin ölkəmizin regional əməkdaşlıqda rolunun artdığını göstərdiyini bildirib. Onun sözlərinə görə, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əlaqələrin möhkəmlənməsinə yeni imkanlar yaradır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
