AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva Rusiyanın Barnaul şəhərində yerləşən Altay Dövlət Universitetində keçirilən “İsmayıl Qaspıralı: maarifçi, naşir, pedaqoq” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.Alim konfrans çərçivəsində “İsmayıl Qaspıralının türk xalqlarının maariflənməsində rolu (Azərbaycan nümunəsində)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XIX əsrin sonu – XX əsrin əvvəllərində türk dünyasının görkəmli maarifçisi və publisisti İsmayıl Qaspıralının fəaliyyətinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatına təsiri geniş şəkildə təhlil olunub.

Çıxış zamanı Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipi və “üsul-i cədid” təhsil modelinin türk xalqları arasında yeni maarifçilik hərəkatının formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, onun təşəbbüsü ilə yaradılan yeni tipli məktəblər və “Tərcüman” qəzeti təkcə Krımda deyil, Qafqazda, o cümlədən Azərbaycanda müasir təhsil və ictimai fikrin inkişafına ciddi təsir göstərib.

Məruzədə qeyd olunub ki, Qaspıralının ideyaları Azərbaycan maarifçiləri tərəfindən rəğbətlə qarşılanıb, milli mətbuatın, dünyəvi təhsilin və yeni ziyalı nəslinin formalaşmasına təkan verib. Həmçinin bu ideyaların milli dövlətçilik düşüncəsinin inkişafında da mühüm rol oynadığı diqqətə çatdırılıb. Xüsusilə Məhəmməd Əmin Rəsulzadə və digər siyasi-intellektual liderlərin dünyagörüşündə Qaspıralının mədəni birlik, maariflənmə və modernləşmə ideyalarının təsiri hiss olunur.

Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlərlə türk dünyasının ortaq intellektual irsi, maarifçilik ənənələri və humanitar tədqiqatların perspektivləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, bu iştirak AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun beynəlxalq elmi əməkdaşlığının genişlənməsinə və Azərbaycan elminin beynəlxalq akademik mühitdə tanıdılmasına növbəti töhfə kimi qiymətləndirilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir