ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Jared Kuşner Kiyevə səfər etməyə hazırlaşır. Ukraynalı ekspertlərdən bəziləri səfərin dostluq xarakterli deyil, Kiyevə güzəştlərlə bağlı təzyiq məqsədi daşıya biləcəyini düşünür.
“NATO-da Ukrayna” ictimai təşkilatının rəhbəri Yuri Romanyuk “Qaliçina” telekanalında çıxışında ABŞ administrasiyasının müharibənin real şəkildə başa çatmasına çalışmadığını, yalnız tərəflərdən birinə təzyiq göstərdiyini iddia edib.
“Onlar Rusiya Federasiyasını məcbur etmirlər, yalnız Ukraynaya təzyiq göstərirlər”, – Romanyuk bildirib.
O, Uitkoff və Kuşnerin Kiyevə səfərinin Ukraynaya sülh gətirəcəyinə ümid edənləri tənqid edib və onların səfərinin əksinə, təzyiqi artıracağından narahatlığını ifadə edib.
Romanyukun sözlərinə görə, əsas problemlərdən biri Ukraynada hava hücumundan müdafiə sistemlərinin çatışmazlığıdır. O, xüsusilə “Patriot” sistemlərinin verilməməsinin ölkənin müdafiə imkanlarını zəiflətdiyini bildirib.
Ekspert Rusiyanın ballistik raket istehsalını artırdığını və yaxın gələcəkdə ayda 200 raket buraxa biləcəyini iddia edib. Onun fikrincə, lazımi hava hücumundan müdafiə təmin edilməsə, qış aylarında Ukraynanın enerji infrastrukturu və iqtisadiyyatı ciddi zərər görə bilər.
Romanyuk hesab edir ki, belə vəziyyətdə ABŞ Kiyevə əlavə müdafiə dəstəyi vermək əvəzinə, münaqişənin başa çatdırılması ilə bağlı öz planını qəbul etdirməyə çalışa bilər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

