Rusiyalı Endokrinoloq Maksim Kuznetsov tez-tez bədəndə ödem yaranan şəxslərə bir sıra tövsiyələr verib.
Həkimin sözlərinə görə, ilk növbədə duzlu qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır. Gündəlik duz miqdarı 5 qramı keçməməlidir. Bu göstəriciyə yeməyə əlavə olunan duzla yanaşı, pendir və kolbasa kimi məhsulların tərkibində olan “gizli” duz da daxildir.
Kuznetsov su balansının düzgün qorunmasının da vacib olduğunu bildirib. Sidiyin açıq rəngdə olması orqanizmin kifayət qədər maye qəbul etdiyini göstərə bilər. Tünd rəng isə maye çatışmazlığının əlaməti ola bilər. Həkim həmçinin giləmeyvə və meyvələrin ölçülü şəkildə istehlak edilməsini tövsiyə edib.
Ödemin qarşısının alınması üçün ümumi kalori qəbulunun azaldılması, yağsız ət növlərinə üstünlük verilməsi məsləhət görülür. Marinadların hazırlanmasında mayonez və yağlardan istifadəni məhdudlaşdırmaq da tövsiyə olunur.
Qeyd edək ki, tez-tez və ya səbəbsiz yaranan ödem müxtəlif xəstəliklərlə əlaqəli ola bilər və belə hallarda həkim müayinəsi vacibdir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

