Azərbaycanın görkəmli şərqşünas alimlərindən biri olan Məhəmməd Ağaoğlu 1896-cı ildə İrəvan şəhərində anadan olub.O, zəngin elmi fəaliyyəti və İslam mədəniyyəti və incəsənətinin tədqiqinə verdiyi töhfələrlə tanınıb.
Məhəmməd Ağaoğlu 1916 cı ildə Moskva Dövlət Universitetini, 1926 cı ildə isə Vyana Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız və yunan dillərini bilən alim geniş dünyagörüşü ilə seçilib.
Universitet təhsilindən sonra Şərq mədəniyyəti və İslam incəsənətini araşdırmaq məqsədilə Türkiyə, İran, Suriya və Orta Asiyaya səfərlər edib. 1918–1920 ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesində fəal iştirak edib. Bakıda “İstiqbal” muzeyinin yaradılmasına rəhbərlik edib, arxeologiya və etnoqrafiya cəmiyyətlərinin təşkilində iştirak edib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Məhəmməd Ağaoğlu Türkiyə və Avstriyada yaşayıb. 1929-cu ildə ABŞ-a köçərək ömrünün sonunadək burada fəaliyyət göstərib.
ABŞ-da elmi fəaliyyətini davam etdirən Ağaoğlu Detroyt Universitetində İslam mədəniyyəti şöbəsi, daha sonra isə İslam incəsənəti qalereyası yaradıb. 1933–1938 ci illərdə universitetdə Şərq xalqları mədəniyyəti kafedrasının professoru olub.
1934 cü ildə “Art İslamica” (“İslam incəsənəti”) elmi jurnalını təsis edən Məhəmməd Ağaoğlu ömrünün sonunadək jurnalın redaktoru olub. O, İslam incəsənəti və Şərq mədəniyyəti ilə bağlı 50-dən artıq elmi əsərin müəllifidir.
Alimin əsas əsərləri arasında “İslam incəsənəti tarixi” (İstanbul, 1928), “XV əsrdə İranda kitab çapı” Miçiqan, 1935), “Səfəvilər dövrünün manufaktura və xalçaları” (Nyu-York, 1941 kimi monoqrafiyalar xüsusi yer tutur.
Məhəmməd Ağaoğlu 1949-cu ildə ABŞ da vəfat edib və orada dəfn olunub.İrəvanda dünyaya gələn bu azərbaycanlı alim həyatının böyük hissəsini müxtəlif ölkələrdə elmi fəaliyyətə həsr edərək İslam mədəniyyəti və incəsənətinin dünya miqyasında öyrənilməsinə mühüm töhfələr verib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

