UNESCO-nun Dünya Mədəni İrsi siyahısında yer alan Hattuşa Antik Şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 3 800 il əvvələ aid olduğu düşünülən anbar və ticarət mərkəzi aşkarlanıb.
Türkiyənin Çorum vilayətinin Boğazkale rayonunda yerləşən və 8 min illik tarixə malik Hattuşada aparılan qazıntılara Almaniya Arxeologiya İnstitutunun adından professor Andreas Şaxner rəhbərlik edir.
Araşdırmalar zamanı Kral Sarayı ilə Böyük Məbəd arasında yerləşən Büyükkale şimal-qərb yamacında Hetlərdən əvvəlki dövrə, yəni Assur Ticarət Koloniyaları Çağına aid tikililər müəyyən edilib.
Dik yamacda terraslama üsulu ilə yerləşdirilmiş 16 böyük küpün aşkarlandığı ərazidə qazıntılar davam etdirilir.
“E.ə. 1800–1750-ci illərə aiddir”
Qazıntı rəhbəri Andreas Şaxner aşkarlanan anbar mərkəzinin e.ə. 1800–1750-ci illərə aid ola biləcəyini bildirib.
Şaxnerin sözlərinə görə, Hetlərdən əvvəl şəhər “Hattuş” adlanırdı və həmin dövrdə Aşağı Şəhər ərazisində assuriyalı tacirlərin koloniyası fəaliyyət göstərirdi.
“Böyük küplərdə Orta Tunc dövründə, Karum çağında ərzaqlar və tarlalardan gətirilən məhsullar saxlanılırdı”, – deyə Şaxner bildirib.
Torpaq sürüşməsinin izləri aşkarlandı
Mütəxəssislər ərazinin keçmişdə böyük torpaq sürüşməsinə məruz qaldığını müəyyənləşdiriblər. Təbii fəlakət nəticəsində tikilinin dağıldığı, daha sonra isə Hetlərin həmin ərazidə yeni binalar inşa etdiyi bildirilir.
Şaxner qeyd edib ki, yamacda aparılan araşdırmalar qədim insanların təbiətin yaratdığı çətinliklərlə necə mübarizə apardığını göstərir.
Aşkarlanan küplərin içərisində palçıq və torpaq qalıqları tapılıb. Saxlanılan məhsulların növünü müəyyənləşdirmək üçün arxeobotaniki tədqiqatlara başlanılacaq.
Mütəxəssislər hesab edirlər ki, tapıntılar Hetlərdən əvvəlki dövrdə bölgənin ticarət və iqtisadi həyatı haqqında mühüm məlumatlar verə bilər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

