Kiş kəndi bu mənzərədə elə bil Böyük Qafqazın iki yaşıl qanadı arasında qorunan qədim bir sirr təsiri bağışlayır. Dağlar kəndi qucaqlayıb — sanki əsrlərin keşiyini çəkən nəhəng əsgərlər kimi susqun dayanıb. Uzaqda qarla örtülmüş zirvələr göy üzünə toxunur, onların ağappaq alnında Tanrının sükutu var.
Daşlı-kəsəkli cığır kəndin ürəyinə doğru enir. Bu yol adi yol deyil — min illərin ayaq izlərini, köçlərin tozunu, dağ adamlarının yorğun nəfəsini daşıyan bir yaddaşdır. Yolun hər daşı günəş altında yanıb közərən tarix parçasına bənzəyir.
Evlər yaşıllığın içində sanki torpağın sinəsinə səpilmiş xatirələrdir. Paslı damların altında neçə-neçə ömür yaşayıb, neçə ana layla deyib, neçə ocaq tüstüsü göyə qarışıb… Kəndin sakitliyində qəribə bir müqəddəslik duyulur — elə bil burada zaman tələsmir, əsrlər addımlarını asta atır.
Dağların yamaclarını bürüyən sıx meşələr isə yazın nəfəsidir. Yaşıllıq o qədər canlıdır ki, sanki torpaq yenidən doğulur. Külək ağacların arasından keçdikcə görünməz bir sazın tellərinə toxunur kimi həzin bir musiqi yaradır.
Göy üzü sonsuz maviliyi ilə kəndin üstünə açılmış ilahi bir günbəzə bənzəyir. Buludlar zirvələrin başında asta-asta dolaşır — elə bil qədim əfsanələrin ruhları hələ də bu dağları tərk etməyib.
Bu mənzərə sadəcə təbiət deyil. Bu, Azərbaycanın ruhudur — daşda, dağda, ağacda, dumanda yaşayan əbədi bir yaddaş. Kiş burada bir kənddən çox, insanın içində oyatdığı həsrət və heyranlıqdır.
Böyük Qafqazın sinəsinə sığınmış Kiş kəndi elə bil zamanın yorulmuş yaddaşıdır. Minilliklərin səsi bu kəndin daşlarında yatır, bulaqlarının zümzüməsində danışır, dağlarının başında ağappaq duman kimi dolaşır. Deyirlər, Kişin tarixi altı min ilə söykənir. Bu kənd yalnız bir yaşayış məntəqəsi deyil — o, Azərbaycanın qədim ruhunun nəfəs aldığı müqəddəs bir məkandır.
Yanvar ayında ilk dəfə yolum Kişə düşəndə təbiət tamam başqa libasda idi. Böyük Qafqazın qarlı zirvələri göy üzünə dirənmişdi. Ağappaq qar dağların alnında müqəddəs bir tac kimi parıldayırdı. Təbiətin çılpaqlığında qəribə bir əzəmət vardı. Sanki qış bu kəndi yuxuya verib minillik xatirələrini qoruyurdu.
Bu dəfə isə Kiş bizi yazın ən gözəl çağında qarşıladı. Dağlar yaşıl donunu geyinmişdi. Xan Yaylağına qalxan yol yaşıllığın içində itib-batırdı. Çəmənlər sanki baharın xalçasına çevrilmişdi — qırmızı lalələr, sarı çiçəklər, bənövşəyi dağ gülləri torpağın üzərinə səpilmiş rəng damcılarını xatırladırdı. Külək çiçəklərin qoxusunu dağların nəfəsi ilə qarışdırıb kəndə yayırdı.
Gedəcəyimiz ünvan Kiş kəndinin qədim Tataruşağı məhəlləsi idi. Bu məhəllə sərt dağ yamacına sığınıb. Ora qalxan daş döşəməli yol sanki keçmişdən gələn bir cığırdır. Yolun daşlarının arasından axan bulaq suyu isə təbiətin pıçıltısı kimi sakit və şəffaf idi. Elə bil dağ özü danışırdı.
Bələdçimiz Mirəli həkim və Tahir müəllim idi — onlar bu kəndin yetirmələridi. Mirəli doktor indi şəhərdə, Tahir müəllim isə hələ də doğma Kiş kəndində yaşayır. Mirəli doktor Bakıda yaşasa da, kəndin hər daşıyla, hər ağacıyla doğma adam kimi danışırdı. Biz yoxuş yuxarı qalxdıqca nəfəsimiz ağırlaşırdı, amma gözlərimiz önündə açılan mənzərə bütün yorğunluğu unutdururdu.
Məhəllənin yuxarı başında artıq yaşayış olmayan bir hissəyə çatdıq. Burada Mirəli doktorun qardaşı Saleh bəyə məxsus gözəl bir bağ vardı. O bağ baharın canlı tablosunu xatırladırdı. Otlar dizə qalxmışdı. Armud ağacları ağ örpəyə bürünmüş gəlinlər kimi çiçək açmışdı. Almalar isə hələ utancaq körpələr kimi yeni düymələnirdi. Ağacların düzülüşündə qəribə bir nizam vardı — sanki parad meydanında “pfarağat” komandasında dayanmış əsgərlər idi.
Elə bu anda Mirəli həkim sakitcə dedi:
— Azərbaycanın tanınmış şairi Vaqif Aslanın evi buradadır…
Bu xəbər dağ havası kimi qəfil və təmiz gəldi. Mən elə bilirdim ki, şair Bakıda yaşayır. Sən demə, o, Kişin zirvəsində — buludlara ən yaxın nöqtədə məskən salıb. Şairin yurdu da ruhu ilə həmahəng idi — qartal həmişə zirvədə məskən salar, zirvədə yuva qurar…
Əlbəttə, biz şairi ziyarət etdik. Onun evi dağların qoynunda qəribə bir tənhalıq içində dayanmışdı. Sanki bu evin pəncərələri yalnız təbiətə açılırdı. Şairin səhhətində müəyyən problemlər olsa da, söhbəti diri idi, ruhu isə dağ bulağı qədər saf idi.
Bir saatdan artıq çay süfrəsi arxasında oturduq. Vaqif Aslan danışdıqca elə bil sözlər dağların sinəsindən süzülürdü. Onun hər fikrində türk ruhunun nəfəsi, qədim inancların kölgəsi, vətən sevgisinin alovu duyulurdu. Söhbət əsnasında şair maraqlı bir sual səsləndirdi: bu, bəlkə də Azərbaycanın dünyaya verməli olduğu ən mühüm mesaj idi — tarixən biz bütpərəst, xristian, sonda isə müsəlman olmuşuq, amma 6 min ildir xristian dininə mənsub olan Alban məbədini qoruyub saxlamışıq, dağıtmamışıq — niyə? Bu, hər millətə xas olan böyüklük deyil:

Vaqif Aslan
Günəşi bayraqtək sancmışıq göyə.
Türkoğlu, bir dikəl, ona dur yiyə.
Ruhu əcdadının şad olsun deyə
Titrə, özünə dön, millətim mənim!
Sənin tarixin var, bəndü-bara daşın var,
Daşdan da dözümlü qan yaddaşın var.
Hələ qabağında ər savaşı var,
Titrə, özünə dön, millətim mənim!
Titrə, özünə dön, millətim mənim!!!
Vaqif Aslan haqqında danışarkən vurğulamaq vacibdir ki, o, yalnız şair, dramaturq, publisist və müəllim deyil — həm də zamanın keşiyində dayanan bir yaddaşdır. Onun “Türk xalqlarının ədəbiyyatı üzrə mühazirələr” kitabı da məhz bu yaddaşın elmi və mənəvi ifadəsidir. Kitabın hər səhifəsində türk xalqlarının qədim mifologiyası, ortaq düşüncə sistemi, mənəvi kökləri yaşayır.
Şairlə vidalaşıb kəndə doğru enəndə daşlı-kəsəkli yollar yenidən qarşımıza çıxdı. Bu yollar bir tərəfdən çətin idi, digər tərəfdən isə kəndin xarakterinə çevrilmişdi. Kişə rahat gəlmək olmur, bu kənd insanı sınaqdan keçirir. Buraya gəlmək üçün yolun yorğunluğunu, dağın sərtliyini, daşların narahatlığını qəbul etməlisən. Amma elə buna görə də Kiş qiymətlidir.
Şairin bizə verdiyi məlumata görə, bu kənd Böyük Qafqazın qoynunda gizlənmiş bir xəzinədir. Burada qədim Alban məbədi əsrlərin içindən boylanır. İngiltərənin Kral Akademiyasında aparılan araşdırmalar həmin məbəddən götürülən nümunələrin minilliklərə dayandığını təsdiqləyib. Kiş yalnız tarix deyil — daşlaşmış zamanın özüdür.
Marxal, Xan Yaylağı, buz kimi bulaqlar, meşələr, dağ çayları… Tanrı burada xəsislik etməyib — palitrasının bütün rənglərini bu vüqarlı dağların sinəsinə çəkib. Kiş ilin bütün fəsillərində gözəldir. Yazda yaşıl bir nağıl, yayda sərin bir cənnət, payızda qızılı bir tablo, qışda isə ağappaq bir dastandır — qış nağılıdır.
Amma bütün bu gözəlliklərin içində bir nisgil də yaşayır — biz bunu unutmamalı, vacib bir sıxıntı kimi yaddaşa yazmalı və həllini planlamalıyıq. Kənd boşalır. İnsanlar doğma yurdlarını tərk edirlər. Çünki həyat burada çətindir. Halbuki Kiş böyük turizm potensialına malikdir. Bir neçə kilometrlik yolun təmiri, bir qədər abadlıq işi bu kəndi Azərbaycanın ən məşhur turizm məkanlarından birinə çevirə bilər.
Kiş kəndi bir şeir kimidir. Onu uzaqdan oxumaq olar, amma ruhunu duymaq üçün mütləq o daş yollarla qalxmalı, bulaq suyundan içməli, dağ küləyini nəfəsinə çəkməli və Vaqif Aslan kimi bir şairin söhbətinə qulaq asmalısan.
Çünki bəzi kəndlər xəritədə görünmür — onlar insanın qəlbində yaşayır. Kiş də elə kəndlərdəndir, amma o, xəritədə də kifayət qədər böyük hərflərlə yazılıb.
Prezident İlham Əliyevin kənd təsərrüfatı və regionların inkişafı ilə bağlı bu günlərdə keçirdiyi müşavirələrdə səsləndirdiyi fikirlər, əslində, Kiş kəndi kimi qədim yaşayış məntəqələrinin gələcəyi üçün də mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının kəndlərin sosial rifahının yüksəldilməsi, kənd təsərrüfatının inkişafı, turizm imkanlarının genişləndirilməsi və bölgələrdə infrastrukturun yenilənməsi ilə bağlı verdiyi tapşırıqlar Kiş kəndinin də taleyi ilə birbaşa səsləşir. Çünki Kiş yalnız qədim tarixə malik bir kənd deyil, həm də təbiət, kənd təsərrüfatı və turizm potensialını özündə birləşdirən nadir məkanlardan biridir. Burada yolların yenilənməsi, kənd turizminin inkişaf etdirilməsi və yerli əhalinin məşğulluq imkanlarının artırılması Prezidentin müəyyən etdiyi inkişaf istiqamətlərinin real tətbiq nümunəsinə çevrilə bilər.
Akif NƏSİRLİ
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

