Azərbaycan ilə Latviya arasında münasibətlər müstəqilliyin ilk illərindən etibarən formalaşaraq bu günə qədər ardıcıl inkişaf yolu keçmişdir. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımış, 1994-cü ildə diplomatik münasibətlər qurulmuş, sonrakı dövrdə qarşılıqlı səfirliklərin fəaliyyətə başlaması ilə əlaqələr institusional xarakter almışdır. Siyasi dialoq, qarşılıqlı səfərlər və müxtəlif sahələri əhatə edən əməkdaşlıq nəticəsində Azərbaycan–Latviya münasibətləri etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, iqtisadi, humanitar və regional əməkdaşlıq istiqamətlərində davamlı inkişaf edən çoxşaxəli əməkdaşlıq modelinə çevrilmişdir.

2026-cı il aprelin 22-də Bakıda keçirilən yüksək səviyyəli görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Latviya münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsas konturlarını müəyyənləşdirdi. İlham Əliyev və Edqars Rinkeviçs arasında aparılan danışıqlar bir daha təsdiq etdi ki, mövcud strateji tərəfdaşlıq artıq konkret iqtisadi və siyasi nəticələr müstəvisinə keçməkdədir. Prezident İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, bu görüş ikitərəfli münasibətlərin daha da gücləndirilməsinə və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək. Dövlət başçısı qeyd etdi ki, həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərdə ikitərəfli gündəliyin bütün əsas istiqamətləri, eləcə də beynəlxalq məsələlər ətraflı müzakirə olunub. Bu isə tərəflər arasında dialoqun sistemli və məzmunlu xarakter daşıdığını göstərir.
Bəyanatda xüsusi yer tutan məqamlardan biri iki ölkə arasında mövcud olan möhkəm hüquqi çərçivədir. Prezident İlham Əliyev vurğuladı ki, Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin ən yüksək səviyyəyə yüksəlməsini təmin edən əsas sənəddir və tərəflər bu baza üzərində əməkdaşlığı davamlı şəkildə genişləndirirlər. Bu yanaşma göstərir ki, Azərbaycan–Latviya münasibətləri təsadüfi deyil, uzunmüddətli və sistemli siyasətin nəticəsidir. İqtisadi əməkdaşlıq və investisiya məsələləri bəyanatın əsas istiqamətlərindən biri kimi çıxış edir. Dövlət başçısı qeyd etdi ki, cəmi bir həftə əvvəl Qarabağda, Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclasında çox perspektivli planlar müzakirə olunub. Bu, əməkdaşlığın coğrafiyasının genişləndiyini və artıq azad olunmuş ərazilərin də iqtisadi əməkdaşlıq xəritəsinə daxil edildiyini göstərir. Bakıda təşkil olunan Azərbaycan–Latviya biznes-forumu isə bu prosesin praktik davamı kimi qiymətləndirilir. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, işgüzar dairələr arasında qurulan əlaqələr konkret müqavilələrlə nəticələnəcək. O, həmçinin vurğuladı ki, qarşılıqlı sərmayələr hər iki ölkə üçün ciddi iqtisadi nəticələr verə bilər və bu istiqamətdə həm dövlət, həm də özəl sektor fəal iştirak etməyə hazırdır.
Bəyanatda diqqət çəkən digər mühüm məqam qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsi ilə bağlı razılaşmadır. Bu yanaşma şirkətlərin fəaliyyətini daha səmərəli planlaşdırmasına və investisiya imkanlarından daha effektiv istifadə etməsinə şərait yaradacaq. Dövlət başçısı açıq şəkildə bildirdi ki, bu addımlar hazırda arzu olunan səviyyədə olmayan ticarət dövriyyəsinin artırılması üçün mühüm zəmin formalaşdıracaq. Nəqliyyat sahəsində əməkdaşlıq da bəyanatda öz əksini tapıb. Xüsusilə birbaşa uçuşların təşkili məsələsinin gündəmə gətirilməsi tərəflərin əlaqələri daha da intensivləşdirmək niyyətindən xəbər verir. Mövcud qlobal şəraitdə bu təşəbbüs həm iqtisadi, həm də turizm və humanitar əlaqələrin inkişafına əlavə təkan verə bilər. Humanitar istiqamətdə isə Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayı xüsusi qeyd olunub. Prezident İlham Əliyev bu faktoru iki ölkə arasında insanlararası əlaqələrin inkişafının mühüm göstəricisi kimi qiymətləndirib. Bu, gələcək əməkdaşlıq üçün sosial və intellektual baza formalaşdıran amillərdən biridir.
Bəyanatın mühüm hissəsi regional və beynəlxalq məsələlərə həsr olunub. Prezident İlham Əliyev Cənubi Qafqazda baş verən proseslər, xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi barədə ətraflı məlumat verib. O qeyd edib ki, artıq müəyyən mərhələdə de-fakto sülh mühiti formalaşıb və bu proses siyasi iradə, strateji baxış və beynəlxalq hüquqa əsaslanan yanaşmanın nəticəsidir. Dövlət başçısı bu təcrübənin digər münaqişəli bölgələr üçün də nümunə ola biləcəyini vurğulayıb.
Sonda Prezident İlham Əliyev ölkələr arasında münasibətlərin möhkəm əsaslara söykəndiyini bir daha qeyd edərək, bu əlaqələrin inkişafında liderlər arasında formalaşmış şəxsi münasibətlərin də mühüm rol oynadığını bildirib. Bu amil siyasi dialoqun daha səmimi və effektiv şəkildə aparılmasına şərait yaradır. Bütün qeyd olunanlar onu göstərir ki, Azərbaycan–Latviya münasibətləri artıq yeni mərhələyə qədəm qoyur. Bu mərhələ siyasi dialoqun davamı olmaqla yanaşı, konkret iqtisadi layihələr, investisiya təşəbbüsləri və regional əməkdaşlıq formatları ilə müşayiət olunur. Bu isə tərəfdaşlığın gələcəkdə daha geniş miqyasda inkişaf edəcəyini və real nəticələrlə yadda qalacağını deməyə əsas verir.

Samirə Hüseynova

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir