Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artdığı, dünya dövlətlərinin ölkəmizlə dostluq və sıx əməkdaşlıq qurmağa böyük maraq göstərdiyi bir vaxtda təəssüf ki, Avropanın mərkəzində yerləşən Belçika və Niderlandın parlamentləri ölkəmizin bu uğurlarına kölgə salmağa çalışırlar. Bir neçə gün bundan əvvəl bu ölkələrin parlamentlərində ölkəmizə qarşı yalan, qərəzli və şantaj xarakterli qətnamələr qəbul edildi. Qəbul edilən sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxanlar, qanunsuz silahlı dəstələr yaradaraq azərbaycanlıların kütləvi qətlində ittiham olunan şəxsləri “hərbi əsir” kimi qələmə verir, guya Qarabağda yaşayan ermənilərin zorla qovulması kimi saxta ittihamlar irəli sürürlər. Bu qətnamələr gülüş doğurur və eyni zamanda ikrah hissi yaradır. Azərbaycan ərazisində insanlıq əleyhinə cinayətlər törətmiş, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı çıxan şəxsləri müdafiə etmək, əslində bu cinayətkarlarla əlbir olmaq deməkdir. Qəbul olunmuş bu qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı Azərbaycanın daxili işlərinə müdaxilə kimi də qiymətləndirilir, eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasına maneə yaradır, revonşist qüvvələrin fəallaşmasına xidmət edir. Sözsüz ki, bu qətnamələrin qəbul olunmasının arxasında erməni lobbisi dayanır. Təəssüf ki, Avropada yaşayan, özlərini “vətənpərvər” adlandıran bir qrup ünsürlərin də müraciətləri düşmən dəyirmanına su tökmüş olur.
Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün böyük imkanlar yaranmışdır. İki dövlət arasında nəqliyyat əlaqələri bərpa olunmaqdadır, eləcə də iqtisadi əlaqələrin qurulması istiqamətində də böyük irəliləyişlər müşahidə olunur. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi şərait yaranmışdır. Vətəndaş cəmiyyətləri arasında baş tutan görüşlər də xalqların bir-birinə yaxınlaşması istiqamətində müsbət addımlar kimi qiymətləndirilir. Niderland və Belçika parlamentlərinin bu cür sülh proseslərini əngəlləməyə yönəlmiş addımı qəbul edilməzdir. Artıq Ermənistanda da sağlam düşüncəli siyasətçilər Azərbaycanla sülhün yaranmasına tərəfdar olduqlarını bildirirlər.
Niderland və Belçika parlamentləri dəfələrlə bu cür qərəzli, saxta qətnamələr qəbul ediblər. Hər zaman olduğu kimi bu qətnamələrin də Azərbaycana heç bir mənfi təsiri olmayacaq və adi kağız parçası kimi arxivə göndəriləcək.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

