Bu ilin sonuna qədər Azərbaycanın qeyri-neft-qaz özəl sektorunda əməkhaqqı fondunun 2019-cu illə müqayisədə üç dəfə artaraq 10,6 milyard manata çatması gözlənilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, qeyri-neft-qaz özəl sektorda 8 min manata qədər olan əməkhaqlarının gəlir vergisindən azad olunması nəticəsində 2019-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək bu sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb.

“Sektorun cəmi əmək müqavilələrində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib. 2025-ci ilin gözlənilən göstəriciləri nəzərə alınmaqla, qeyri-neft-qaz özəl sektorda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10,6 milyard manata, məcburi sosial sığorta yığımlarının isə 3 dəfə artaraq 2,5 milyard manata çatması proqnozlaşdırılır”, – deyə M. Cabbarov qeyd edib.

Onun sözlərinə görə, bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmaların payı da 2018-2024-cü illər ərzində 35 %-dən 16-17 %-ə, daha sonra 10,5 %-ə qədər azalıb.

M. Cabbarov əlavə edib ki, 1 yanvar 2026-cı ildən etibarən əməkhaqqı güzəştinin müddəti başa çatır. Güzəştin əsas sosial-iqtisadi məqsədlərinə nail olunduğunu, əmək bazarının rəsmiləşməsi sahəsində mühüm nəticələrin əldə edildiyini vurğulayan nazir bildirib:

“Bu nailiyyətləri qorumaq və daha da inkişaf etdirmək, həmçinin leqallaşma prosesinin davamı üçün daha aşağı gəlir qruplarına az vergi yükü tətbiq etməklə, qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən və mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir