Politoloq Saila Salahova “yenifikir.media”ya açıqlamasında bildirib ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı mühüm siyasi əhəmiyyətə malikdir.
Onun sözlərinə görə, toplantıda dünyanın müxtəlif ölkələrinin liderləri, hökumət və dövlət nümayəndələrinin iştirakı bu platformanın beynəlxalq nüfuzunun göstəricisidir.
“Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 16-cı ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir,” – deyə politoloq qeyd edib.
Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətlər Prezidentlər tərəfindən yüksək qiymətləndirilir: “Türk liderləri ‘Türk Dünyası Xartiyası’nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi, həmçinin ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi qəbul ediblər. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu istiqamətdə çalışır, TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması üçün mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir.”
Politoloq əlavə edib ki, Azərbaycanın TDT-yə üzv və müşahidəçi dövlətlərin əksəriyyəti ilə strateji müttəfiqlik və ya tərəfdaşlıq münasibətləri təşkilat daxilində çoxtərəfli əməkdaşlığa imkan yaradır:
“Bu münasibətlər siyasi, milli təhlükəsizlik, mülki müdafiə, iqtisadi-ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələri əhatə edir. Qeyd edim ki, Təşkilatın təsis olunmasında da Azərbaycanın mühüm rolu olub. TDT (o zamankı Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında yaradılıb.”
Saila Salahova xatırladıb ki, ötən il Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib və həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
“Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir,” – deyə o vurğulayıb.
Politoloqun sözlərinə görə, türk dövlətlərinin həmrəyliyi və bir-birinə dəstəyi xüsusilə 2020-ci ildəki Vətən müharibəsi dövründə özünü qabarıq şəkildə göstərib:
“Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və artıq fəaliyyət göstərən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Qırğızıstan tərəfindən Ağdamda məktəb binasının inşası, müşahidəçi dövlət olan Türkmənistanın Qarabağda məscid inşa etmək təşəbbüsü bunun bariz nümunəsidir.”
Saila Salahova qeyd edib ki, Türk dövlətləri arasında həmrəylik və inteqrasiya getdikcə dərinləşir: “Mütəmadi görüşlərin keçirilməsi bu istiqamətdə mühüm rol oynayır. Bu, bir daha həm də onu göstərir ki, Prezident İlham Əliyevin dediyi kimi, bizim ailəmiz Türk dünyasıdır.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
Dəyərli Saila xanımı salamlayıram və gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.. Maraqlı yazıya görə təşəkkür edirəm 🇦🇿🤘🇹🇷