Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə tamhüquqlu üzv kimi qoşulması ölkəmizin region dövlətləri ilə əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu addım siyasi dialoqun genişlənməsi ilə yanaşı, nəqliyyat, energetika, investisiya, ticarət və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradır.

Milli Məclisin deputatı Naqif Həmzəyev “Yeni Fikir”ə açıqlamasında bildirib ki, Azərbaycanın Məşvərət formatında tamhüquqlu iştirakı ölkəmizin regionda artan rolunun və tərəfdaş dövlətlərin Azərbaycana olan etimadının göstəricisidir.

Deputatın sözlərinə görə, son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi və humanitar əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivləşməsi, ticarət dövriyyəsinin və investisiya qoyuluşlarının artması münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb. Azərbaycanda region ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də iqtisadi əlaqələrin möhkəmləndiyini təsdiqləyir.

Naqif Həmzəyev vurğulayıb ki, əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Xəzər dənizinin qərb sahilində yerləşməsi, Bakı Limanı, dəmir yolları və avtomobil yolları ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit qovşağı kimi mövqeyini gücləndirir. Orta Dəhlizin inkişafı isə region ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir, yeni investisiyaların cəlb edilməsinə və logistika sektorunun inkişafına şərait yaradır.

Deputat enerji sahəsində də geniş perspektivlərin olduğunu qeyd edib. Onun fikrincə, Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqlinin artması, eləcə də Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində görülən işlər ölkəmizin Avrasiyanın enerji xəritəsindəki rolunu daha da artırır. Birgə investisiya fondlarının fəaliyyəti, istehsal müəssisələrinin yaradılması və sənaye məhsullarının qarşılıqlı bazarlara çıxarılması da əməkdaşlığın iqtisadi səmərəsini yüksəldə bilər.

N.Həmzəyev bildirib ki, Azərbaycanın regional əhəmiyyəti yalnız fiziki nəqliyyat dəhlizləri ilə məhdudlaşmır. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi kimi təşəbbüslər ölkəmizin rəqəmsal bağlantılar sahəsində də mühüm mövqeyə malik olmasına imkan yaradır. Qırğızıstanda keçirilən qeyri-rəsmi görüş və imzalanmış Çolpon-Ata Bəyannaməsi isə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir.

Deputat humanitar əməkdaşlığın da xüsusi əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Füzulidə Türkmənistanın təşəbbüsü ilə məscidin inşa edilməsi, eləcə də Özbəkistan və Qırğızıstanın şəhərdə həyata keçirdiyi layihələr xalqlarımız arasında tarixi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Nəticə etibarilə, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişlənməsi ölkəmizin regional və beynəlxalq mövqelərinin güclənməsinə, ticarət və investisiya imkanlarının artmasına, həmçinin ortaq nəqliyyat, enerji və rəqəmsal layihələrin inkişafına mühüm töhfə verir.

Şəlalə Camal

Reaksiyalar:

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın