Lənkəran şəhəri gözəlliyi, yaşıllığı, dənizi və təbiəti ilə tanınır. Amma son vaxtlar şəhərin bəzi küçə və məhəllələrindən gələn görüntülər tamam başqa mənzərə yaradır: “zibil, antisanitariya və narazı sakinlər…”
Vətəndaş isə sadə bir şey istəyir: təmiz şəhər, vaxtında daşınan tullantı və normal kommunal xidmət.
Amma görünən odur ki, Lənkəranda bəzi məmurlar üçün vətəndaşın narazılığını dinləməkdənsə, onu susdurmaq daha asan yoldur.
Sakinlərin iddialarına görə, kommunal problemlərlə bağlı müraciət edən, haqqını tələb edən və etirazını bildirən vətəndaşlar təhqiramiz ifadələrlə qarşılaşır, hətta “dəli” adlandırılmaqla və psixiatriya xəstəxanasına göndərilməklə hədələnirlər.
Əgər bu iddialar doğrudursa, bu artıq zibil məsələsi deyil. Bu, vətəndaşa münasibət problemidir!
Daha maraqlı və daha ciddi məqam isə bəzi “jurnalistlər”lə bağlı səsləndirilən iddialardır.
İddia olunur ki, əvvəlcə vətəndaşın şikayəti sosial şəbəkələrdə yayımlanır. Sonra isə nədənsə münasibət dəyişir: şikayət videoları silinir, vətəndaş haqsız çıxarılır, onun haqqında əks-materiallar hazırlanır.
Sual yaranır: jurnalistin mövqeyi nə vaxt və niyə dəyişir?
Vətəndaşın dərdini işıqlandıran jurnalist sonradan niyə həmin vətəndaşın əleyhinə material hazırlamalıdır?
Kiminsə məmurla münasibəti və ya şəxsi marağı vətəndaşın haqqından üstün ola bilərmi?
Əgər ortada “sövdələşmə” iddiası varsa, bunun da araşdırılmasına ehtiyac var. Çünki jurnalistikanın ən böyük kapitalı pul, vəzifə və tanışlıq deyil — etibardır!
Vətəndaşın səsini satmaq jurnalistika deyil.
Şikayətçini əvvəlcə efirə çıxarıb, sonra susdurmaq jurnalistika deyil.
Məmurun mövqeyini qorumaq naminə vətəndaşı hədəfə çevirmək isə ümumiyyətlə jurnalistikanın mahiyyətinə ziddir.
Burada bir məsələni də xatırlatmaq yerinə düşər.
Açıq mənbələrdə Emin Şahgəldi oğlu Şahzadənin 2023-cü ilin noyabrında Lənkəran şəhər Mənzil İstismar və Kommunal İdarəsinin rəisi vəzifəsindən azad edildiyi, onun yerinə Rövşən Lətifovun təyin olunduğu barədə məlumat yayılıb və həmin məlumatın Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqləndiyi bildirilib.
Deməli, ortaya çox konkret suallar çıxır:
Bu gün Lənkəranda kommunal təsərrüfatın vəziyyətinə kim cavabdehdir?*
Vətəndaşların səsləndirdiyi təhdid və təzyiq iddialarını kim araşdıracaq?
Şikayət videolarının silinməsi və sonradan şikayətçilərin hədəfə alınması ilə bağlı iddialara kim hüquqi qiymət verəcək?
Lənkəran Şəhər İcra Hakimiyyətinin bundan xəbəri varmı?
Ekologiya və təbii sərvətlər üzrə aidiyyəti qurumlar şəhərin sanitar vəziyyəti ilə bağlı nə düşünür?
Və ən vacib sual:
LƏNKƏRANDA VƏTƏNDAŞ ŞİKAYƏT EDƏNDƏ NİYƏ PROBLEM VƏTƏNDAŞA ÇEVRİLİR?*
Lənkəran heç bir məmurun şəxsi mülkü deyil.
Bu şəhərin küçələri, parkları, məhəllələri və təmizliyi Lənkəran sakinlərinin haqqıdır.
Vətəndaş zibilin yığışdırılmasını tələb edirsə, ona “dəli” demək yox, zibili yığışdırmaq lazımdır.
Vətəndaş sual verirsə, onu susdurmaq yox, cavablandırmaq lazımdır.
Jurnalistə isə bircə söz demək olar:
Vətəndaşın səsini eşitdirin. Onu susdurmayın!*
Çünki sabah həmin susdurulan vətəndaşın yerində başqa bir vətəndaş olacaq.
Və bir gün hamı eyni sualı verəcək:
Bu şəhərdə kim kimdən qorxur — vətəndaş məmurdan, yoxsa məmur vətəndaşın səsindən?
Mənbə
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

