Göyçay rayonunun Çərəkə kəndində yerləşən Şəhid Siyavuş Mirzəyev adına 1 saylı tam orta məktəbdə təmir işlərinə başlanılıb. Lakin görülən işlərin məktəbin mövcud problemlərini tam aradan qaldırmadığı bildirilir.Bu barədə Yenifikir.media-nın Göyçay Naminə səhifəsinə istinadən məlumat yayılıb.
Məlumata görə, daha əvvəl məktəbin ümumi vəziyyəti ilə bağlı məsələ ictimailəşdirilib və təhsil ocağının əsaslı təmirə ehtiyacı olduğu diqqətə çatdırılıb. Bundan sonra məktəbdə müəyyən təmir işlərinə başlanılıb.
Hazırda əsasən bəzi pəncərələrin dəyişdirildiyi qeyd olunur. Bununla belə, məktəbin döşəmələri, sinif otaqları və dəhlizlərin divarları, suvaq və rəngləmə işləri, eləcə də binanın xarici fasadı ilə bağlı problemlərin hələ də qaldığı bildirilir.
Məktəbin bütün pəncərələrinin də yenilənmədiyi vurğulanır. Belə ki, idman zalının və tədbir zalının pəncərələrinin dəyişdirilmədiyi, ikinci mərtəbənin dəhlizlərində isə yalnız bəzi pəncərələrin yeniləndiyi qeyd edilir.
Məlumatda vurğulanır ki, pəncərələrin dəyişdirilməsi müsbət addım olsa da, bu işlər məktəbin ümumi vəziyyətinin yaxşılaşdırılması üçün kifayət deyil. Təhsil ocağının əsaslı və kompleks şəkildə təmir olunmasına ehtiyac olduğu bildirilir.
Çərəkə kənd sakinləri və məktəbin şagirdləri üçün daha təhlükəsiz və müasir təhsil şəraitinin yaradılması məqsədilə təmir işlərinin yarımçıq saxlanılmaması çağırışı edilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

