Prezident İlham Əliyev BMT-dəki çıxışında Azərbaycanın sülh prosesi ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürüb və sülh müqaviləsi layihəsini təqdim edib. 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar da məhz bu təşəbbüs əsasında başlayıb.

Tanınmış siyasi ekspert Abutalıb Səmədov məsələni Yenifikir.media-ya şərh edərək qeyd edib ki, Prezident Əliyev çıxışında sülh danışıqlarının əsas mərhələlərinə diqqət çəkib. Ekspertin sözlərinə görə, 2022-ci il oktyabrın 8-də Praqada keçirilən Avropa Siyasi Birliyi sammitində imzalanan sənəd prosesin dönüş nöqtəsi olub. Ermənistanın baş naziri, Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun imzaladığı sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan ediblər.

Abutalıb Səmədov vurğulayıb ki, bundan əvvəl Avropa İttifaqı vasitəçiliyi ilə başlanan danışıqlara daha sonra ABŞ da qoşulub və Vaşinqton sənədi hazırlanıb. Lakin Rusiya fərqli layihə irəli sürərək bu sənədin qəbuluna mane olmağa çalışıb. Onun sözlərinə görə, Praqada Paşinyanın Azərbaycanın suverenliyini və Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməsi mühüm nəticə kimi qiymətləndirilməlidir.

Ekspert əlavə edib ki, sonrakı mərhələdə sənəd üzərində iş davam edib. Ermənistan əvvəlcə “Qarabağın statusu” və “Qarabağ ermənilərinin hüquqlarının beynəlxalq mexanizmlərlə müdafiəsi” məsələlərini gündəmə gətirsə də, daha sonra bu tələblərdən imtina edib. Nəticədə layihə yekunlaşdırılıb və 2025-ci il avqustun 8-də Vaşinqtonda xarici işlər nazirləri tərəfindən paraflanıb. Bununla sənədə əlavə dəyişiklik etmək imkanı qalmayıb.

Abutalıb Səmədov qeyd edib ki, hazırda yeganə şərt Ermənistan Konstitusiyasının yenilənməsidir. Yeni konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının yer almaması əsas tələbdir. Ermənistan artıq bu istiqamətdə addımlar atır və gələn ilin sonunda referendum keçirilməsi, yeni konstitusiyanın qəbul olunması gözlənilir. Bunun ardınca Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər.

Siyasi şərhçinin fikrincə, Vaşinqtonda sənədin paraflanması və ABŞ prezidentinin şahid qismində ona qol çəkməsi artıq faktiki olaraq sülh sazişinin imzalanması kimi qiymətləndirilir. Prezident İlham Əliyev də bunu belə dəyərləndirib. Abutalıb Səmədov əlavə edib ki, bundan sonra iki ölkə arasında münasibətlərin normallaşması, diplomatik əlaqələrin qurulması real görünür. Bunun üçün isə gələn yay Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın qələbəsi və Rusiya meylli qüvvələrin məğlub olması həlledici rol oynayacaq.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir