Azərbaycan və İsveçrə arasında uzun illərdir formalaşan münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modeli kimi inkişaf edir.
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində əməkdaşlıq müxtəlif istiqamətlər üzrə genişlənib. İsveçrə Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri olub və bu addım sonrakı illərdə ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb.
Siyasi münasibətlərdə yüksək səviyyəli təmaslar mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində İsveçrəyə etdiyi səfərlər və keçirdiyi görüşlər tərəflər arasında siyasi dialoqun davamlılığını təmin edib. Eyni zamanda, İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Bakıya səfəri də əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirilir.
Müasir geosiyasi şəraitdə İsveçrə Cənubi Qafqazda yaranmış yeni reallıqları və bölgədə davamlı sülhün təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləyən ölkələr sırasında yer alır. Rəsmi Bernin neytral siyasəti və beynəlxalq vasitəçilik təcrübəsi regionda sabitliyin möhkəmlənməsinə yönəlmiş əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Beynəlxalq maliyyə institutları çərçivəsində də iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın İsveçrənin rəhbərlik etdiyi səsvermə qrupunda təmsil olunması tərəflər arasında formalaşmış yüksək etimadın göstəricilərindən hesab edilir.
İqtisadi sahədə də əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Məlumata görə, İsveçrənin Azərbaycana yatırdığı investisiyaların həcmi 1,6 milyard dollara yaxınlaşdığı halda, Azərbaycanın İsveçrə iqtisadiyyatına yönəltdiyi sərmayələr 2,3 milyard dolları ötüb. Bu isə qarşılıqlı investisiya əlaqələrinin balanslı şəkildə inkişaf etdiyini göstərir.
Ticarət dövriyyəsinin 1,8 milyard dollara yaxınlaşması, eləcə də Azərbaycanda yüzdən artıq İsveçrə kapitallı şirkətin fəaliyyət göstərməsi iqtisadi münasibətlərin dinamik inkişafını təsdiqləyir.
Enerji və nəqliyyat sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolu İsveçrə tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı, Orta Dəhliz layihəsi və Azərbaycanın regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi İsveçrə üçün də yeni iqtisadi və tranzit imkanları yaradır.
Mütəxəssislərin fikrincə, Azərbaycan və İsveçrə arasında münasibətlər artıq ənənəvi diplomatik əlaqələr çərçivəsini aşaraq iqtisadiyyat, logistika, innovasiya, enerji və dayanıqlı inkişaf istiqamətlərini əhatə edən uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

