9 May – Faşizm üzərində Qələbə Günü hər il böyük ehtiram və təntənə ilə qeyd olunur. Bu tarixi qələbə xalqımıza asan başa gəlməyib. Minlərlə azərbaycanlı Vətən və gələcək nəsillər naminə həyatını fəda edib, doğma yurddan uzaqlarda böyük qəhrəmanlıq göstərərək döyüşüb.
İkinci Dünya Müharibəsi illərində Azərbaycanın 600 mindən artıq oğul və qızı cəbhəyə yollanaraq düşmənə qarşı mərdliklə mübarizə aparıb. Arxa cəbhədə çalışan insanlar da gecə-gündüz əmək sərf edərək qələbənin əldə olunmasına böyük töhfə veriblər. Azərbaycan xalqının göstərdiyi igidlik və fədakarlıq bu gün də qürur mənbəyidir və gənc nəsillər üçün örnək sayılır.

Müharibə illərində azərbaycanlı döyüşçülərin qəhrəmanlığı saysız-hesabsız əsərlərdə, filmlərdə və xatirələrdə yaşadılıb. Şəhid və qəhrəmanların xatirəsinə abidələr ucaldılıb, onların adları tarixə həkk olunub. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif olunması, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi xalqımızın müharibədə göstərdiyi şücaətin parlaq nümunəsidir.

Azərbaycan nefti də həmin qələbədə mühüm rol oynayıb. Cəbhənin yanacaq təminatında Bakı neftinin xüsusi əhəmiyyəti olub. Ulu Öndər Heydər Əliyev də qeyd etmişdir ki, Azərbaycan nefti olmasaydı, müharibədə qələbə qazanmaq çox çətin olardı. Bu, ölkəmizin dünya tarixindəki mühüm rolunun göstəricisidir.
Faşizmə qarşı mübarizədə əldə edilən bu böyük qələbə xalqların birlik və həmrəyliyinin nəticəsi idi. Sovet xalqları “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında birləşərək düşmənə qarşı güclü müqavimət göstərdilər. Moskva, Stalinqrad və Kursk döyüşlərində qazanılan uğurlar faşist Almaniyasının məğlubiyyətini sürətləndirdi və 1945-ci ildə müharibə qələbə ilə başa çatdı.

9 May yalnız bir tarix deyil, həm də qəhrəmanlıq, birlik və fədakarlığın simvoludur. Bu gün biz Vətən uğrunda canından keçən bütün qəhrəmanların xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik.

Saila Salahova

politoloq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir