R. Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyində 2026–2027-ci tədris ilindən X və XI siniflərdə tətbiq olunacaq yeni təmayül tədris modelinin təqdimatına həsr olunmuş valideyn görüşü keçirilib.Tədbirdə 51 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Tərlan Bayramova və 49 nömrəli “İntellekt” məktəb-liseyinin direktoru Elza Bağırzadə iştirak ediblər.
Görüş zamanı yeni təmayül tədris modelinin məqsədi, qəbul qaydaları, tədris prosesinin təşkili və şagirdlər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, model ali məktəblərə hazırlığın məktəb daxilində daha sistemli təşkilinə, şagirdlərin akademik nailiyyətlərinin artırılmasına və fərdi inkişafının dəstəklənməsinə xidmət edir.
Tərlan Bayramova qeyd edib ki, 51 nömrəli tam orta ümumtəhsil məktəbi bu modelin tətbiq olunduğu pilot təhsil müəssisələrindən biridir və yeni tədris ilində də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirəcək.
Valideynlərə məktəbdə yaradılan imkanlar barədə də məlumat verilib. Vurğulanıb ki, abituriyent hazırlığı ödənişsiz və sistemli şəkildə təşkil olunur, aylıq sınaq imtahanları keçirilir, eyni zamanda şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına xüsusi önəm verilir.
Məktəb-liseyin direktoru Elza Bağırzadə çıxışında bildirib ki, yeni təmayül tədris modeli şagirdlərin potensialının üzə çıxarılması, peşə və ixtisas seçiminin daha məqsədyönlü həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, valideynlərin məktəblə sıx əməkdaşlığının təhsil prosesinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.
Görüş interaktiv müzakirələrlə davam edib, valideynləri maraqlandıran suallar cavablandırılıb və yeni tədris modelinə dair təqdimat materialları iştirakçılara təqdim olunub.


© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

