Diplomsuz “həkimlər”in meydanı: TikTok-da yeni fırıldaq- Nicat Həsənov xəstəni görün nə hala saldı 

Sosial şəbəkələr bu gün sadəcə əyləncə platforması yox, həm də saxtakarların meydanına çevrilib. Xüsusilə “TikTok”da özünü “həkim” kimi təqdim edən, amma nə diplomu, nə də qanuni icazəsi olan şəxslər rahatlıqla fəaliyyət göstərir. İnsanların sağlamlığı və həyatı birbaşa təhlükəyə atılır.

Bunun bariz nümunəsi Nicat Həsənov adlı şəxsin fəaliyyətidir. O, “TikTok”da özünü “diş həkimi” kimi tanıdaraq reklam edir, guya çətin dişləri də asanlıqla çəkdiyini iddia edir. İnsanların etibarından sui-istifadə edərək onları antisanitar şəraitdə, ev mühitində “müalicə” adı ilə aldadır.

Ünvanı – Ziya Bünyadov 76, “Al” marketin üstü. Burada nə klinika var, nə tibbi avadanlıq, nə də sanitar qaydalara əməl olunur. Heç bir assistent belə yoxdur. Sadəcə bir ev şəraitində, sanki bazar arxasında diş “çəkilir”. Bu, açıq-aşkar qanunsuz fəaliyyət və insan həyatı ilə oyun oynamaqdır.

 

Mən də onun reklamına aldanaraq getdim. Çünki yan istiqamətdə çıxmış problemli ağıl dişim vardı. Əksər həkimlər bunun yalnız cərrahi yolla çıxarıla biləcəyini demişdi. Amma həmin şəxs bildirdi ki, o həkimlər bacarmırlar deyə elə danışırlar, mən rahat çəkəcəyəm, hətta bundan çətin dişləri də çıxartmışam.

Əvvəlcə iynə vurdu, diş keyimədi. Təkrar vurdu – yenə effekt olmadı. Üçüncü dəfə vurdu – yenə dəyişiklik yox idi. Mən dəfələrlə ağrı hiss etdiyimi desəm də, o, məsuliyyətsiz şəkildə “əsəbisən, ona görə keyimir” cavabını verdi. Ardınca dişimi yonmağa başladı. Ağrı dözülməz idi, çənəm sanki sınacaqdı. Dayandırmağımı tələb etsəm də, “döz, bir şey olmaz” deyə israr etdi.

Dişi yarıda qoydu, sinirini açdı, damağa və çənə sümüyümə çox ciddi travma vurdu. Sonra isə antibiotik yazıb evə göndərdi: “İki gün iç, sonra gəl çıxardım”. Bu, sadəcə səriştəsizlik yox, açıq cinayətdir!

Nəticədə, bütün gecəni dəhşətli ağrılar içində keçirdim, çünki dişimə, damağıma və çənə sümüyümə çox ciddi travma vermişdi. Səhəri gün məcburən normal klinikaya müraciət etdim və dişim yalnız cərrahi yolla çıxarıldı.

Daha dəhşətlisi isə odur ki, həmin şəxsin yanından çıxdıqdan sonra görürəm ki, hər yerdə nömrəmi və səhifəmi blok edib. Yəni insana əvvəl travma yaşadır, sonra da məsuliyyətdən qaçmaq üçün bütün əlaqəni kəsir. Bu, açıq-aşkar vicdansızlığın və saxtakarlığın sübutudur.

Burada əsas məsələ budur: Səhiyyə Nazirliyi hara baxır və bu saxta həkimlərin fəaliyyətinə niyə nəzarət etmir? Hüquq-mühafizə orqanları dərhal ciddi tədbir görməlidir. Sosial şəbəkələrdə açıq-aşkar reklam aparılır, insanların həyatı təhlükəyə atılır, amma nəzarət yoxdur. Diplom olmadan, icazəsiz, antisanitar şəraitdə tibbi xidmət göstərmək birbaşa cinayət tərkibli əməldir.

Buradan Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinə rəsmi müraciət edirəm:

Özünü həkim kimi təqdim edən Nicat Həsənov barəsində dərhal araşdırma aparılsın və qanun qarşısında cavab verməsi təmin edilsin.

Saxta “həkim”lərin sosial şəbəkələrdə reklamı dərhal qadağan edilsin.

Qeyri-qanuni “ev klinikaları” bağlansın, insan həyatını təhlükəyə atan şəxslər dərhal məsuliyyətə cəlb edilsin.

Oxuyan bütün aidiyyəti qurumlar – həm Səhiyyə Nazirliyi, həm də hüquq-mühafizə orqanları Nicat Həsənov və onun kimi özünü həkim adlandıran şəxslər haqqında dərhal və ciddi tədbirlər görməlidir.

İnsan həyatı ilə bu cür açıq-aşkar oyun oynamaq cinayətdir. Bu şəxslər təkcə vicdansız deyil, həm də cəmiyyət üçün real təhlükədir.

Tural Qoca


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)