Bu gün Türkmənistanda Qurbanqulu Berdiməhəmmədov, Şavkat Mirziyoyev və Əli Əsədov arasında keçirilən üçtərəfli görüş Azərbaycanın regional əməkdaşlıqdakı roluna hansı töhfələr verə bilər? Yenifikir.media nın sualını millət vəkili Zahid Oruc cavablandırıb.
Qeyd etdiyiniz görüşlər Orta Asiya, qardaş Türk dövlətləri və Azərbaycan arasında müxtəlif formatlı əməkdaşlıqların, iqtisadi və siyasi əlaqələrin bilavasitə göstəricisidir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan xüsusilə son illər ərzində regional və beynəlxalq əlaqələrini gücləndirir və onun əsas xəttini logistika, müxtəlif transmilli layihələrdə birgə iştirak, istər Xəzər akvatoriyası, istərsə də daha geniş ərazilər üzrə müxtəlif xarakterli tranzit şəbəkələrinin, qovşaqlarının yaradılmasında aparıcı mövqe təşkil edir.
Bu baxımdan Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatında tutduğu aparıcı liderlik mövqeyi və strateji baxışları mahiyyət etibarilə bir tərəfdən regionun təhlükəsizlik maraqlarına xidmət etməklə yanaşı, digər tərəfdən Özbəkistan, Türkmənistan, əvvəlki dövrlərdə Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycanın, həmçinin qardaş Türkiyənin regional strategiyasına müsbət təsir göstərərək bu dövlətlər arasında müxtəlif xarakterli bağları daha da gücləndirir.
Bir neçə gün öncə Türkmənistanın lideri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlmişdi. Artıq torpaqlarımızın azad edilməsindən sonra diplomatik protokolun ayrılmaz tərkib hissəsinə çevrilən azad olunmuş torpaqların ziyarəti, xüsusilə Şuşaya baş çəkməsi də sübut etdi ki, müəyyən aralıq mərhələsində başa düşülən və anlayışla qarşılanan dövlətlərarası münasibətlərdəki anlaşılmazlıqlar bu gün tamamilə aradan qalxmışdır. Bu da, heç şübhəsiz ki, dövlətimizin iradəsinə əsaslanan siyasətin nəticəsidir.
Maksimum dərəcədə bütün bu məsələlərin həlli baş vermişdir.
Qeyd etdiyimiz bu səfər, ondan öncə Şavkat Mirziyoyevin gəlişi və digər görüşlər sübut edir ki, Azərbaycan Orta Asiya ilə müxtəlif formatlı əlaqələri gücləndirməkdə maraqlıdır.
İlk növbədə burada ticarət əlaqələrinin genişləndirilməsi, Çindən başlayıb Orta Asiyadan keçən və əslində mahiyyət etibarilə Orta Dəhlizin gerçəkləşdirilməsi üzrə siyasətə bu proses öz töhfəsini vermiş olur.
Bizim üçün bu məsələlər çox önəmlidir. Nəzərə almaq lazımdır ki, həm Özbəkistan, həm də Türkmənistan yerləşdikləri regionda və beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyə malikdirlər.
Digər tərəfdən, Türkmənistan qaz ehtiyatlarına görə seçilən bir dövlətdir. Bu baxımdan Azərbaycanın atdığı addımlar həmişə ona xidmət edir ki, biz bu əlaqələri heç bir ikinci və ya üçüncü dairənin əleyhinə yönələn siyasətə çevirmirik.
Enerji resurslarından və iqtisadi münasibətlərdən silah kimi istifadə etmək, hal-hazırda regional və beynəlxalq siyasətdə hökm sürən sanksiyalar və embarqolar erasından çıxmaq üçün, mən düşünmürəm ki, bizim bu əlaqələrimiz digər üçüncü dövlətlərin əleyhinə işləyir. Əksinə, bu əlaqələr onların maraqlarına uyğun şəkildə uzlaşır və faydalı olur.
Biz də görürük ki, xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda, o cümlədən İran ilə İsrail arasında yaşanan 14 günlük eskalasiya və ondan sonrakı vəziyyət, ümumi beynəlxalq xaos və təhlükəsizlik böhranı şəraitində bütün bu əlaqələr bu gün bizim “Böyük Qayıdış” və vətən quruculuğu prosesinin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Mahiyyət etibarilə söylədiyimiz kimi, həm Türkmənistanla, həm də Özbəkistanla yaxşı münasibətlərə malik olan Çin və İran üçün Azərbaycanı əvəzolunmaz bir tərəfdaşa çevirir.
Bunları mütləq nəzərə almalıyıq. Həmin ölkələr özünəməxsus xarici siyasət konfiqurasiyasına malikdirlər. Adını çəkdiyimiz dövlətlərlə onların çox sıx əlaqələri mövcuddur.
Azərbaycanın qeyd etdiyimiz üçtərəfli və beştərəfli formatlarda atdığı aktiv addımlar onu göstərir ki, bizim siyasi təşəbbüslərimiz və iqtisadi tədbirlərimiz beynəlxalq həssaslıqları çevik şəkildə nəzərə almaqla ölkəmizin maraqlarının təminatına xidmət edir.
Süheyla M.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

