Bu gün, avqustun 18-də Yer kürəsində gözlənilmədən planetar miqyaslı maqnit qasırğası başlayıb. Mütəxəssislər əvvəlcədən ciddi hadisə proqnozlaşdırmadığından, qasırğanın başlaması sürpriz olub.Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, ilk dəyişikliklər Moskva vaxtı ilə 07:00–08:00 arasında müşahidə edilib. Saat 09:00-da isə maqnit qasırğasının səviyyəsi G1-ə çatıb.
Maraqlıdır ki, bir gün əvvəl mütəxəssislər yalnız zəif kosmik hava dəyişiklikləri gözləyirdilər. Günəş küləyinin göstəriciləri də aşağı səviyyədə olub. Buna görə ciddi geomaqnit pozuntularının baş verəcəyi düşünülmürdü.
Bu, avqust ayında artıq üçüncü maqnit qasırğasıdır. Bundan əvvəl ayın 2-si və 8-də də geomaqnit aktivlik qeydə alınıb. Bununla belə, bütün qasırğalar indiyədək G2 səviyyəsini keçməyib və güclü kateqoriyaya aid edilməyib.
Mütəxəssislərin hazırkı proqnozuna görə, qasırğanın kəskin mərhələsi uzun sürməyəcək. Moskva vaxtı ilə günortaya doğru geomaqnit vəziyyətin yenidən zəif həyəcanlanmış vəziyyətə qayıtması gözlənilir.
Tam sabitləşmənin isə 2–3 gün çəkə biləcəyi bildirilir. Buna səbəb Yerin hələ də Günəşdəki böyük tac dəliyinin təsiri altında olmasıdır. Bu səbəbdən yaxın günlərdə yeni geomaqnit aktivlik dalğalarının yaranması istisna edilmir.
Zəif maqnit qasırğası insanların əksəriyyəti tərəfindən hiss olunmur. Lakin belə hadisələr bəzi texniki sistemlərə, o cümlədən peyk naviqasiyasının dəqiqliyinə və qısadalğalı radio rabitəsinə təsir göstərə bilər.
Alimlər Günəş küləyinin və Yerin maqnit sahəsinin göstəricilərini izləməyə davam edirlər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

