Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk gündən ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, iqtisadi inkişafın sürətləndirilməsini, sosial rifahın yüksəldilməsini və beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılmasını əsas prioritetlər kimi müəyyən etmişdir. O, davamlı sülh və sabitlik mühitində ölkənin tərəqqisini təmin etmək məqsədilə daxili və xarici siyasətdə diqqətlə və məqsədyönlü addımlar atmış, müasir idarəetmə prinsipləri, iqtisadi islahatlar və beynəlxalq əməkdaşlıq sahəsində mühüm nailiyyətlər qazanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu islahatlar Azərbaycanı regional lider və etibarlı tərəfdaş kimi dünya xəritəsində önəmli mövqeyə gətirmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın böyük dəstəyi ilə dövlət başçısı seçilən İlham Əliyev andiçmə mərasimində söyləmişdir: “Azərbaycan xalqının və dövlətinin milli maraqlarını qətiyyətlə müdafiə edəcəyəm, ölkəmizin ərazi bütövlüyünü qoruyacağam. Azərbaycanın əzəmətli bayrağı işğal altında olan torpaqlarımızda, doğma yurdumuzda azadlıq və qürurla dalğalanacaq. Bu, xalqımızın əzmkarlığının, birliyinin və zəfər yolundakı qətiyyətimizin bariz nümunəsi olacaq”. Azərbaycan Prezidentinin böyük əminliklə verdiyi vədlər bu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Azərbaycan zəfər dastanı yazmaqda davam edir.
2025-ci il 8 avqustda Vaşinqtonda keçirilən tarixi görüş və imzalanmış Birgə Bəyannamə Azərbaycanın diplomatiya tarixində ən önəmli günlərdən biri olaraq tarixə düşdü. Bu görüş ölkə başçısı cənab pezident İlham Əliyev siyasətinin növbəti uğuru, Azərbaycanın beynəlxalq siyasətdə söz sahibinə çevrilməsinin göstəricisi, ölkəmizin dünya siyasətində fəal iştirakının, həmçinin regional və qlobal əməkdaşlığın inkişafının yeni mərhələsinin başlanğıcıdır. ABŞ və Azərbaycan arasındakı strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir – qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcək, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq.
Müharibə və qarşıdurma dövründə Azərbaycan böyük itkilər verdi, minlərlə şəhid verdi, ölkə iqtisadiyyatı və infrastrukturu ciddi ziyan gördü. 1992-ci ildə – Azərbaycan öz müstəqilliyini bərpa etdikdən cəmi bir il sonra – ölkəmizə qarşı böyük məhdudiyyətlər tətbiq edildi Həmin ildə ABŞ Konqresi “Freedom Support Act” qanununu qəbul etmişdir. Təəssüf ki, həmin qanunun 907-ci düzəlişi Azərbaycanı bu dəstək proqramından kənarda qoyaraq, ölkəmizə qarşı müəyyən məhdudiyyətlər tətbiq etmişdir. Bu, regionda Azərbaycanın haqlı mövqeyinə xələl gətirən və əməkdaşlıq imkanlarını məhdudlaşdıran bir addım idi. Uzun illər boyunca Azərbaycan və ABŞ arasında əlaqələrdə bu məhdudiyyət “görünməz divar” kimi öz təsirini saxlamış, əməkdaşlıq sahəsində ciddi əngəllər yaratmışdır. Məhz 33 ildən sonra 907-ci düzəliş tamamilə ləğv edildi. Bu mühüm qərar Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün başlanğıcı və Cənubi Qafqazda sülhün təmin olunması baxımından Azərbaycan diplomatiyasının növbəti böyük uğuru kimi tarixə düşdü. Düzəlişin ləğvi iqtisadi, təhlükəsizlik, elmi və sosial sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsinə imkan yaradacaqdır.
ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü “Tramp rifah və sülh marşrutu” təşəbbüsü regionda rabitə, ticarət və əməkdaşlıq sahələrində yeni imkanlar açır, mövcud baryerləri aradan qaldırır. Bu, həm Azərbaycan, həm də qonşu dövlətlər üçün investisiya, iqtisadi sabitlik və rifah baxımından geniş perspektivlər yaradır. Səfər zamanı Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində mühüm addım atılıb. İki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. Bu memorandum çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsi üçün növbəti 6 ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılacaq. İşçi Qrupun fəaliyyətində enerji, ticarət və tranzit kimi regional əlaqələr, süni intellekt və rəqəmsal infrastruktur kimi iqtisadi investisiyalar, həmçinin müdafiə, təhlükəsizlik və terrorla mübarizə sahələri prioritet olaraq diqqət mərkəzində olacaq. Bu addım ikitərəfli əməkdaşlığın daha effektiv və sistemli şəkildə inkişafı üçün mühüm institusional zəmin yaradacaqdır. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyəti rəsmi olaraq dayandırılıb. Hər iki ölkənin xarici işlər nazirləri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini paraflayıb və ATƏT-in Minsk Prosesi ilə bağlı fəaliyyətlərin bağlanması üçün ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət məktubu göndərilib. Bu müraciət 2020-ci ildən bəri Azərbaycan tərəfindən davamlı olaraq gündəmdə saxlanılan və sülhün bərqərar olunması, normallaşma prosesinin irəliləməsi üçün ən böyük maneələrdən sayılan problemin həlli istiqamətində mühüm addımdır. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən Sammit uğurla baş tutub və bu görüşün sonunda Azərbaycan və Ermənistan liderləri ilə birlikdə ABŞ Prezidenti də şahid qismində Birgə Bəyannaməyə imza atıblar. Azərbaycan Prezidentinin ABŞ-a səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi baxımından mühüm nəticələrə yol açıb. Vaşinqton görüşünün yekunu olan Birgə Bəyannamənin imzalanması, Azərbaycanın sülh təşəbbüslərini və irəli sürdüyü gündəliyi beynəlxalq səviyyədə təsdiqləyib.
Qarabağ Azərbaycandır deyən İlham Əliyev, əslində bütöv bir Azərbaycanın rəmzidir — tarixin, vətənin və xalqın səsini birləşdirən sarsılmaz mövqeyin təcəssümüdür. Onun bu bəyanatı yalnız bir söz deyil, torpağa, milli birliyə və ədalətə olan inamın şüarıdır.
“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu sözlər, zamanın sınağından keçmiş bir rəhbərin zərrə-zərrə düşündüyü, ürəkdən gələn qətiyyətin əksidir. Ölkə başçısı, Ali baş Komandan İlham Əliyev millətini sülhə, gücə və əbədiyyətə apararaq, Azərbaycanın gələcəyinə parlaq üfüqlər açdı, torpaqlarımıza haqq və ədalətin işığını gətirdi.
Samirə Adəm qızı
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

