Türk Dövlətləri Təşkilatının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü zamanı Prezident cənab İlham Əliyevin çıxışında söylədiyi fikirlər bir daha təsdiq etdi ki, Türk dünyasının inteqrasiyası birliyinin yaradılması ideyasının müəllifi məhz Azərbaycan dövləti olmuşdur. Bu gün dünyada baş verən münaqişə və müharibələr, enerji resursları savaşı yeni dünya düzəninin yaranmasına səbəb olur. Bu cür mürəkkəb və gərgin  geosiyasi şəraitdə TDT artıq iqtisadi, humanitar bir platforma deyil, Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilmişdir.
Artıq ənənəyə çevrilmiş TDT-nın qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı da məhz Prezident cənab İlham Əliyev olmuşdur. 2024-cü ildə ilk bu cür görüş Şuşa şəhərində baş tutmuşdur. Şuşa şəhərində Qarabağ Bəyannaməsinin imzalanması Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin, regionda yaratdığı reallıqları dəstəklədiyinin nümunəsidir. Sözsüz ki, istər rəsmi, istərsə də qeyri-rəsmi Zirvə görüşləri təşkilatın daha da güclənməsinə, əlaqələrin genişlənməsinə xidmət edir.
Bu dəfəki qeyri-rəsmi Zirvə görüşünün Türküstanda keçirilməsi təsadüfi deyil. Türküstan Türk dünyasının sivilizasiyasının mənəvi paytaxtı hesab olunur. Bu şəhərlə Şuşanın qardaşlaşmış şəhər olması Türk xalqlarının ortaq tarixə, mədəniyyətə, eyni soykökə bağlılığını da nümayiş etdirir. Azərbaycan Türk dünyasını coğrafi cəhətdən də bir-birinə bağlayan strateji mərkəz sayılır. Prezident cənab İlham Əliyevin Azərbaycanda çox şaxəli  nəqliyyat-loqistika layihələrini  reallaşdırması nəticəsində  Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur Dəhlizi  açılacaq ki, bu da Mərkəzi Asiyanın Türkiyə ilə bağlantısının   yaranmadına səbəb olacaq. Zəngəzur Dəhlizi həmçinin Çin-Mərkəzi Asiya-Türkiyə xəttini Avropa ilə birləşdirən mühüm nəqliyyat marşrutudur. Şübhəsiz burada Azərbaycan dövlətinin rolu əvəzolunmazdır.
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda Türk dünyasının inteqrasiyasının təməli qoyulmuşdur. Bu il Bakıda Qurultayın 100 illiyinə həsr olunmuş tədbirin keçiriləcıyi də xüsusi əhəmiyyət kəsb edəcək.
Türkdilli ölkələrin ortaq əlifbasının yaradılması haqqında qərar tarixi əhəmiyyət kəsb edir.  Bu məsələdə də Azərbaycan lider dövlət kimi çıxış edir. Belə ki, Latın qrafikasına tam keçən ilk dövlət Azərbaycan  olmuşdur. Türk Dünyası Ortaq Əlifba Komissiyasının 2024-cü ildə Bakıda keçirilməsi sübut edir ki,  bu istiqamətdə də Azərbaycanın atdığı addım əvəzsizdir. Ortaq əlifba vahid informasiya və kommunikasiya sisteminə, mədəni və təhsil infrastrukturuna keçidə böyük imkanlar yaradacaq. Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşünün əsas mövzularından biri olan “Süni intellekt və rəqəmsal inkişaf” xüsusi diqqət çəkir. Bu mövzunun ciddi şəkildə müzakirə olunması deməyə əsas verir ki, TDT dünya texnoloji və süni intellekt yarışmasında öndə gedən təşkilata çevrilməyi hədəfə alır. Müasir dünyada dövlətlərin gücü siyasi, iqtisadi, hərbi güclə yanaşı rəqəmsal və süni intelektin inkişaf etdirilməsi ilə də ölçülür. Bu sahədə də Azərbaycan  TDT-də öndə gedir. Son illər ölkəmizdə rəqəmsal hökumət sisteminin, elektron xidmətlərin, eləcə də Bakıda Süni İntelekt Akademiyasının yaradılması Azərbaycanda bu istiqamətdə olduqca ciddi addımların atıldığından xəbər verir. Rəqəmsal və süni intelekt sahəsində birgə əməkdaşlıq TDT-yə beynəlxalq aləmdə böyük nüfuz qazandıracaq. Görülən işlər ondan xəbər verir ki, Türk Dövlətləri Təşkilatı əsrimizin ən güclü və qüdrətli təşkilatına çevriləcək.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir