Yaxın Şərqdə gərginlik fonunda İsrail hərbi dairələrindən Cənubi Livanın gələcəyi ilə bağlı strateji bəyanat gəlib. “Sky News Arabia” telekanalına danışan İsrailli yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (IDF) hələ bir neçə il ərzində Livanın cənub bölgəsində qalmağa davam edəcək.
Hərbi mənbə İsrail qoşunlarının bölgədə uzunmüddətli qalma zərurətini Hizbullah qruplaşmasının bölgədəki mövcudluğu ilə əlaqələndirib. Bildirilib ki, dırnaqarası “sarı xətt”dən cənuba doğru Hizbullahın hərbi infrastrukturu “hər yerdə rast gəlinir”.
“Bu hərbi infrastrukturun tam təmizlənməsi və bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün hələ bir neçə il lazım olacaq,” – deyə mənbə vurğulayıb. Bu, İsrailin Cənubi Livandakı əməliyyatlarının qısa müddətli olmayacağına dair açıq siqnaldır.
İsrailli rəsmi Livanın daxili təhlükəsizlik qüvvələrini də sərt tənqid edib. O qeyd edib ki, Livan ordusu 1701 saylı qətnamə və digər beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərini yerinə yetirmir. Mənbənin fikrincə, bu ordu ciddi restrukturizasiyaya (yenidən qurulmaya) ehtiyac duyur.
Bəyanatın ən diqqətçəkən hissəsi isə BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) ilə bağlıdır. İsrailli hərbi mənbə BMT sülhməramlılarının Cənubi Livandan çıxarılması qərarını dəstəkləyib. O, İsrailin onların yoxluğuna üstünlük verdiyini açıq şəkildə bildirib:
“UNIFIL hazırda xeyirdən çox zərər gətirir.”
Bu bəyanat İsrailin beynəlxalq sülhməramlı missiyaya inamının tamamilə itdiyini göstərir və gələcəkdə bölgədəki təhlükəsizlik arxitekturasının yalnız İsrailin nəzarəti altında qurulması istəyini ortaya qoyur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
