Azərbaycanda əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılmasını nəzərdə tutan yeni sosial paketin hazırlanması gözlənilir. Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov gözlənilən dəyişikliklərin əhatə dairəsi ilə bağlı fikirlərini bölüşüb.

Yeni Fikir xəbər verir ki, deputat Azərbaycan Prezidentinin Yeni Azərbaycan Partiyasının VIII qurultayında sosial təminatın gücləndirilməsi, əməkhaqqı və pensiyaların artırılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Vüqar Bayramovun sözlərinə görə, dövlət başçısının çıxışında əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm məqamlar diqqətə çatdırılıb. Deputat qeyd edib ki, bu istiqamətdə artıq müvafiq tapşırıqların verilməsi də gözlənilən dəyişikliklərin həyata keçirilməsi üçün əsas yaradır.

Minimum əməkhaqqının hansı məbləğdə artırılacağına gəlincə, deputat bunun hökumətin aparacağı fiskal qiymətləndirmənin nəticələrindən asılı olacağını deyib.

“Minimum əməkhaqqının nə qədər artırılması birbaşa hökumətdə aparılan fiskal qiymətləndirmədən asılı olacaq. Amma təbii ki, nəzərə alsaq ki, cənab Prezident tərəfindən Əmək Məcəlləsində edilən dəyişikliklər təsdiq olunub, bu o deməkdir ki, biz hər il minimum əməkhaqqına baxılması və artırılmasını müşahidə edəcəyik”, – deyə Vüqar Bayramov bildirib.

Deputat diqqətə çatdırıb ki, minimum əməkhaqqında dəyişiklik yalnız minimum səviyyədə maaş alan şəxslərlə məhdudlaşmır. Bu artım tarif cədvəli üzrə əməkhaqqı alan və dövlət qurumlarında fəaliyyət göstərən, lakin dövlət qulluqçusu statusu daşımayan işçilərin də vəzifə maaşlarına təsir edə bilər.

“Bu o deməkdir ki, cənab Prezident tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı sənəd imzalandıqdan sonra Nazirlər Kabineti tərəfindən dövlət idarələrində çalışan, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da vəzifə maaşlarının artırılması ilə bağlı qərar veriləcək. Nəticədə bu, yalnız az maaş alan deyil, orta və nisbətən daha çox maaş alan vətəndaşlarımızın da əməkhaqlarının artırılmasına gətirib çıxaracaq”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, ilkin hesablamalar minimum əməkhaqqında gözlənilən artımın 700 mindən çox vətəndaşın gəlirlərinə təsir göstərə biləcəyini göstərir.

“İlkin qiymətləndirmə onu göstərir ki, minimum əməkhaqqındakı artımlar 700 mindən çox vətəndaşımızın maaşlarına təsir göstərəcək. Həmin vətəndaşlarımızın əməkhaqlarında artımlar müşahidə olunacaq”, – Vüqar Bayramov qeyd edib.

Pensiya təminatında gözlənilən dəyişikliklərə toxunan deputat islahatların davam etdirildiyini bildirib. O qeyd edib ki, gələn ildən pensiyaların təyinatı və indeksləşdirilməsi üzrə yeni mexanizmin tətbiqi nəzərdə tutulur və bu proses orta pensiya məbləğinin yüksəlməsinə təsir göstərə bilər.

“Təbii ki, nəzərə alsaq ki, pensiya islahatları davam edir, pensiyaların təyinatı, indeksləşdirilməsi ilə bağlı növbəti ildən yeni mexanizmin tətbiq edilməsi nəzərdə tutulur, bütün bunlar fonunda da orta pensiya məbləğində artımlar olacaq”, – deyə deputat bildirib.

Vüqar Bayramov minimum və orta pensiyanın gələn il hansı səviyyədə olacağının hökumətdə aparılan müzakirələrdən sonra dəqiqləşəcəyini deyib.

“Minimum və orta pensiya məbləğinin növbəti il hansı məbləğdə olması yenə də hökumətdə aparılan müzakirələr və böyük ehtimalla artıq bu ayın sonunda büdcə müzakirəsi zamanı bəlli olacaq. Bundan sonra konkret rəqəmləri bəyan etmək mümkün olacaq”, – deyə o bildirib.

Sosial müavinətlərin artırılması məsələsinə də münasibət bildirən deputat bunun yeni sosial paket çərçivəsində həyata keçiriləcəyini diqqətə çatdırıb.

“Vacib məqamlardan biri də sosial müavinətlərin artmasıdır. Cənab Prezident sosial müavinətlərin də növbəti sosial paket çərçivəsində artırılacağını bildirdi. Bu isə ondan xəbər verir ki, yeni sosial paket kifayət qədər çoxlu sayda vətəndaşımızı əhatə edəcək”, – Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, ilkin hesablamalar qarşıdakı sosial paketin iki milyondan artıq vətəndaşı əhatə edə biləcəyini göstərir.

“İlkin qiymətləndirmələrə görə, yeni sosial paket praktiki olaraq iki milyondan artıq vətəndaşımıza şamil ediləcək”, – deyə Vüqar Bayramov əlavə edib.

Reaksiyalar:

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın