Rusiyanın Orlov vilayətinin qubernatoru Andrey Klıçkov bölgə sakinlərinə qəribə bir müraciət edib. Klıçkov əhalini “şübhəli şəxslər”, xüsusən də rusca yaxşı danışa bilməyən, yaxud ləhcə ilə danışanlar barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb. Şübhə üçün digər səbəblər qismində qubernator meşəlik yerlərdəki dayanacaqları, həmçinin, qida qalıqları və xarici istehsallı qablaşdırmaları olan tərk edilmiş binaları qeyd edib.Görünür, bu da Ukraynaya qarşı işğalçı müharibə fonunda yeni “təhlükəsizlik tədbirləridir”. Lakin sual yaranır: bu çağırış qeyri-rusların, o cümlədən azərbaycanlıların təqibi üçün əsasa çevrilməyəcək ki? Ümumiyyətlə, belə bir çağırış nə dərəcədə təməl insan haqları ilə uzlaşır? Rusca ləhcə ilə danışmaq casus sayılmaq üçün doğrudanmı kifayət edəcək? Rusiya hara yuvarlanıb gedir?”Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Rusiyanın Orlov vilayətinin qubernatoru Andrey Klıçkovun son çağırışı sadəcə yerli təhlükəsizlik tədbiri kimi qəbul edilə bilməz:

“Çünki burada söhbət artıq cinayət törətmiş şəxslərdən deyil, davranışına, dilinə və mənşəyinə görə şübhəli hesab edilə biləcək insanlardan gedir. Rusca yaxşı danışmamaq, ləhcə ilə danışmaq nə vaxtdan təhlükə indikatoruna çevrilib? Meşədə dayanmış avtomobil, tərk edilmiş binada qida qalıqları və xarici istehsal olan qablaşdırma hansı hüquqi meyarla insanı şübhəli şəxsə çevirir?

Bu sualların cavabı xüsusilə Rusiyada yaşayan milyonlarla qeyri-rus üçün vacibdir.
Çünki tarix göstərir ki, təhlükəsizlik adı ilə başlayan proseslər bəzən çox asanlıqla etnik profilə, milli mənsubiyyətə və dil ayrı-seçkiliyinə çevrilə bilir. Bu gün “rusca ləhcə ilə danışan” şübhəli elan edilir, sabah onun hansı millətdən olduğu soruşulur, daha sonra isə küçədə, iş yerində və ya sənəd yoxlaması zamanı mənşəyi əsas götürülür”.
Polis 1 gündə 6 nəfəri evinə qaytarıb – Azərbaycanda itkin düşmələrin İLGİNC səbəbləri

Natiq Ələsgərov deyib ki, Azərbaycanlılar üçün məsələ daha həssasdır: “Rusiyada yaşayan soydaşlarımız bu ölkənin iqtisadiyyatına, şəhərlərinə, sosial həyatına illərdir töhfə verirlər. Onların böyük əksəriyyəti Rusiyanın qanunlarına hörmət edən, öz zəhməti ilə yaşayan insanlardır. İndi isə onların danışıq tərzinin belə “şübhə əlaməti” kimi təqdim olunması ciddi narahatlıq doğurur. Əslində dövlətin təhlükəsizliyini qorumağın ən mühüm şərti şübhəni hüquqi sübutla qarışdırmamaqdır. Casusluq cinayətdir — bunun üçün konkret fakt, konkret hərəkət, konkret sübut lazımdır. Xarici aksent isə cinayət deyil. Başqa dildə danışmaq cinayət deyil. Xarici məhsulun qablaşdırmasını daşımaq cinayət deyil. Əks halda təhlükəsizlik sistemi hüququn sərhədlərindən çıxaraq sosial paranoyaya çevrilə bilər.

Ukrayna müharibəsi fonunda Rusiyada təhlükəsizlik narahatlığının artması başadüşüləndir. Lakin təhlükəsizliyi təmin etmək üçün cəmiyyətə “hər kəsdən şübhələnin” mesajı vermək təhlükəli nəticələr yarada bilər. Çünki qorxu üzərində qurulan sistemdə bir müddət sonra fərqlilik özü günah əlamətinə çevrilir.

Bu gün rusca ləhcə ilə danışan azərbaycanlı, tacik, özbək və ya digər millətin nümayəndəsi şübhəli görünürsə, sabah başqa bir kateqoriya insan eyni taleyi yaşaya bilər.
Rusiya özünü çoxmillətli dövlət adlandırır. O halda bu çoxmillətliliyin real dəyəri məhz belə məqamlarda ortaya çıxmalıdır. Təhlükəsizlik lazımdır. Amma təhlükəsizlik millətə, dilə və aksentə görə şübhələnməkdən yox, konkret cinayətə və konkret fakta əsaslanmalıdır”.

Natiq Ələsgərov deyib ki, əks halda məsələ artıq Ukrayna cəbhəsindəki təhlükədən çıxıb Rusiyanın daxilində yeni bir “daxili düşmən” axtarışına çevrilir: “Tarixdə bunun sonunun heç vaxt yaxşı bitmədiyini xatırlamaq üçün çox uzağa getməyə ehtiyac yoxdur”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir