Pişiklər kiçik yırtıcıları sevənlər üçün cazibədar olsa da, sevməyənlər də var. Hissiyatı güclü olan pişiklər sahibinin duyğularını hiss edə bilir və onları neqativ enerjidən qoruyurlar. Pişik olan evdə sükunət və harmoniya başqa cür olur. Bir pişik həvəskarı olaraq bunu rahatlıqla deyə bilərəm.
İlk baxışdan pişik sadəcə evin tüklü və tənbəl sakini kimi görünə bilər. Lakin minilliklər ərzində o, bəşər tarixinin ayrılmaz hissəsinə çevrilib. Pişiklər yalnız yaxınlıqda yaşamırdılar – hadisələrin gedişatına, inanclara və xalqların taleyinə təsir göstərirdilər.
Bəziləri heyvanlarda şüurun olmadığını düşünür, amma mən bununla heç vaxt razılaşmamışam. Pişiklər yalnız ev heyvanları deyil, bir çox tarixi hadisələrin iştirakçıları və hətta qəhrəmanlarıdır. Onların rolu çox vaxt lazımınca qiymətləndirilməyib, amma faktlar göstərir ki, pişiklər sağlamlığa, inanclara və hətta hərbi hadisələrin gedişatına təsir göstəriblər.
Qədim Misirdə pişiklər müqəddəs sayılır və taxılın qoruyucuları kimi bilinirdi. Təxminən eramızdan əvvəl 2000-ci illərdə pişiklər sevgilərinə görə deyil, ovçuluq qabiliyyətlərinə görə əhliləşdirilmişdi. Onlar taxıl anbarlarının qoruyucusu kimi tanınır, ilahə Bastetin təcəssümü kimi hörmət edilirdilər. Pişiyi öldürmək ölümlə cəzalandırılırdı.
Herodotun təsvir etdiyi məşhur bir hadisədə, eramızdan əvvəl 525-ci ildə Pelusium döyüşündə misirlilər farslara məğlub olmuşdu. Farslar bilirdi ki, misirlilər pişiklərə atəş açmayacaq; beləliklə pişiklər “insan qalxanı” kimi istifadə edilmişdi. Bu hadisədən sonra Misirdə pişiklər ilahiləşdirilməyə başladı.
Orta əsrlərdə Avropada Qara Ölüm (1347–1351) zamanı pişiklər “şeytanın əlaltıları” sayılaraq kütləvi şəkildə məhv edildi. Bu səbəbdən siçovulların sayı artdı və vaba epidemiyası daha da yayıldı. Tarixçilər hesab edirlər ki, pişiklər məhv edilməsəydi, epidemiyanın təsiri daha az olardı.
15-ci əsrdən etibarən pişiklər gəmilərdə rəsmi olaraq qəbul edilməyə başlandı. Məsələn, Britaniyanın HMS Prince of Wales döyüş gəmisindəki gəmi pişiyi Blackie 1941-ci ildə Winston Çörçill ilə birlikdə təsvir edilmişdi. Dəniz donanmasında pişiklər yalnız siçovulları tutmaqla məşğul olmurdular, həm də uğurların simvolu sayılırdılar. Ən məşhurlarından biri, HMS Ametist pişiyi Saymondur, 1949-cu ildə Çin böhranı zamanı ekipajı epidemiyadan xilas etmiş və Britaniyada heyvanlar üçün ən yüksək hərbi mükafat olan Dickin medalına layiq görülmüşdü.
Pişiklər təkcə tüklü dostlar deyil, tarixin əsl qəhrəmanlarıdır. Onlar müharibələrdə iştirak edib, şəhərləri epidemiyalardan xilas edib, sivilizasiyalara ilham verib və əsrlər boyu insan qidasını qoruyublar. Onların hekayəsi bizim hekayəmizin bir hissəsidir.
Pişik heç vaxt sadəcə ev heyvanı olmayıb. O, sağ qalmanın, intuisiya və sükutun simvoludur. Məbədlərdə, gəmilərdə, səngərlərdə, saraylarda və mətbəxlərdə yaşayırdı. Siçan tutur, uşaqları yatdırır, müharibələri, epidemiyaları və fəlakətləri insanlarla birlikdə yaşayırdı. Pişiklərin tarixi bizim yanımızda yaşayan bir tarixdir. Sözsüz, pafossuz, amma həmişə yanımızdadır. Bəlkə də onlar bizim haqqımızda, bizim onların haqqında bildiyimizdən daha çox şey bilirlər.
Suheyla Məhərrəmova
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin