Cəmiyyətdə hər kəs yaşayır, amma insan kimi yaşamaq çox az adamın payına düşür. Nəfəs alırıq, işləyirik, gəzirik… amma içimizdə nəsə çatışmır. Kiminlə danışırsan, gileylidir. Hamı yorulub. Ruhən. Sakit görünürük, amma içimizdə qopan fırtınalar var.

İnsanlar bir-birinə qarşı laqeyddirlər. Kimin başına nə gəlir-gəlsin, bir-iki baxış, bir-iki söz – vəssalam. Heç kim bir-birinin dərdinə yanmır. Əvvəllər evdə xəstə olanda qonşular yemək bişirib gətirərdi, indi isə qapı döyülmür. Soruşan yoxdur.

Kiminsə vəziyyəti pisləşən kimi yanında heç kim qalmır. Əvvəllər qohum, dost, qonşu bir yerdə olardı. İndi hər kəs öz dərdində itib. Amma əgər imkanı varsa, pulu varsa, həmin adam dərhal hörmətli olur. İnsan yox, pul sevilir.

İndi cəmiyyət maraq üzərində qurulub. Dostluq da, qohumluq da, qonşuluq da marağa bağlanıb. Sənin çətinliyini soruşan yoxdur, amma pulun varsa, yanındadırlar. O da öz işləri üçün.

İnsanların çoxunun banklara borcu var. Kreditlər altında əzilib qalıblar. Maaşını alan kimi borclarını bağlayır, sonra da çatışmayanı ödəmək üçün yenidən borc götürməyə məcbur qalırlar. Bu da insanları gərgin edir. Kiçik söz-söhbət, adi bir fikir aqressiyaya səbəb olur. Kimsə dözmür. Dərdini içində saxlayan insanlar bir anda partlayır, əsəbini də qarşısındakına tökür.

Cəmiyyət əsəbi və səbirsizdir. Öz dərdini başqasına bağırmaqla çıxaran insanlar doludur. Əvvəlki dözümlü, anlayışlı insan tipi yoxa çıxır. Hər kəsin içi doludur. Amma heç kim bir-birinə dəstək olmaq istəmir.

Ən pisi də odur ki, insanlar bir-birinin arxasınca danışır, amma üzünə heç nə demirlər. Saxtakarlıq adi hal alıb. Bir-birinə gülüb, içindən nifrət edən çoxdur. Bir nəfərin problemi var, o adamla bağlı qeybət edən on nəfər tapılar, amma “gəlin kömək edək” deyən bir nəfər yoxdur.

Sosial şəbəkələr də bu problemi daha da dərinləşdirib. İnsanlar artıq orada yaşayırlar. Orada hiss edir, danışır, düşünür, paylaşırlar. Amma gerçək həyatda yox kimidirlər. Kim harada nə yeyib, hansı restoranda oturub — paylaşır. Kiminlə gəzib, hansı paltarı geyinib – göstərir. Amma içi bomboşdur.

Ən böyük fəlakət odur ki, insanlar dəyər yerinə görüntüyə aludə olublar. Elm, savad, mədəniyyət – bunlar artıq kənarda qalıb. Bu gün uşaqlar telefonda gördüyünü təkrar edir. Artıq valideyn deyil, telefon tərbiyə verir.

Müğənnilik adı altında tərbiyəsizliyini paylaşan, səsi olmayan, amma bədəni ilə gündəmə gələn insanlar baş tacı edilir. Onlara baxan uşaqlar düşünürlər ki, həyat elə budur. Dəyər verilməyəni görüb, elə böyüyürlər.

Oyun parkları boşdur, çünki uşaq telefonla böyüyür. Valideyn işləməkdən, telefonla oynamaqdan uşağa vaxt ayıra bilmir. Uşaq tək qalır, içində danışır, amma onu anlayan yoxdur. Ədəbsizlik görür, onu normal sayır. Sonra da deyirik ki, nəyə belə oldu cəmiyyət?

Uşaqlar böyüyür, amma nə başını qaldırıb ailəsinə baxır, nə dostuna vaxt ayırırlar. Hamı telefonda, həyat isə ekrandan kənarda baş verir. Dostlar bir masada oturur, amma biri-birinə baxmır. Əvvəllər adam bir insanla görüşmək üçün gün ayırardı, indi isə onlayn salamlaşmaq kifayət edir.

Gənclər gələcəyinə inanmır. Savadın qiyməti yoxdur deyirlər. Çünki görürlər ki, nə qədər savadlı olsan da, imkanlı adam qədər dəyərin yoxdur. Səhnələrdə, sosial şəbəkələrdə danışığını bilməyənlər, əyri adamlar hörmət görür. Təmiz, əxlaqlı, savadlı adam isə “gözə dəymir”.

Pozğun həyat tərzi ilə yaşayan insanlar daha rahatdırlar. Nə təzyiq görürlər, nə də qınaq. Əksinə, onları dəstəkləyənlər var. Elə bil cəmiyyət onları haqlı sayır və onların tərəfini tutur. Amma doğru, əxlaqlı, sakit adamlar ya susdurulur, ya da görünməz olur. Çünki indi səs salan qalır ön planda. Kim doğru olmağa çalışırsa, onu kənara atırlar, amma yalan danışanlar daha çox hörmət görürlər.

Bir də baxırsan, sosial şəbəkələrdə iki yad ölkə arasında problem yaşanır – minlərlə insan bir-birini təhqir edir. Sanki öz problemi yoxmuş kimi başqalarının dərdi ilə yaşayır. Halbuki öz evində bir dostuna zəng etməyə vaxt tapmayan adam başqa ölkənin siyasətini müzakirə edir. Öz uşağını düşünmək əvəzinə başqalarının kimlə nə etdiyini müzakirə edir.

Cəmiyyət qeybətlə nəfəs alır. Kiminsə başına nəsə gələndə gülən, tənə vuran çoxdur. Amma yanına gedib “nə olub, kömək lazım deyil?” deyən yoxdur. Heç kim bir-birinin üzünə səhvini demir. Amma hamı arxada səhv axtarır. Əgər kimsə kiminsə şəxsi həyatını müzakirə edirsə, heç olmasa, bunu kömək məqsədilə, arxa durmaq üçün et.

Əgər kömək edə bilmirsənsə, heç olmasa, qınama.

Əgər gülümsəyə bilmirsənsə, heç olmasa, acı söz demə.

Əgər heç nə etmirsənsə, heç olmasa, pislik etmə. Çünki bu gün etdiyin sadə bir insanlıq sabah birinin həyatını dəyişə bilər. Bu cəmiyyətin qurtuluşu təmtəraqlı şüarlarda deyil, sadə, səmimi ürəklərdədir.

Tural Qoca

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir