Televiziyalardakı xəbərlər proqramlarını “Bədxəbər” proqramı adlandırsaq daha uyğun olar. Çünki çoxu xəbərlərə, ölkədə baş verən ən pis hadisə ilə başlayır. El içində belə məlumatları hamıdan qabağa düşüb həvəslə yayan adamlara ya “bəyquş”, “loxəbər” yada “bədniyabət” deyirlər
Onsuz da sosial, psixoloji sıxıntılar içində çırpınan insanlar kifayət qədər yüklənib. Axşam evə yorğun gəlib televizoru yandıran kimi qara xəbərlərlə də üstəlik qanı qaralır: “Filan rayonda bədbəxt hadisə nəticəsində bir ailənin bütün üzvləri həyatını itirdi”, “əllan rayonda elektrik cərəyanından bir ev yanaraq içindəkilərlə birgə külə döndü”, “behman rayonda quduz it uşağı parçaladı”…
Sabah – axşam yalnız belə bəd xəbərləri eşitməkdənsə bir bəyquş alıb evdə qəfəsə salıb gündə 3 dəfə qulaq asmaq ondan yaxşıdır.
Əlavə bir kriminal veriliş yaxud kanal açın, nə qədər istəyirsiniz qanlı hadisələri orada göstərin. Özü də aparıcılar da elə həvəs və hiss-həyəcanla, vahimə ilə, xüsusi pafosla xəbəri işıqlandırır ki… Belə şeylərlə qazanılan reytinqin bərəkətini Allah kəssin.
Ölkədə psixoloji durumu yerində olan normal bir psixoloq da yoxdur ki, çıxa izah edə ki, uşaq, yaşlı, xəstə demədən bir evdə gündə 8 dəfə bəd xəbərə qulaq asmaq nə dərəcədə “faydalı”dır. Yaxşı, bədbəxt hadisəni proqrama salıbsınız, salın. Daha onu başlanğıcda vermək, hay – həşir, iniltili musiqilərlə insanları riqqətə gətirmək nəyə xidmət edir? Bu ölkədə yalnız bədbəxt hadisələrmi baş verir? Həmişə bəyquş olmaq nəyə lazımdır, arada bülbül də olun. Bircə dəfə də proqramı xoş xəbərlə başlayın ki, öz işiniz də, qulaq asanların əhvalı da xeyirli, uğurlu olsun…
Sədaqət Əliyeva
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

