28 may 1992-ci ildə Naxçıvanla qardaş Türkiyə arasında “Ümid körpüsü”nün açılışını edən böyük şəxsiyyət Heydər Əliyev həmin günün tarixi çəkisini daha da artırdı. 28 Mayın 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılış günü olduğunu çox yaxşı bilən ümummilli lider Azərbaycana ikinci dəfə rəhbər təyin ediləndə bunu xüsusilə vurğuladı. O, 15 iyun 1993-cü il Milli Məclisdə çıxışı zamanı Azərbaycanın tarixi müstəqilliyinə bir daha diqqət yetirir: “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır”. Bu sözləri dediyi vaxtdan ölkəni milli ənənələr üzrə dünya standartlarına uyğun şəkildə idarə edən ulu öndərin 95 illik yubileyi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə eyni ilə və eyni aya təsadüf edir.
Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 21 sentyabr 1993-cü ildə AMEA-da ölkənin ziyalıları ilə görüş keçirməsi də təsdiq edir. Bir nüansı da unutmayaq ki, bu onun hələ sovetlər dönəmindən əsasını qoyduğu rəhbər və xalq təmasının ənənələri əsasında baş verirdi.
Bütün hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqətində saxlamışdır. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların əsas dayağı və istinad nöqtəsi olan ulu öndər həm ədəbiyyata bələd olmuş, həm də bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşmışdır. Bunu onun hələ sovetlər dönəmində yazarların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir. O həmin qurultaylarda iştirak etməklə həm qurultay iştirakçılarına stimul verir, həm də onların məsuliyyətini daha da artırırdı.
Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla kifayətlənmirdi. Qüdrətli Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəkarına çevrilirdi. Ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. Bu həm müasir inkişafa, həm də tarixin qorunaraq gələcəyə ötürülməsinə zəmin yaradırdı. Deyilən fikirlərə sübut olaraq hələ sovetlər vaxtı yaradılmış ədəbiyyat ocaqlarını misal göstərə bilərik.
Hakimiyyətə gəldiyi ilk dönəmlərdə 12 avqust 1969-cu il Qazaxda Molla Pənah Vaqifin ev muzeyinin yaradılması qərarının verilməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı. Bu, qədim Şamaxı torpağının hələ orta əsrlərdən söz-sənət yuvası olduğuna bələdçilik və ona qayğının təzahürü demək idi.
Tarixə nəzər saldıqda görürük ki, Heydər Əliyev 60-70-ci illərdə olduğu kimi 80-ci illərdə də ədəbiyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci ilin 11 dekabrında Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz böyüklük idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda, məhvindən yarım əsr keçməmiş öz vətəninə təmtəraqlı surətdə təhvil vermək tarixi ədalətsizlik üzərində milli qələbə idi.
Görülən ədəbiyyatyönümlü işlər bunlarla kifayətlənmirdi. Heydər Əliyev 15 yanvar 1982-ci ildə Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsuilə qeyd etmişlər. Onlardan biri də Cabir Novruzdur. O, “Şuşa yolu” poemasında həmin açılış mərasiminin incəliklərinə belə toxunur: “Mənfur, paxıl ermənilər məzlum-məzlum baxırdılar, süzürdülər. Özlərini üzürdülər… Vaqifin bu movzoleyi onlar üçün Göz dağıydı bilirdilər”.
Bütün bunlarla yanaşı, onun hakimiyyətinin birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu o dövr üçün yaşayan yazarlara böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir.
Klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 13 sentyabr 1973-cü ildə bəşəri klassikimiz İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda İ.Nəsimin abidəsi qoyuldu.
Qarşıdan bəşəri şair Nizami Gəncəvinin yubileyləri gəlirdi. Bu münasibətlə 6 yanvar 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün zidiyyətlərinə baxmayaraq qərarda Nizami Gəncəvinin məhz Azərbaycanın şairi olmasının qabarıq vurğulanması siyasətin ədəbiyyatda qələbəsi idi. Bu o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycanın şairi olaraq öyrənir və təbliğ edirdi. Baxmayaraq ki, müasir dövrümüzdə də bu məslələrlə bağlı müəyyən lazımsız müzakirələr davam edir, ulu öndər zamanında həmin məsuliyyətli işin öhtəsindən də milli peşəkarlıqla gəlmişdir. Qərarın icrasından irəli gələrək 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirilmişdir.
Sovet dövründə həyata keçirilən yubiley mərasimlərinə nəzər saldıqda heç bir diqqətsizliyin edilmədiyini, hər bir mütəfəkkirə vaxtında və yüksək səviyyədə diqqət ayrıldığını hiss edirik. Yubliyarlar müxtəlif zümrələri əhatə edirdi. Məsələn: 1974-cü ildə 90 illiyi keçirilən Hüseyn Cavid represiya qurbanı olmuşdur. 25 may 1979-cu ildə romantik şair Məhəmməd Hadinin 100 illiyi, 17 oktyabr 1980-ci ildə isə mollanəsrəddinçi tənqidi realist şair Əliqulu Qəmküsarın 100 illiyi qeyd edilmişdir. 12 iyul 1982-ci ildə isə qadın şair olan Mirvarid Dilbazinin 70 illiyi dövlət səviyyəsində keçirilmişdir.
Heydər Əliyevin sovet hakimiyyəti dövründə yazarlara olan etimadını və qayğısını sadaladığımız faktlarla məhdudlaşdırmaq olmaz. O həmçinin 27-31 oktyabr 1980-ci il Bakıda keçirilən dünya yazıçılarının “Ədəbiyyatların dostluğu-xalqların dostluğudur” Ümumittifaq konfransını təşkil edərək dünya yazıçılarını bir araya yığmağı bacarmışdır. Zamana və məkana diqqət yetirsək görərik ki, o cür tarixi dönəmdə bu qədər dünya yazarları Moskvaya yox, məhz Bakıya gətirilmişdir.
Bu hadisədən cəmi bir il sonra 12 iyun 1981-ci ildə yazarların VII qurultayında Heydər Əliyev birbaşa Cənub ədəbiyyatı məsələlərinə toxunur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi “Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək olur. Kitabda 1969-1999-cu illər Heydər Əliyevin ədəbiyyatla bağlı fəaliyyəti əhatə olunmuş, çıxışlarından sitatlar verilmişdir. Həmin sitatlardan birində deyilir: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər… Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”. (səh. 146)
Sovet dövründə cərəyan edən bu hadisələr müstəqillik illərində anbaan reallaşdırılmaqda davam edirdi. Çünki cənubi Azərbaycan ədəbiyyatı və onlarla əlaqə həmişə ulu öndərin diqqətində olan məsələlərdən olub. Bunun nəticəsi olaraq 29 oktyabr 1997-ci ildə “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalanmışdır. Ümumiyyətlə, söz adamlarına qarşı göstərilən dövlət qayğısı ölkəmiz müstəqillik qazandıqdan sonra da davam etdirilmişdir.
90-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görülmüşdür.
Milli xidmətlərinə görə daim Atatürklə müqayisə edilən Heydər Əliyev 6 noyabr 1996-cı ildə Türk Dünyası Yazıçılarının III Qurultayında çıxışı zamanı bəşəri və ortaq türk abidələrinin adlarını vurğulamaqla böyük türk coğrafiyasının xəritəsini cızmışdır: “Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyada tanıdan ölməz əsərlər yaratmışlar…” Sitatda adı çəkilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin UNESCO çərçivəsində keçirilməsi deyilən fikirlərin əməli təsdiqidir.
Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi müstəqillik illərində də yazıçıların qurultayında iştirak etmişdir. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı və söylədiyi “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm” – sözləri yazarlar üçün böyük etimad idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azəbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnalları və “Ədəbiyyat qəzeti”, dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başladı.
Heydər Əliyevin ədəbiyyat sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da söyləmək lazımdır. 1997-2000-ci illərdə “Dədə Qorqud” dastanının Bakı ilə yanaşı, Drezden və YUNESKO-da yubileyinin təşkili fikirlərimizi əsaslandırır. 2000-ci ildə “Kitabı-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə həyata keçirilən kütləvi silsilə tədbirlər nəinki folklorşünaslığa, o cümlədən ədəbiyyatşünaslığa böyük təkan verdi. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev 28 dekabr 2013-cü ildə “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” və 20 fevral 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalamışdır.
“Dədə Qorqud” eposuna verilən dövlət dəyəri milli kimliyə verilən əvəzolunmaz dəyər idi. Heydər Əliyevin bu tipli xidmətlərini nəzərə alan beynəlxalq qurumlar onun fədakarlıqlarını dəyərləndirməyi də unutmamışlar. 1986-cı ildən təsis edilən Beynəlxalq Atatürk Sülh Mükafatının 1 noyabr 1999-cu ildə Heydər Əliyevə verilməsi də həmin dəyərin bir parçasıdır. Bundan bir il sonra 22 iyun 2000-ci il Moskvada azərbaycanlıların ümumrusiya konqresində çıxış edən milli rəhbər bir daha hər bir azərbaycanlının yanında olmaqdan qürurlandığını sübut edir. Harada yaşamasından asılı olmayaraq milli dövlətçilik marağına xidmət etməli olduqlarını vurğulayır. Öz fəaliyyətində bunun ən yaxşı nümunəsini göstərir. 9 mart 2001-ci ildə paytaxtda Atatürk Mərkəzinin yaradılması ilə milli xidmətlərə daha bir töhfə əlavə edir.
Heydər Əliyev yalnız ədəbiyyatın yox, həmçinin ədəbiyyatın əsas istinadgahı olan dilin də inkişafını diqqətdən kənarda saxlamamışdır. 18 iyun 2001-ci il “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” AR Prezidentinin Fərmanı ilə uzun illər dilimiz üzərində hökmranlığa can atmış rus dilinin hegemonluğunu azaltdı. Bir neçə ay sonra, 1 avqust 2001-ci ildə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” AR Prezidentinin Fərmanı verilməklə kril əlifbasının da yarıməsrdən çox davam edən hökmranlığına son qoyulmuşdur. 4 yanvar 2003-cü il “Azərbaycan Respublikası Dövlət dili haqqında” Qanunu”nun tətbiq edilməsi barədə” AR Prezidentinin Fərmanı isə bütün bu işlərin məqsədyönlü uğurlu nəticəsi idi.
Heydər Əliyevin ədəbiyyat adamlarına qarşı sevgisi birtərəfli olmamış, onlar da daim bu şəxsiyyətin fəaliyyətini müxtəlif janrlarda olan əsərlərlə işıqlandırmışlar. Hələ sovetlər zamanında, 1974-cü ildə Cənubi Azərbaycan şairi Bulud Qaraçorlu Səhəndin yazdığı “Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” şeiri sonralar çoxlu ardıcıllar tərəfindən davam etdirilmişdir. Müstəqillik dövründə eyni mövzulu çoxlu lirik şeirlər yazılmaqla bərabər irihəcmli poemalar da qələmə alınmışdır. Bu əsərlərə nümunə olaraq Elxan Zal Qaraxanlının “Anıt məzar dastanı”, Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”, Sabir Mustafanın “Qayıdış”, Ramiz Məmmədzadənin “Zirvə”, Fikrət Qocanın “Gərək bu günləri görəydin özün”, Fəridə Ləmanın “Onu zaman seçib”, Rəfiq Zəka Xəndanın “Heydər baba”, Elman Həbibin “Heydərnamə”, Ramiz Duyğunun “Prezidentin ürəyi”, Ramiz Heydərin “İlhamlı gələcək”, Mirkazım Seyidovun “Heydər dühası” və s. göstərə bilərik. Eyni zamanda Heydər Əliyevin obrazı yaradılmış səhnə əsərlərinə Hidayətin “Burdan bir atlı keçdi” pyesini, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, Aqşin Babayevin “Xilaskar” tamaşalarını, İftixar Priyevin “Qurtuluş dastanı” dramı misal gətirə bilərik.
Bir nüansa da toxunmaq lazımdır ki, Heydər Əliyevin həyat və fəaliyyəti yalnız bədii əsərlərdə deyil, tədqiqat əsərlərində də əksini tapmışdır. Bu əsərlərdən biri ilk nəşri 1998-ci ildə, ikinci nəşri 2009-cu ildə olmuş “Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı” kitabıdır. 2010-cu ildə AMEA Ədəbiyyat İnstitutu tərəfindən təqdim olunan bu kitab ədəbiyyat sahəsi üzrə Azərbaycan Respublikası Dövlət mükafatına layiq görülmüşdür. Bunlardan əlavə Tərlan Novruzovun “Heydər Əliyev və ədəbiyyat məsələləri”, Elmira Axundovanın 2014-cü ildə çap olunmuş 6 cildlik “Heydər Əliyev: şəxsiyyət və zaman” publisist romanı da bu fenomenal şəxsiyyətin ədəbiyyatla bağlılığını əsaslandırmış, oxuculara təqdim etmişdir.
Göründüyü kimi Heydər Əliyev hər bir ədəbiyyat insanına xüsusi qayğı göstərmiş, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmuşdur. Bunlarla yanaşı onun özəl olaraq sevdiyi sənətkarlar və əsərlər də olduğu heç kəsə sirr deyil. Həmin sıraya C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Azərbaycan”, M.Şəhriyarın “Heydərbabaya salam”, Ü.Hacıbəylinin “Koroğlu”, H.Cavidin “İblis” əsərləri və “Molla Nəsrəddin” jurnalı daxildir. O, bu sevginin qarşılığını daim öz xalqı tərəfindən hiss etmiş, bundan ilham almışdır.

Gülnar Səma

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir