Yenifikir.media tanınmış şair Faiq Hüseynbəylinin şeirlərini təqdim edir :
Kimlərdənsiniz?
Çox şeylər bilirəm, amma dinmirəm,
Bilirəm kimsiniz, kimlərdənsiniz.
Ritmə oturmayan, kökündən düşən,
Mizraba gəlməyən simlərdənsiniz.
Çox şeylər bilirəm, vurmuram üzə,
“Dırnaqda yazıram” yazanda sizə.
(Açıram hər dəfə bir mötərizə),
Bir az da ağıldan kəmlərdənsiniz.
Yenə hay salmısız bəndə-bərəyə,
Hikkəniz uduzar sevən ürəyə.
Xətir qoymadınız duza-çörəyə,
Quru bəy adında nəmlərdənsiniz.
Şeytana, iblisə tapınanların,
Baltaya ağacdan sap olanların –
Yerləri dəyişsə toplananların,
Həlli dəyişməyən cəmlərdənsiniz.
Siz haqqa züy tutan yanlış bəndələr,
Quyudan danışan qamış bəndələr.
Tanıdım sizləri, tanış bəndələr,
Şadlığa daralan qəmlərdənsiniz.
Sizi tanımadım, tanış gəlirsiz,
Məni bağışlayın, kimlərdənsiniz?
***
Bir gün olub-bitənlər
Yazılar bir tərəfə,
Narazılar bir yana,
Razılar bir tərəfə.
Alınmazdı qalalar,
Haqdan gəldi bəlalar…
Bir tərəfə tulalar,
Tazılar bir tərəfə.
Bitən deyil oyunlar,
Əyilməzdi boyunlar…
Sıralansın qoyunlar,
Quzular bir tərəfə.
Hara gedir bu yollar?
Tez-tez dəyişir rollar.
Bir tərəfə “trollar”,
Asilər bir tərəfə.
Söz kimi yansın şamlar,
İşıqlansın axşamlar.
Başa keçsin adamlar,
“Hozular” bir tərəfə.
Həqiqətlər yazılar,
Yazılanlar az olar…
Sözün qəbri qazılar,
Qazılar bir tərəfə.
***
Hazır nə var dünyada? –
Desəm, yeridir, dostum.
Hər şey zəhmət bəhrəsi,
Alın təridir, dostum.
Sənə yazdığım şeir
Mindən biridir, dostum.
Birin min olsun, amin!
Arzun çin olsun, amin!
Hazır nə var dünyada? –
Olanlar sirrdi təndə.
Sevgilər yuva qurub
Bu ruhda, bu bədəndə.
Sevgi nədir? – vətəndir,
Mən qəribəm vətəndə,
Ruhun şən olsun, amin!
Eşqə tən olsun, amin!
Ey sevginin aynası,
Bir bədənsən, bir cansan.
Sən dünyanın özüsən,
Məkansan və zamansan.
Göy üzündə Tanrısan,
Yer üzündə insansan,
Hamı sən olsun, amin!
Eşqin “ən” olsun, amin!
Gəl, sənə bir söz deyim,
Aramızda sirr olsun.
Vicdan olsun qibləmiz,
Əqidəmiz pir olsun.
Gündüzlərin günəşli,
Gecələrin nur olsun.
Günün gün olsun, amin!
Qəm sürgün olsun, amin!
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

