ABŞ Prezidenti Donald Tramp bu gün CNBC News telekanalına verdiyi müsahibədə bildirib ki, dünya bazarında neftin qiymətinin bir barel üçün 10 dollar azalması Rusiya Federasiyasını Ukraynada hərbi əməliyyatları dayandırmağa məcbur edə bilər.

“Əgər neftin qiyməti bir barel üçün daha 10 dollar düşsə, başqa yolu qalmayacaq. Onsuz da iqtisadiyyat ağır vəziyyətdədir”, – deyə Tramp vurğulayıb.

Trampın bu müsahibəsini sabiq millət vəkili, politoloq Elşad Mirbəşir Yenifikir.media-ya şərh edib. O bildirib ki, enerji daşıyıcıları ilə bağlı Rusiyaya sistemli şəkildə sanksiyalar tətbiq olunur. Son illərə qədər Avropa İttifaqının təbii qaza olan tələbatının təxminən 48–50 faizini Rusiya təmin edirdi. Sonralar bu rəqəm ciddi şəkildə aşağı düşdü və 2028-ci ilə qədər Avropa İttifaqı ümumiyyətlə Rusiya qazından imtina etməyi düşünməkdədir. Bunu neftə də aid etmək olar. Bildiyiniz kimi, Rusiya neftinin ən yüksək qiymət həddi müəyyənləşdirilib. Sözsüz ki, o, bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı bir həddir, amma bütün bunlara baxmayaraq, görünən reallıq ondan ibarətdir ki, eyni zamanda Rusiya rəsmilərinin də bildirdiyinə görə, bu sanksiyalar Rusiyaya ciddi təsir göstərmir.

Təbii ki, başqa istiqamətlərdə Rusiyanın çox böyük alıcıları var. Bu mənada Çini və Hindistanı xüsusi qeyd etmək lazımdır. ABŞ Hindistanı hədələyir ki, Rusiyadan neft almağı dayandırmasa, Hindistan məhsullarına 35 faiz rüsum tətbiq ediləcəkdir. Hesab edirəm ki, ABŞ özü üçün həm iqtisadi, həm də siyasi cəhətdən daha münbit şərtləri təmin etmək istəyir.

Bu baxımdan hesab edirəm ki, burada məsələ təkcə Rusiyanın müharibəni dayandırmağa vadar edilməsi ilə bağlı deyil. Təxminən bir neçə gün öncə bildiyimiz kimi, ABŞ Avropa İttifaqı ölkələrinə münasibətdə də bu rüsum müharibəsini başlatdı və nəticə ondan ibarət oldu ki, Avropa İttifaqı ilə ABŞ arasında, ABŞ-ın maraqlarına cavab verən bir razılaşma imzalandı. Avropa İttifaqı ABŞ-dan 750 milyard dollarlıq silah-sursat almaq öhdəliyini öz üzərinə götürdü. Bununla yanaşı, Amerika iqtisadiyyatına 650 milyard dollar sərmayə yatıracağı ilə bağlı da öhdəlik götürmüş oldu.

Gördüyünüz kimi, burada da ABŞ-ın maraqları təmin olunub. Hindistana gəldikdə isə, hansısa siyasi və iqtisadi dividentlər əldə olunacaqdı.

Bəs bu, Rusiyanın Ukraynada müharibəsinin dayandırılmasına gətirib çıxaracaqmı? Bu, inandırıcı deyil. Çünki elə bazarlar var ki, onlar bu günlərdə Rusiya neftindən və qazından imtina etmək iqtidarında deyillər. Neftin 10 dollar aşağı düşəcəyi təqdirdə ABŞ gözlədiyi nəticəni əldə edəcəyini düşünürsə, hesab edirəm ki, burada da yanlış hesablamalar var. Çünki bu günlərdə dünya bazarı ilə müqayisədə Rusiya neftinin ən yüksək alına biləcək həddi müəyyənləşdirilir. Bu istiqamətdə hansısa bir nəticəni görmürük. Müəyyən zaman keçdikcə hansısa nəticələr ola bilərmi – bunu, təbii ki, zaman göstərəcək. Alternativ bazarlarda Rusiya məhsullarının daha artıq satılacağı təqdirdə bu plan işləməyə bilər, amma əgər ümumiyyətlə bazarlar məhdudlaşarsa, ola bilsin, bunun hansısa nəticələri olsun.

Samirə.H

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir