(monoqrafiya)
(AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Elmi Şurasının 19 iyun 2025-ci il tarixli
(pr.№ 4 ) qərarı ilə nəşr olunub.)
Bakı, “Elm və təhsil”, 2025, 300 səh.)
Ədəbiyyat tariximizdə ilk dəfə qələmə alınan dəyərli tədqiqat
XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı və mədəni fikri üçün dərin məna daşıyan, ictimai-siyasi proseslərlə sıx şəkildə bağlı olan mühüm bir mərhələdir. Bu dövr xalqın milli şüurunun oyanması, mənəvi-mədəni kimliyinin formalaşması, müasir ədəbi düşüncə tərzinin təşəkkülü baxımından tariximizin qızıl səhifələrindən biri hesab olunur. Ədəbi proseslər təkcə Azərbaycan Respublikasının hazırkı sərhədləri daxilində deyil, onun bütün tarixi-coğrafi ərazilərində – xüsusilə Şimali və Cənubi Azərbaycanda, həmçinin Qərbi Azərbaycan, Tiflis, İrəvan, Dərbənd, Dağıstan və digər regionlarda da geniş miqyas almışdır. Bu bölgələrdə yaranan ədəbi mühit zaman-zaman bir-birindən fərqli siyasi və sosial şərtlərdə fəaliyyət göstərsə də, onları birləşdirən əsas məqam xalqın mədəni yaddaşı, ortaq dili və milli kimlik uğrunda mübarizə olmuşdur.
XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin ortalarına qədər ədəbi mühitin formalaşmasında klassik ənənələrin davam etdirilməsi ilə yanaşı, maarifçilik ideyalarının geniş yayılması, yeni tipli mətbuat orqanlarının yaranması və teatr sənətinin inkişafı mühüm rol oynamışdır. Bu dövrün ədibləri həm öz dövrlərinin sosial-siyasi problemlərinə toxunmuş, həm də milli kimliyin və mənəvi dəyərlərin qorunmasında sözün gücünü əsas vasitəyə çevirmişlər.
Şimali Azərbaycanda XIX əsrin birinci yarısından etibarən maarifçi hərəkatın güclənməsi, rus-müsəlman mək- təblərinin açılması, Avropa mədəniyyətinə artan maraq və mətbuat orqanlarının fəaliyyətə başlaması ilə ədəbi düşüncə yeni istiqamətdə inkişaf etməyə başladı. Bu dövrdə Molla Vəli Vidadi, Molla Pənah Vaqif kimi klassiklərdən bəhrələnən, lakin daha realist və ictimaiyönümlü əsərlər yazan Mirzə Fətəli Axundzadə realist nəsrin banisi kimi çıxış etdi. Onun ardınca Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi kimi maarifpərvər ədiblər söz sənətini xalqın maarifləndirilməsi və sosial problemlərin ifşası yolunda bir vasitəyə çevirdilər.
XX əsrin əvvəllərində isə “Molla Nəsrəddin” jurnalı ətrafında toplaşan Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə kimi realist-satirik yazarlar ədəbiyyat vasitəsilə cəmiyyətdəki ziddiyyətləri göstərir, xalqın hüquq və azadlıq uğrunda mübarizəsinə ruh verirdilər. Bu dövrdə Azərbaycan teatrı da formalaşaraq ədəbi fikrin yayılmasında əsas tribunaya çevrildi. Ədəbi fəaliyyət artıq təkcə yazılı formada deyil, səhnə və mətbuat vasitəsilə də geniş ictimai təsir gücü qazanmışdı.
Cənubi Azərbaycanda, xüsusilə Təbriz, Urmiya, Xoy, Mərənd və Ərdəbil kimi şəhərlərdə ədəbiyyat uzun müddət dini-mistik çərçivədə inkişaf etsə də, XIX əsrin sonu və XX əsrin əvvəllərində baş verən milli hərəkatlar – xüsusilə Səttarxan və Bağırxan kimi liderlərin öncüllük etdiyi Məşrutə inqilabı – ədəbi düşüncəyə yeni istiqamət verdi. Bu dövrdə Mirzə Tağıxan Rəfət, Həbib Sahir, Əbdülqasım Lahuti, daha sonra isə Məhəmmədhüseyn Şəhriyar kimi görkəmli ədiblər meydana çıxdı. Onlar milli dilin qorunmasına, ana dilində yazının və təhsilin təşviqinə, xalqın sosial-ictimai haqlarının müdafiəsinə xidmət edən əsərlər yazdılar.
Cənubda milli dildə yazı və söz azadlığına qarşı təzyiqlərə rəğmən, ədəbi mühit xalqın milli kimliyini qorumaq üçün ən mühüm platformaya çevrildi. Bu dövrdə “ana dili”, “Vətən”, “azadlıq”, “millət” kimi anlayışlar poeziyanın mərkəzinə hədəfləndi. Şəhriyarın “Heydərbabaya salam” poeması yalnız bir poetik əsər deyil, həm də Cənub ədəbi mühitinin çağırış manifestinə çevrildi.
Azərbaycan ədəbi proseslərinin inkişafında regionların mədəni əlaqələri də mühüm yer tutur. Tiflis və İrəvan kimi şəhərlər XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının və ədiblərinin toplaşdığı mərkəzlərə çevrilmişdir. Burada nəşr olunan qəzet və jurnallar, ədəbi məclislər və teatrlar mədəni inteqrasiyanı gücləndirmiş, bölgələr arasında fikir mübadiləsini təmin etmişdir. Xüsusilə “Məclisi-üns” (Şuşa), “Məclisi-fəramuşan” (Tiflis), “Məclisi-xanəndə” kimi ədəbi birliklər ədəbiyyatın təşkilatlanmasına və istedadların yetişməsinə zəmin hazırlamışdır.
Beynəlxalq Elmlər Akademiyasının akademiki , filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Azərbaycanda və tarixi coğrafiyasında milli-ədəbi mühit (XIX əsr-XX əsrin əvvəlləri) monoqrafiyasında XIX-XX əsrlərdə Azərbaycanın müxtəlif tarixi və coğrafi bölgələrində formalaşan ədəbi mühitin əsas xüsusiyyətləri, onun təşək- külündə iştirak edən görkəmli nümayəndələr, yaranmış ədəbi istiqamətlər və onların milli mədəniyyətə təsiri ətraflı şəkildə təhlil edilir. Alim təkcə ədəbi faktları sadalamaqla kifayətlənmir, bu mühitin yaranma səbəblərini, daxili dinamikasını və regionlararası qarşılıqlı təsirini ortaya qoyur. Bu yanaşma həm Azərbaycan ədəbiyyatının bütövlükdə inkişaf xəritəsini anlamağa, həm də hər bir bölgənin ümumi mənzərədəki yerini müəyyən etməyə xidmət edir.

Görkəmli ədəbiyyatşünas, professor Vüqar Əhməd haqlı olaraq belə bir qənaətə gəlir ki, XIX-XX əsrlərdə Azərbaycanın müxtəlif tarixi-coğrafi bölgələrində yaranan ədəbi mühit, ümumilikdə milli mədəniyyətin və ədəbiyyatın zənginləşməsində mühüm mərhələ təşkil etmiş, həm milli özünüdərkin, həm də bədii təfəkkürün inkişafında silinməz izlər buraxmışdır. Bu məqsədlə də məqsədi də məz həmin dövrün ədəbi mənzərəsi monoqrafiyada dolğun şəkildə əks olunmuş, bölgələrarası ədəbi əlaqələr və dövrün başlıca ədəbi nümayəndələrinin fəaliyyəti araşdırılmışdır.
Əminik ki, filoloq alimin növbəti tədqiqat əsəri Azərbaycan ədəbi mühitinin daha dərindən mənimsənilməsinə, gələcək araşdırmalara etibarlı bünövrə rolunu oynayacaq və Azərbaycan ədəbi tarixinin kompleks şəkildə öyrənilməsinə öz töhfəsini verəcəkdir.


Nazilə Abdullazadə
pedaqogika uzrə fəlsəfə doktoru, dosent
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

