8avqust 2025-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüş, Cənubi Qafqazın geosiyasi tarixində yeni səhifə açdı.

Bu fikirləri Yenifikir.media-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

İllərlə davam edən münaqişə və gərginlikdən sonra imzalanan birgə bəyannamə, regionun gələcək inkişafı üçün strateji yol xəritəsini müəyyənləşdirdi. 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi, Azərbaycanın hərbi, siyasi və diplomatik üstünlüyünü təsdiqlədi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində ərazi bütövlüyümüz bərpa olundu, işğala son qoyuldu. Bu qələbə təkcə hərbi meydanda deyil, diplomatik masada da Azərbaycanın əlini gücləndirdi və regionun yeni siyasi arxitekturasının əsasını qoydu. Həmin dövrdən etibarən Azərbaycan artıq danışıqlara zəif tərəf kimi deyil, qalib, şərtləri müəyyən edən tərəf kimi qatılır. Bu reallıq Ağ Ev görüşündə də aydın şəkildə özünü göstərdi.

44 günlük müharibədən sonra regionda güc balansı dəyişdi. Azərbaycan enerji, nəqliyyat və təhlükəsizlik baxımından strateji mərkəzə çevrildi. Zəngəzur dəhlizinin açılması, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin birləşdirilməsi, ölkəmizi beynəlxalq tranzit qovşağına çevirdi. ABŞ-da imzalanan bəyannamə isə bu prosesləri daha da sürətləndirəcək. Sənəd çərçivəsində nəzərdə tutulan Zəngəzur tranzit marşrutu — “TRIPP” layihəsi — Azərbaycanın Naxçıvanla quru əlaqəsini bərpa etməklə yanaşı, region ölkələrini və dünya bazarlarını birləşdirəcək. Bu, həm iqtisadi, həm də siyasi baxımdan ölkəmizin mövqeyini gücləndirəcək.

Dövlətimizin başçısı cənab İlham Əliyev son illərdə həm regional, həm də qlobal arenada balanslaşdırılmış, praqmatik və nəticəyönlü siyasət yürüdür. Türkiyə ilə qardaşlıq münasibətlərindən, Rusiya ilə strateji tərəfdaşlıqdan, Avropa İttifaqı ilə enerji əməkdaşlığından və indi də ABŞ-la yaxın əlaqələrdən ibarət çoxvektorlu diplomatiya Azərbaycanın milli maraqlarını maksimum dərəcədə təmin edir. Ağ Ev görüşündə ABŞ kimi böyük gücün aktiv vasitəçiliyi, Azərbaycanın diplomatik nüfuzunun göstəricisidir. Bu, həm də Vaşinqtonla Bakının münasibətlərində yeni mərhələnin başlanğıcıdır.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hədəfi regionda dayanıqlı sülh və qarşılıqlı hörmətə əsaslanan qonşuluq münasibətləridir. Ağ Evdə imzalanan bəyannamə bu məqsədə çatmaq yolunda mühüm addımdır. Ermənistanın da prosesə qoşulması, iqtisadi əməkdaşlıqdan faydalanması, regionun sabitlik və rifahına töhfə verəcək. Bu sənəd həm də göstərdi ki, qalib tərəf olaraq Azərbaycan sülhün təşəbbüskarı və təminatçısı rolunu öz üzərinə götürür.

Vaşinqtondakı görüş və imzalanan bəyannamə ABŞ-Azərbaycan münasibətlərinin yalnız siyasi müstəvidə deyil, iqtisadi, enerji və təhlükəsizlik sahələrində də dərinləşəcəyini göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika və beynəlxalq investisiyalar sahəsində ABŞ şirkətlərinin Azərbaycanda iştirakı, ölkəmizin qlobal iqtisadi sistemdə rolunu daha da möhkəmləndirəcək. Ağ Evdəki bu tarixi hadisə, 44 günlük müharibədən sonra yaranmış yeni reallıqların, Azərbaycanın güclənən mövqeyinin və Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir. Bu bəyannamə ilə Cənubi Qafqazda uzun illərdən bəri mövcud olan münaqişələr sülh və əməkdaşlıq müstəvisinə keçid mərhələsinə daxil olur. Azərbaycan isə qalib mövqeyini, iqtisadi gücünü və diplomatik nüfuzunu qoruyaraq regionun lider dövləti statusunu daha da möhkəmləndirir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir