Tanınmış iqtisadçı alim i.f.d., dosent Təbriz Yadigarov müəllimlərlə yanaşı, iqtisadçı alimlərin də sertifikasiyası ilə bağlı konseptual yanaşma irəli sürərək, qeyd edir ki, bu yanaşma müasir elmi idarəetmə mexanizmlərinə uyğun şəkildə formalaşdırılmış, elmi fəaliyyətin səmərəliliyinin artırılmasına və alimlərin peşəkar inkişafının stimullaşdırılmasına yönələcəkdir.
Hesab edirik ki, aşağıda müəllifin qeyd etdiyi belə bir elmi əsaslandırılmış və milli maraqlara yönəlmiş yanaşmalar, elm və təhsil sistemimizdə yeni inkişaf mərhələsinin formalaşmasına real töhfə verə bilər.
Müasir dövrdə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin sertifikasiyası prosesi, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi və müəllim peşəkarlığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm institusional addım kimi dəyərləndirilir. Bu təşəbbüs təkcə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə deyil, həm də insan kapitalının dayanıqlı inkişafına və cəmiyyətin intellektual potensialının artırılmasına xidmət edir.
Sertifikasiya mexanizmi, müəllimlərin peşəkar inkişafına şərait yaratmaqla, gənc nəslin keyfiyyətli təhsil alması və milli təhsil sisteminin rəqabətqabiliyyətliliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu təşəbbüsün nəticəsində tədris prosesində elmi əsaslı, innovativ və yaradıcılıq yönümlü yanaşmaların tətbiqi üçün daha əlverişli mühit formalaşır.
Eyni zamanda hesab edirəm ki, sertifikasiya prosesinin yalnız müəllimlərlə məhdudlaşdırılması məqsədəuyğun deyil. Bu mexanizmin alimlər, xüsusilə də fəlsəfə doktorları və elmlər doktorları üçün də tətbiq olunması, ölkəmizdə elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə, tədqiqatların effektivliyinin artırılmasına və akademik məhsuldarlığın yüksəlməsinə xidmət edərdi.
Hazırkı vəziyyətdə bir sıra tədqiqatçılar, elmi-tədqiqat metodlarının tətbiqində nəzəri biliklərlə praktik bacarıqlar arasında boşluq yaşayırlar. Bu isə elmi nəticələrin etibarlılığına və beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrin səviyyəsinə mənfi təsir göstərir. Elm sahəsində səmərəliliyin artırılması məqsədilə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən sertifikasiyanın alimlər üçün də tətbiqi vacibdir. Belə bir mexanizm elmi potensialın obyektiv qiymətləndirilməsinə, ən yüksək peşəkar səviyyəyə malik tədqiqatçıların seçilərək elmi-tədqiqat institutlarında fəaliyyət göstərməsinə şərait yaradacaqdır.
Sertifikasiyanın nəticələrinə əsaslanaraq, elmi vəzifələrin iyerarxik sistemində diferensial qiymətləndirmə və vəzifə dəyişikliklərinin tətbiqi də məqsədəuyğun olardı. Məsələn, sertifikasiyadan keçməyən alimlərin “baş elmi işçi” vəzifəsindən “böyük elmi işçi” və ya “elmi işçi” statusuna endirilməsi, eləcə də elmi katiblərin və şöbə rəhbərlərinin mövqelərinin yenidən nəzərdən keçirilməsi elmi fəaliyyətin keyfiyyətinə birbaşa təsir göstərə bilər.
Belə bir yanaşma elmi sistemdə sağlam rəqabət mühitinin formalaşmasına, tədqiqatçılarda məsuliyyət və motivasiyanın artmasına, həmçinin dövlətin elm sahəsinə ayırdığı resursların daha səmərəli istifadəsinə imkan yaradacaqdır. Bu, elmi fəaliyyətin nəticəliliyini yüksəldəcək, elmi istehsalın məhsuldarlığını artıracaq və Azərbaycanın elmi potensialının beynəlxalq elmi məkanla inteqrasiyasını gücləndirəcəkdir.
Nəticə etibarilə, alimlərin də sertifikasiyadan keçməsi təşəbbüsü, ölkəmizdə elmi idarəetmə sisteminin müasirləşdirilməsi, tədqiqatların keyfiyyətinin yüksəldilməsi və akademik mühitdə islahatların dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addım olacaqdır. Bu islahat, Elm və Təhsil Nazirliyinin tabeşiliyində olan elmi tədqiqat institutlarımızın və ali təhsil müəssisələrinin fəaliyyətinə müsbət təsir göstərməklə, Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasına şərait yaradacaqdır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
Yüksək səviyyəli şərh edilib