Bu həftə Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş keçirilə bilər. Bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib. “Biz belə bir görüşün keçirilməsi ehtimalını istisna etmirik”, – o qeyd edib. “Biz cənab Uitkoffu Moskvada görməyə və onunla təmasda olmağa həmişə şadıq. Biz bu əlaqələri vacib, məzmunlu və çox faydalı hesab edirik”, – o vurğulayıb.

Sözügedən görüşün keçirilməsi təbiidir və bu tip görüşlərin müsbət nəticə verəcəyi gözlənilmir. Söhbət Ukrayna – Rusiya müharibəsindən və onun nəticələrindən gedirsə, bu formatdakı görüşdən müsbət irəliləyiş ummaq sadəcə sadəlövhlük olardı. ABŞ Prezidentinin, xüsusilə də Donald Trampın Rusiya ilə bağlı mövqeyi konkret və tam aydın deyil. Hətta onun çılğın çıxışları və təsirsiz bəyanatları ABŞ dövlətinin Rusiya siyasətini anlaşılmaz və təzadlı duruma gətirib. Rusiya da bundan istifadə edərək Ukraynada irəliləyiş əldə edib. Avropanın mövqeyi və konkret hədəfi Rusiya ilə bağlı məlumdur. ABŞ-nin isə Donald Trampın timsalında Rusiyaya təsiri demək olar ki, əhəmiyyətli görünmür. Əvvəlki prezidentlik dövründə onu Rusiya yönümlü siyasətçi adlandırıblar. Əslində bunun təsirləri hiss olunub. Prezidentin elçisinin Rusiyaya səfərindən yalnız Rusiya bəhrələnə bilər ki, bu da heç də işin xeyrinə deyil.Söhbət Ukrayna ilə müharibənin sülhlə, diplomatik yollarla yoluna qoyulmasından gedirsə, burada əsasən Avropa İttifaqının üzv ölkələri və BMT əhəmiyyətli rol oynaya bilər. Bu görüş sadəcə iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edə bilər. Ancaq ABŞ-nin mövqeyi o qədər zəifdir ki, bu məsələdə Rusiyanın onun qarşısında geri çəkiləcəyi inandırıcı görünmür. Təbii ki, qüdrətli dövlət olaraq ciddi mövqe ortaya qoyub Rusiyaya təsir göstərə bilər. Amma hiss olunur ki, ABŞ sadəcə zamanı ötürüb. Bundan da Rusiya faydalanıb. Belə görüşlərin baş tutması beynəlxalq siyasətdə yalnız boşluq doldurmaq üçün istifadə olunub.Təbii ki, əgər ABŞ öz rıçaqlarını işə salsa və Rusiyaya təsir göstərsə, mühüm anlaşmalar əldə oluna bilər. Bunun üçün isə balanslı yox, birmənalı siyasət aparmalıdır. Ukraynanın bu müharibədə uduzması ABŞ-nin məğlubiyyəti deməkdir. Bu, onun beynəlxalq nüfuzuna zərbə vurmaqla yanaşı, problemləri həll etməkdə diplomatik zəifliyini də göstərib. Cəhdlər, səylər göstərilir və ya bu görüntü yaradılıb, lakin əhəmiyyətli nəticə ortaya çıxmır. Səthi olaraq dünya siyasət meydanında bu görüş baş tutarsa, ümidverici görünə bilər. Amma hər şey nəticədən asılıdır.

Tural İrfan 

Siyasi analitik

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir