CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

Hippokrat yaxşı deyib: “Həyat qısadır, sənət isə uzun”. İnsanın ölümdən sonra da yaşamasına təminat verən yeganə təsəlli qaynağı sənətdir. Bu mənada sənət insanı həyat adlı iztirablar səhrasının vahiməsindən xilas edir.

Yaradıcılıq bir növ, eskapizmdir, reallıqdan qaçış cəhdidir, insanı xilas edən bir aktdır. Doğrudan da fərqli dünyalara yönəlmək insanı müəyyən mənada xoşbəxt edir. Dünya fəlsəfəsinin sərgərdanı Sokrat üçün zəhər hazırlananda o, fleyta çalmağı öyrənirmiş.

Ondan soruşurlar ki, axı bunun nə faydası var? Cavab verir ki, ölməzdən öncə həyatımın nəğməsini öyrənmək istəyirəm. Yaxud Orta əsrlərin məşhur Roma filosofu Boetsi zindanda edam olunacağı günü gözləyə-gözləyə “Fəlsəfənin rahatlığı” əsərini yazıb.

O, bu müddətdə bir həqiqəti dərk edib: həqiqi xoşbəxtlik taleyin məhv edə biləcəyi şeylərdən deyil, yalnız daxildən – insanın idarə edə biləcəyi nəsnələrdən yaranır. Təsəvvür edin, ölümün gözləyən adam beyninə əmr verir ki, bu haqda qətiyyən düşünmək olmaz. İnsanda nə boyda iradə lazımdır ki, şüuruna hökm edə bilsin?!

İnsan ağlının nələrə qadir olduğunu düşünəndə heyrət hissi keçirirsən. Ölüm qarşısında onun buz kimi soyuq nəfəsini hiss edə-edə özünü yaradıcılığa kökləmək yalnız mənəvi qəhrəmanlıqdır. Sokrat ona görə böyük idi ki, nəfsini bütün dünya nemətlərindən arındırmağı bacarmışdı və dünyadan gülə-gülə ayrılırdı.

Xoşbəxtlik zehni vəziyyətdir, hər şey sənin hansısa subyekt haqqında necə düşünməyindən asılıdır. O elə bir məfhumdur ki, heç kəs onu insanın əlindən ala bilməz. Var-dövlət fələyin hökmü ilə əlindən çıxa bilər, lakin daxilən inandığın və biət etdiyin həqiqətlər ömrün boyu səninlə qalacaq və heç vaxt səni tərk etməyəcək.

Stoiklərin də həyat fəlsəfəsi bu həqiqətə əsaslanır. Düşüncələrimizi dumanlandıran qeyri-müəyyənlik hissindən azad olsaq, mənəvi rahatlıq qəlbimizə aramlıq gətirəcək. Seneka stoiklik prinsipinə sadiq qalması nəticəsində ölümü sakit və rahat qarşılamışdı.

Bizdən asılı olmayan bir şeyi arzulamaq sarsıntı və narahatlıqların mənbəyidir. Bu da insanın özünə qazandırdığı xəstəliklərdəndir. Əgər insan xəstələnirsə, bunun günahkarı birbaşa özüdür. Özünü soyuğa verməsə, siqaret çəkməsə, sağlam həyat tərzi keçirsə, o, niyə xəstələnsin ki?

Sağlam düşüncə də xəstəliyin düşmənidir. Ağıl və iradə beyinə əmr edə bilirsə, insanı heç bir hadisə məyus edə bilməz. Beləliklə, qismətimizin öhdəsindən gələ bilərik. Bu mənada insan avtodidakt olmalıdır; özü öz mənəvi dünyasını yaratmalı və bu dünyanın içində xoşbəxt yaşamağı bacarmalıdır.

Felin əmr formasında yazdığım bu cümlələri bir müəllif olaraq özümə də aid edirəm. Mən özümü taleyin əlindən xilas etmiş adamam. Hər halda, belə hesab edirəm. Əks halda mən də milyonlarla siravi insan – statistik varlıq kimi komformist həyat yaşayacaqdım.

Nə dionistik (hisslərlə, duyğularla yaşayan), nə də apollonist (təkcə ağıla, məntiqə söykənən) mövqe uğura aparan yolu göstərə bilmir. Axı həyat təkcə rasional anlayışlardan ibarət deyil, insan varlığını təkcə elm və məntiqlə dərk etmək qeyri-mümkündür.

Hisslər və intuisiya da insan həyatında ağıl qədər mühüm rol oynayır. İkisinin sərhədində qərarlaşanlar isə artıq müdriklərdir. Onlar mənəvi boşluqlardan beləcə xilas ola bilirlər.

Öz həyatına özün məna verməlisən – mənim üçün həyatın düsturu bundan ibarətdir. Ekzistensializmi də bu cür formulə etmək lazımdır. Nə hisslərdən imtina etmək lazımdır, nə də ağıla arxa çevirmək.

Məna mətndə xörəyə qatılan ədviyyat kimidir, onu dada gətirir. Çalışın, həyatınıza məna qatasınız. Onda görəcəksiniz ki, xoşbəxtlik artıq qapınızın zəngini çalır.

Albert Kamu nə qədər haqlıdır: “Həyatın heç bir obyektiv mənası yoxdur. Mənanı biz özümüz yaratmalıyıq”.

Kənan HACI

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir