İmaməli Həbibi dünyaya gələndə heç kəsin ağlına gəlməzdi ki, o, XX əsr tarixinə “Mazandaran pələngi” kimi damğasını vuracaq. Bu, gələcəyin işi idi. O, instintklərini idarə etməyi çox erkən yaşlarında öyrənmişdi. Biovarlıqdan ictimai fiqura çevrilmək ona heç də asan başa gəlməmişdi. O, təkcə idman qəhrəmanı deyildi, həm də tarixin qəhrəmanı idi. Gəlin, onun həyat tarixçəsinə qısa bir nəzər salaq. Kim idi Mazandaran pələngi? Bu suala cavab vermək o qədər də asan deyil.
1931-ci il mayın 13-də Gəncəfruzda dünyaya göz açmış İmaməli 12 yaşına çatanda tale ona ilk zərbəsini vurur, atası dünyadan köçür. O, uşaq ikən ailəsini dolandırmaq üçün ağır fiziki işlərdə işləmək məcburiyyətində qalır. Çəlimsiz bir uşaq çəltik sahələrini suvarır. Bir müddət sonra Şahi şəhərində yaşayan bacısı onu öz himayəsinə götürür. Gələcək pəhləvan dəmirçi mağazasında işləyir və taleyinin dəmirçisinə çevrilir.
Anasının xəstəliyi onu növbəti itgiyə hazırlayır. Onun müalicəsi üçün çoxlu pul lazım idi, İmaməlidə isə o pul yox idi. Həmin ərəfədə İmaməli məsul yarışlardan birinə hazırlaşırdı.
Məcburiyyət qarşısında qalıb qubernatorun qəbuluna yazılır. Qubernator onu qəbul edir, İmaməli vəziyyəti ona izah edir və ondan üç aylıq maaşının öncədən verilməsini xahiş edir. Qubernator isə gənc güləşçinin iztirablarını anlamaq iqtidarında deyildi. Onu polislə hədələyərək kabinetindən qovur. Lakin Mazandaran pələngi taleyi ilə döyüşə çıxmışdı və bu döyüşdə məğlub olmayacağına and içmişdi. Zəmanəsinin pələngi qələbənin bir addımlığında idi.

Şahın izlədiyi seçim turunda gənc idmançı məşhur güləşçi Cahanbəxt Tovfiqə özünəməxsus bir fəndlə qalib gəlir. Təəccüb və heyrət dolu baxışlar bu naməlum qalibə zillənir. Şahı təəccübləndirmək asan məsələ deyildi. Mazandaran pələngi bu qələbəsi ilə həm də Şahın diqqət dairəsinə daxil olur.
Bəli, qoca tarix kimi kiminlə nə vaxt görüşdürəcəyini yaxşı bilir.
Şah onu hüzuruna çağırır və elə oradaca İmaməlinin Olimpiya oyunlarına göndərilməyi barədə göstəriş verir. Onun vətənə Olimpiya çempionu kimi qayıtmaqdan başqa çarəsi yox idi. Qalibiyyəti öz taleyinin şərikinə çevirməyi bacaran İmaməli qubernatorun verdiyi puldan (300 tümən bəxşişdən) da imtina edir və bu dəfə qubernator məğlub olur. Sonrakı peşmançılıq nə vaxt fayda verib ki?! İmaməlinin triumfa yolu başlanmışdı və artıq geriyə yol yox idi.
İmaməli Həbibi – gəlin, bundan sonra biz də ona Mazandaran pələngi deyək – 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanır. “Pələng”in bundan sonrakı zəfərləri haqda internetdə kifayət qədər bilgilər var. O Tokioda (1958), Tehranda (1959), İokohamada (1961) və Toledoda (1962) keçirilən sərbəst güləş üzrə yarışlarda Dünya kubokunun qalibi olmuş, qızıl medallara layiq görülmüşdür. Onun Azərbaycanda yaxın dostları vardı. Bu dostlar onu unudulmağa qoymadı və gənc nəslin bu əfsanəvi güləş ustasını yaxından tanıması üçün çox işlər gördü.
Bu yerdə sözü verək ilahiyyatçı alim, Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadəyə. Hacı onun haqqında belə deyir:
“İranlı kino xadimlərinin çəkdiyi “Mazandaran pələngi” filmi o zamanlar Azərbaycanda ən populyar filmlərdən biri idi. Filmdə gördüyüm bir epizod məni təsirləndirdi və baş rolda çəkilən mahir güləşçi İmaməli Həbibiyə qarşı marağımı daha da artırdı. Həmin epizodda İmaməli Həbibi Məşhəddə İmam Rzanın (ə) məzarını ziyarətə gələndə yaşlı bir qadının ağladığını görür.
Qadından nə üçün ağladığını soruşur. Qadın deyir ki, mən Xorasanın yenilməz pəhləvanı Keyvanın anasıyam. Oğlum sabah “Mazandaran pələngi” ilə döyüşəcək. Əgər məğlub olsa, istədiyi qızı ona verməyəcəklər. Bu isə mənim üçün böyük dərd olacaq. Anayam, ürəyin bu dərdə tab gətirməz. Ziyarətə gəlmişəm ki, oğlum üçün dua edim və o, “Mazandaran pələngi” ilə döyüşdən qalib ayrılsın. İmaməli Həbibi onu tanımayan ağbirçək anaya deyir ki, mən sənə söz verirəm, oğlun sabah qalib gələcək. Arxayın ol, ana.
Hər dəfə bu kadrlara baxanda İmaməli Həbibiyə hörmətim bir qədər də artırdı. Çünki o, bir ağbirçək ananın göz yaşlarına görə çempionluq titulundan belə imtina edir. Həzrət Əli (ə) buyurub ki, pəhləvanların ən güclüsü öz nəfsinə qalib gələndir”.
Bax, Mazandaran pələngi təkcə qol gücü ilə deyil, zəkasının gücü ilə də böyük idi. Hacı Soltan Əlizadənin “pələng”ə marağı təsadüfi deyil. O, Azərbaycanda “İslam İdman Ensiklopediyası”nı qələmə almış yeganə qələm sahibidir. Dünya idman tarixinə adını qızıl hərflərlə yazmış Məhəmməd Əli haqda kitab yazıb və onunla dostluq münasibəti yaradan bəlkə də yeganə azərbaycanlıdır. Mazandaran pələngi haqqında yazdığı kitab da idman tarixinin maraqlı mərhələsini əhatə edir.
Hacını dinləyək:
“Bayaq qeyd etdiyim kimi, “Mazandaran pələngi” filminə baxandan sonra bu insana qarşı məndə böyük rəğbət oyanmışdı. Bir neçə illik gərgin axtarışlardan sonra İmaməli Həbibi haqqında kitab yazdım. Ötən ilin yayında kitab qəhrəmanın vətənində – Mazandaranda təqdim olundu. Vilayətin idman naziri məni hörmətlə qəbul etdi, kitab haqqında xoş sözlər söylədi. O zaman İmaməli Həbibi xaricdə olduğu üçün onunla görüşmək mümkün olmadı.
Noyabr ayında isə mənə xoş xəbər verdilər. Məlum oldu ki, Həbibi İrana qayıdandan sonra yazdığım kitab barədə onu məlumatlandırıblar. Azərbaycanda barəsində kitab yazıldığından sevinən “Mazandaran pələngi” mənimlə görüşmək istədiyini bildirib.
Ötən il noyabrın 7-də İran İslam Respublikasına gedib 82 yaşlı canlı əfsanə ilə görüşməyə nail oldum. Qismətimə belə bir görüş yazdığı üçün Allaha dualar etdim.
Adını dünya güləşinin tarixinə qızıl hərflərlə yazan İmaməli Həbibi ilə Mazandaranın Qaimşəhr şəhərindəki evində görüşdüm. Məni ən əziz qonaqlarından biri kimi qarşıladı, bağrına basdı. “Mazandaran pələngi İmaməli Həbibi” kitabımı şəxsən ona təqdim etdim.
Kitabı vərəqləyəndə gənclik illərindəki şəkilləri görüb gözləri doldu. Azərbaycandan apardığım suvenirləri də cahan pəhləvanına bağışladım. Mənzili ilə tanışlıq zamanı məlum oldu ki, məşhur idmançı xatirə hədiyyələrindən muzey düzəldib və Bakının rəmzləri sayılan Qız Qalası, İçərişəhərlə bağlı suvenirləri ayrıca guşədə saxlayacağına söz verdi”.
İmaməli Həbibi bir neçə dəfə Bakıda səfərdə olub və səfərlərindən birində məsul şəxslərdən biri ona qılınc hədiyyə edib. O, bu qılıncı qiymətli yadigar kimi evində saxlayıb.
“Mazandaran pələngi” (həmçinin “Avropalı gəlin”) filmi vaxtilə milyonlarla insanın maraqla izlədiyi sevimli filmlərdən idi. Kor qızın yanıqlı mahnısı indi də yaşlı insanların yaddaşında yaşayır.
Bu yazı üzərində işləyərkən həmkarım və dostum Etibar Cəbrayıloğludan əlborcu götürdüyüm məlumatlar karıma gəldi.
Vaxtilə o da bu idman kralı haqqında yazıb və internetdə başmaqseyrinə çıxarkən onun yazısından başqa ciddi bir mətnə rast gəlmədim. Bunun özü də təəssüf doğuran bir haldır. Hacı Soltan Əlizadə isə Mazandaran pələngi haqqında kitab yazıb. Bu gün də sosial şəbəkələrdə onu təbliğ edir. Bəlkə nə vaxtsa (məsələn, “Mazandaran pələngi” filminə baxarkən) İmaməli Həbibi ilə görüşmək ona fantastik xülya kimi görünüb.
Amma niyyətlə mənzil arasındakı məsafə o qədər də uzun deyilmiş. Yetər ki, qəlbdə istək olsun. Yetər ki, Haqq bu işə riza versin. Füzuli demiş, “mümkünmüdür təğyiri-təqdiri-Xuda?”
Pələnglər təxminən 15-20 il yaşayır. Mazandaran pələngi isə 94 il yaşadı! O, həm də tarixdə ən çox yaşayan “pələng” kimi qalacaq. Ruhunə rəhmət olsun!
Kənan Hacı
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

