Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir. Səfər çərçivəsində dövlət başçısının bir sıra ölkə liderləri ilə görüşləri baş tutub.

Tanınmış siyasi şərhçi Azər Həsrət Şarm əl-Şeyxdə Qəzza ilə bağlı keçirilən sammit haqqında Yenifikir.media-ya açıqlama verib. O bildirib ki, oktyabrın 13-nə olan vəziyyətə əsasən, Azərbaycan Prezidenti son 13 gün ərzində dörd mühüm beynəlxalq tədbirdə iştirak edib.

“Bu tədbirlərdən birincisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi toplantısı, ikincisi Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının zirvə görüşü, üçüncüsü Tacikistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası, dördüncüsü isə Misirdə Qəzza ilə bağlı keçirilən toplantıdır. Bu tədbirlərin hər biri böyük əhəmiyyət daşıyır və göstərir ki, Azərbaycan Prezidentinin iştirakı beynəlxalq səviyyədə mühüm önəm kəsb edir. Hətta bəzi hallarda bu görüşlər onun təşəbbüsü və rəhbərliyi ilə keçirilir,” – deyə Azər Həsrət vurğulayıb.

Azər Həsrətin sözlərinə görə, Qəzza məsələsinə dair Misirdə keçirilən bu mühüm sammitə Prezident İlham Əliyevin həm ABŞ Prezidenti, həm də Misir Prezidenti tərəfindən dəvət olunması Azərbaycanın və onun liderinin qlobal nüfuzunu və artan beynəlxalq rolunu bir daha təsdiqləyir.

“Əgər Qəzza kimi qlobal əhəmiyyətli məsələ ilə bağlı qərar qəbul edilərkən Azərbaycan Prezidentinin iştirakı vacib sayılırsa, bu, Azərbaycanın artıq beynəlxalq arenada əhəmiyyətli aktora çevrildiyini göstərir. Bu, ölkəmizin dünya siyasətində artan rolunun açıq göstəricisidir,” – deyə o əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində özünü dünyaya tanıtmaq üçün böyük çətinliklər yaşayırdı:
“Bir vaxtlar adi bir xəbərimizi belə beynəlxalq mediaya çıxarmaq üçün səylər göstərirdik. Amma bu gün vəziyyət tam dəyişib. Artıq nə Azərbaycan dövlətini, nə də onun liderini tanıtmağa ehtiyac var. Dünya bizi kifayət qədər yaxşı tanıyır.”

O, vurğulayıb ki, Azərbaycan bu gün 30 il əvvəl xəbərini dünyaya çatdıra bilməyən bir ölkədən, dünyanın xəbər gündəmini müəyyənləşdirən dövlətə çevrilib: “Bu, çox böyük inkişaf yoludur və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Məhz bu baxımdan onun Misirə, belə mühüm toplantıya dəvət olunması ölkəmiz adına xüsusi və yüksək qiymətə layiq hadisədir,” – deyə Azər Həsrət fikrini tamamlayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir