Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilmiş və bu mühüm qərara əsasən, 4 oktyabr – Cəbrayıl şəhəri günü elan olunmuşdur.

Bu qərar yalnız bir təqvim günü deyil, Azərbaycan xalqının milli qürurunun, iradəsinin və torpaqlarına olan sonsuz bağlılığının təcəssümüdür. Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Bu işğal nəticəsində minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşdü, rayonun maddi-mədəni irsi dağıdıldı. Lakin Azərbaycan xalqı hər zaman Cəbrayılın və digər işğal olunmuş torpaqların azad ediləcəyi günü səbirsizliklə gözlədi və buna sarsılmaz inamını qoruyub saxladı.

Bu inam 2020-ci il 44 günlük Vətən müharibəsində özünün bariz təcəssümünü tapdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir hərb tarixində misli görünməmiş qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altındakı torpaqlarımızı mərhələli şəkildə azad etdi.

Cəbrayıl uğrunda aparılan döyüşlər bu zəfərin ilk parlaq səhifələrindən biri oldu. 27 sentyabr 2020-ci il tarixində rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, ardınca 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, nəhayət, 4 oktyabrda Cəbrayıl şəhəri və daha 9 kənd – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi.

Ümumilikdə, rayonun 1 şəhəri və 90 kəndi qəhrəman əsgərlərimizin fədakarlığı nəticəsində düşməndən geri alındı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Çünki, Xudafərin körpüsü, yalnız bir infrastruktur abidəsi deyil, həm də Azərbaycan xalqının azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsinin və qələbəsinin simvoludur. Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağı, bu mübarizənin təntənəsi, Azərbaycanın gücünün və iradəsinin təcəssümüdür.

2020-ci ildə Vətən müharibəsində əldə olunan böyük Qələbə nəticəsində işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

Bu istiqamətdə atılan addımlar təkcə bölgənin yenidən salınması ilə deyil, həm də onun gələcək inkişafını təmin edəcək əsaslı layihələrlə müşayiət olunur. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən yaradılmış “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Sənaye parkında logistika və ticarət mərkəzləri, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük və texniki xidmət sahələrinin yaradılması nəzərdə tutulur. Bu parkın fəaliyyəti təkcə Cəbrayılın deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına mühüm töhfə verəcək. Bu sənaye zonasının yaradılması bölgədə sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin sosial rifahının yüksəlməsinə səbəb olacaq. Eyni tarixdə istifadəyə verilmiş Cəbrayıl yarımstansiyası da bölgənin enerji təminatında mühüm rol oynayır.

Bu infrastruktur obyektləri Cəbrayıla həyatın qayıdışını daha da sürətləndirir.Vətəndaşlar rahat şəkildə rayona səfər edə bilir, eləcə də Zəngəzur dəhlizi vasitəsilə Cəbrayılın strateji mövqeyi region üçün vacib nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir.

Bundan əlavə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu kimi mühüm layihələr icra olunur. Cəbrayıl şəhərinin inkişafı da diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə təsdiq edilən “2040-cı ilədək Cəbrayıl şəhərinin Baş planı” bu rayonun müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını təmin edəcək.

Plana əsasən, 2040-cı ilədək 6230 nəfərlik əhali üçün 1074 fərdi ev və çoxmərtəbəli yaşayış binaları inşa olunacaq.

Eyni zamanda Böyük Mərcanlı kəndində iki məktəb və beş uşaq bağçası tikiləcək. Bu, əhalinin sosial xidmətlərə olan tələbatının qarşılanması baxımından mühüm əhəmiyyət daşıyır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində isə kəndin 41 hektarlıq ərazisində ilk mərhələdə 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikilməsi planlaşdırılır.

Bu evlər müxtəlif ölçülü – iki, üç, dörd və beş otaqlı olacaq şəkildə layihələndirilib. Artıq 659 ailənin – 2856 nəfərin Cəbrayıla köçürülməsi faktı sübut edir ki, dövlət tərəfindən görülən işlər konkret nəticələr verir və insanlar doğma torpaqlarına qayıdır.

Bu proses yalnız fiziki köç deyil, həm də mənəvi və sosial qayıdışdır. İnsanların öz evində, öz torpağında rahat və təhlükəsiz yaşaması üçün yaradılan şərait Azərbaycan dövlətinin gücünü və qətiyyətini nümayiş etdirir.Genişmiqyaslı iqtisadi, sosial və infrastruktur layihələri rayonun yenidən doğulmasına səbəb olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Cəbrayıl təkcə yenidən qurulmur, həm də gələcəyə inamla baxan, müasir, dinamik və perspektivli bir bölgəyə çevrilir. Bu isə onu göstərir ki, zəfərdən doğan bu torpaqlarda sabitlik, inkişaf və əmin-amanlıq hökm sürəcək.

Hüseynova Samirə Adəm qızı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir