Yeni tədris ili başlayar-başlamaz təhsildəki problemlər yenidən üzə çıxdı. Əslində, söhbət təhsilin özündəki çatışmazlıqlardan deyil, təhsildə problem yaradan şəxslərdən gedir.
Bir neçə gün öncə sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 nömrəli məktəbdə təmir üçün pul yığılması barədə məlumat yayıldı. Məktəbin valideyn komitəsinin rəhbəri Aygün adlı xanım “WhatsApp” vasitəsilə valideynlərdən canfəşanlıqla pul toplayırdı. Daha sonra yayılan səs yazılarında isə müəllimə qızıldan hədiyyə alınmasını təklif edirdi.
Aygün xanım, müəllim onsuz da qızıldır. Amma müəllimi rüşvətə və hörmətsizliyə sürükləmək olmaz. Müəllim, sadəcə, müəllimdir.
Məlumatlara görə, həmin məktəbin direktoru Şahin Yusifov yayılan səs yazısı ilə bağlı məktəbin müəllimi Qərənfil İbrahimovanı cəzalandırıb. Direktor onu yanına çağıraraq, “Jurnalistlərə yazını sildirmək üçün 3 min manat vermişəm. Ya sən də bu pulu ödəyirsən, ya da səni maddə ilə işdən çıxarıram” – deyib. Çarəsiz qalan Qərənfil xanım borc-xərc taparaq pulu direktora verib.
Şahin Yusifovun saytlardan yazı sildirmək üçün “xüsusi adamları” var və müəyyən yazıları sildirir. Amma bu üsul həmişə keçmir. Məsələn, 9 nömrəli məktəb barədə yayılan yazını da “xüsusi adamlar” Yenifikir.media saytından sildirmək iqtidarında olmadılar.
Direktorun daha bir qalmaqallı addımı isə məktəbin 9-cu sinif şagirdinin pəncərədən yıxılmasını gizlətməyə çalışması olub. Şahin müəllim məktəbdə müəllimlərə deyib: ( A.N) “Uşağın adını bilmirlər, nə yazırlar yazsınlar, heç kimdən, heç nədən qorxmuram”. Halbuki biz həmin şagirdin kimliyini də bilirik, sadəcə, etik səbəblərə görə açıqlamırıq.
Bundan başqa, müəllimlərdən direktor müavinləri üçün 100 manat, özünüz üçün isə 200 manat pul yığıldığını da dəqiq bilirik. Bundan əlavə, Şahin müəllim yuxarı sinif şagirdlərinin çoxunu ödəniş qarşılığında hazırlıq kurslarına yönləndirib.
Əldə etdiyimiz başqa məlumata görə, Şahin Yusifov məktəbdə başına iş gələn 9 “m” sinif şagirdinə öz ərizəsində “özüm yıxıldım” yazdırıb.
Bundan əlavə, sual doğuran məqamlardan biri də budur: 5 nömrəli məktəbdə buraxdığınız ciddi nöqsanlara görə işdən azad edilmisinizsə, necə oldu ki, az sonra 9 nömrəli məktəbə direktor təyin olundunuz?
Və bütün bunların fonunda – siz fəxri fərmanla təltif olunursunuz. Bu arada, Şahin müəllim, sizi təbrik edirik. Təhsilimizə və 9 nömrəli məktəbə daha böyük uğurlar və töhfələr verəsiniz.
Amma…
Mövzunu davam etdirəcəyik…
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin