Cənab Prezidentin ABŞ-a səfəri çərçivəsində cənab Prezident, Trampın vasitəçiliyi ilə Paşinyanla görüşəcək. Avqustun 9-da isə prezidentlərin birgə bəyanat verəcəyi gözlənilir. Tanınmış siyasi şərhçi Azər Həsrət bu barədə Yenifikir.media-ya danışıb:
İlkin məlumata görə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp əvvəlcə Ermənistanın baş nazirini qəbul edəcək, daha sonra isə Azərbaycan nümayəndə heyətini qəbul edəcək. Ardınca tərəflər bir araya gələcəklər. Hazırda tam dəqiq bilinmir – açıq və ya qapalı müzakirələr keçiriləcək və sülh müqaviləsinin ilkin mətni orada paraflanacaq.
Yəni söhbət tam sənədin imzalanmasından yox, ilkin mətnin razılaşdırılıb paraflanmasından gedir. Bundan sonra isə ehtimal olunur ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti ya təkbaşına, ya da qonaqları ilə birlikdə mətbuat qarşısına çıxacaq və açıqlamalar verəcək.
Bu səfər, ümumiyyətlə, bizim üçün ona görə əhəmiyyətlidir ki, məsələ ilə dünyanın ən ciddi və etibarlı dövləti olan Amerika Birləşmiş Ştatları məşğul olur. Uzun illər bu işlərlə Rusiya məşğul olub, amma nəticə olmayıb – əksinə, biz çoxlu itkilər vermişik. Hər iki tərəfdən şəhidlər olub, atəşkəs dəfələrlə pozulub. Ona görə düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının bu prosesə bu cür yanaşması böyük ümidlər yaradır və sülh prosesinin yaxın zamanda başa çatması üçün maneələr aradan qalxa bilər.
Əlbəttə ki, Azərbaycan tərəfi heç vaxt prosesə əngəl törətməyib. Biz dəfələrlə açıq şəkildə öz mövqeyimizi bildirmişik – həm Ermənistana, həm də dünyaya. Sadəcə olaraq, Ermənistan tərəfi müəyyən qədər cığallıq edib. Amma son zamanlar onlar da anlayıblar ki, bu cığallıqlar nəticə vermir. Üstəlik, bu davranışların arxasında Rusiyanın və Fransanın təsiri olub. Görünən odur ki, bu təsirlər də artıq aradan qalxıb. Yəni yaxşı bir başlanğıcdır. Xeyirli və uğurlu olsun!”
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

