Bu gün Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof arasında görüş keçirilib.
Görüşün Yaxın Şərqdəki vəziyyətə mümkün təsirləri barədə tanınmış hərbi ekspert Ədalət Verdiyev yenifikir.media-ya danışıb.
Ədalət Verdiyevin sözlərinə görə, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin Moskvaya səfər edərək Vladimir Putinlə görüş keçirməsi Ukrayna cəbhəsindəki proseslərə ciddi təsir göstərməyəcək:
“Belə görüşlər indiyə qədər müxtəlif kanallar və şəxslər vasitəsilə dəfələrlə həyata keçirilib. Lakin onların heç biri nə Ukrayna cəbhəsində vəziyyəti radikal şəkildə dəyişdirə bilib, nə də müsbət nəticələrə – ən azından atəşkəsin əldə olunması hədəfinə – gətirib çıxarıb”.
Ekspert hesab edir ki, bu görüş də əvvəlkilərdən fərqlənməyəcək:
“Rusiya bu cür görüşlərdən imtina etmir və müəyyən səviyyədə iştirakını davam etdirir. Lakin yaxın perspektivdə Putinin birbaşa bu proseslərdə iştirakı gözlənilmir. Ekspertlər səviyyəsində keçirilən bu görüşlər daha çox ‘uzatma dəqiqələri’ təsiri bağışlayır. Hazırkı mərhələdə isə Rusiya, yalnız Ukrayna tərəfindən çox ciddi müqavimətlə üzləşsə və böyük itkilərə məruz qalsa, döyüş əməliyyatlarını dayandırmağa razılıq verə bilər”.
Ədalət Verdiyevin fikrincə, Ukraynanın Rusiyaya qarşı müqavimətinin artırılması hazırda real görünmür:
“Çünki əks-hücum əməliyyatları həyata keçirmək üçün Ukraynaya verilən silah, sursat, texnika, avadanlıq və hərbi vasitələrin həcmi bir neçə dəfə artırılmalıdır. Lakin Qərb bu məsələdə hələ ortaq mövqeyə gəlməyib”.
Aydan K.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin