Vaşinqton görüşü: Azərbaycanın əsas tələbi gündəmdə — Ermənistan Konstitusiyasına dəyişiklik və ərazi iddialarının ləğvi məsələsi masadadır

Vaşinqtonda keçiriləcək Əliyev-Paşinyan görüşündə Azərbaycanın əsas tələbi olan Ermənistan Konstitusiyasına dəyişiklik və ərazi iddialarının ləğvi məsələləri diqqət mərkəzindədir. Bu çərçivədə beynəlxalq vasitəçilərin, xüsusilə ABŞ-ın mövqeyi və təzyiq imkanlarının effektivliyi aktual suallardandır.

Yenifikir.media-nın sualını cavablandıran millət vəkili İlham Məmmədovun fikrincə, dünyanın gözü hazırda Amerikada baş tutacaq Azərbaycan-Ermənistan arasında üçtərəfli görüşə yönəlib. ABŞ Prezidentinin iştirakı ilə keçiriləcək bu toplantı, onun sözlərinə görə, qlobal geosiyasi mənzərənin dəyişdiyi bir gün kimi tarixə düşəcək.

“Bu görüşdə bizim üçün mühüm olan bir sıra sənədlərin imzalanması gözlənilir. Sülh sazişinin imzalanması və ya ən azı paraflanması gündəmdədir. Eyni zamanda, 1992-ci ildə qəbul edilən və Azərbaycana qarşı ədalətsizlik kimi qiymətləndirilən düzəlişin ləğvi məsələsi də masadadır”, – deyə deputat bildirib.

Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev və Ermənistan baş naziri Paşinyan arasında keçiriləcək görüşdə Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və bu sənəddə əks olunan ərazi iddialarının aradan qaldırılmasıdır. O, hesab edir ki, bu məsələdə beynəlxalq vasitəçilərin, o cümlədən ABŞ-ın təsiri birmənalı şəkildə müsbət ola bilər.

Millət vəkili xatırladır ki, yanvar ayında Ermənistan Ədliyyə Nazirliyi tərəfindən verilmiş açıqlamada Konstitusiyanın dəyişdirilməsinin zəruri olduğu bildirilmişdi. Səbəb isə sülh sazişi ilə bağlı danışıqların artıq masada olması və hər iki tərəfin bu istiqamətdə konkret addımlar atması idi.

Deputatın sözlərinə görə, Ermənistan Konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinad edilməsi, dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Bu halda, beynəlxalq ictimaiyyətin diqqətində olan, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına yol açacaq bir prosesin uğurla nəticələnməsi mümkün deyil.

İlham Məmmədov bildirir ki, Prezident İlham Əliyev sülh sazişinin əsas şərtlərindən biri kimi məhz bu müddəanın aradan qaldırılmasını tələb edir və bu məsələdə ardıcıl mövqe sərgiləyir.

Deputat əlavə edir: “Sülh prosesinin sürətlənməsi üçün beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə atılan addımlar önəmlidir. Zəngəzur dəhlizi artıq Birləşmiş Ştatların da maraq dairəsindədir. Ermənistanın dağlıq ərazilərindən keçərək Azərbaycanın anklavda qalan bölgələrini, xüsusilə Naxçıvanı əsas hissə ilə birləşdirəcək bu dəhliz, strateji əhəmiyyət daşıyır.”

Millət vəkili qeyd edir ki, bu proses Cənubi Qafqazda yeni qlobal güclərin təsirinin artmasına, Rusiyanın mövqeyinin isə zəifləməsinə səbəb olur. Beləliklə, bölgədə sabitliyə təhdid yarada biləcək potensial risklərin qarşısı alınır.

“Azərbaycan hər zaman Ermənistanın ərazi iddialarına qarşı sərt mövqedə olub. Bu gün isə bizim üçün ən prioritet məsələ Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birbaşa əlaqənin qurulmasıdır. Bu, əzəli və əbədi torpaqlarımızın birləşdirilməsi baxımından həyati əhəmiyyət daşıyır”, – deyə o vurğulayır.

Sonda İlham Məmmədov qeyd edir ki, Vaşinqton görüşündə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması, Prezident İlham Əliyevin əsas tələbi olacaq.

“Cənab Prezident ilk gündən bəri Ermənistan Konstitusiyasının preambulasında müstəqillik bəyannaməsinə istinadın götürülməsini sülh sazişinin ayrılmaz şərti kimi irəli sürüb. Beynəlxalq güclərin bu məsələdə nə dərəcədə effektiv olub-olmamasından asılı olmayaraq, Prezidentimizin mövqeyi qətidir – Azərbaycanın müstəqilliyi və suverenliyi naminə bu problem tam şəkildə həll olunmalıdır. Onun siyasətinin əsas qayəsi isə Azərbaycanın milli maraqlarını qorumaqdır – bu gün də, gələcəkdə də”, – deyə millət vəkili fikrini yekunlaşdırıb.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir