Yazılmaz ərkin var,oxunmaz dərdin
Sevgisən,nifrətsən,uğursan,nəsən?!
Demə uğuruma çox sevinərdin,
İndi uğur da yox,qüssələnəsən.
Şükür yapdığına,yaratdığına
Hələ ki,əyri var,düz var,ilahi.
Hələ üyütməyə nə qədər söz var,
Üzə göyərməyə üz var,ilahi.
Demə,yaxın durmaq bir addım sənə,
Geri çəkilməkmiş yüz
addım,bildim.
İstədim Allahı tanıdım sənə,
Nə yaxşı özünü tanıdım,bildim.
De, daha nələrdi,nələr məkrində
Şeytanın izi var, eh, hər üzündə.
Allah su şəklində,torpaq şəklində
Sevgi şəklindədi bu yer üzündə.
Tahir Talıblı
İIAHİ İZLƏRİN POEZİYASI
Xeyli vaxt əvvəl də Tahir Talıblının yaradıcılığı “Ölüm ayağının şeiri” misrası diqqətimi çəkmişdi və ərk edərək fikir bildirmişdim. Yenə də şairin möhtəşəm misraları məni özünə çəkdi. Allahı su, torpaq, sevgi şəklində elə gözəl təqdim edir ki…
Və “Qadın” adlanan bu şeirin çox gözəl, dərin ovqatı var. Şair üzünü qadına tutaraq yazsa da, əslində fərqli bir yozum nəzər çəkir…
İnsanın taleyində uğurla məğlubiyyətin, sevgi ilə nifrətin arasındakı çarpışmanı, həm də ilahi qüdrətə boyun əyməyi ifadə edir. Şeiri oxuduqca daxili savaş, uğur, dərd, sevgi və nifrət arasında qaldığını bir daha öz yadına salırsan…
İnsan Allahı tanımaq istədikcə özünü tanımasını, dərk etməsini daha aydın hiss edirik.
Tahir Talıblının hər misrası həqiqətın də, məni öz yadıma salır. Bu şeirdə insan varlığının ən çətin sınaqları olan sevgi ilə nifrət, imanla şeytani hiylə bir-birinə toxunur. Sanki şair, dünyanı bir tərəzidə çəkir:
Bir gözündə dərd və qüssə, o biri gözündə isə ilahi işıq.
İlk bənddə:
“Yazılmaz ərkin var, oxunmaz dərdin” misrası ilə başlanır.
Bu ifadə insanın daxilində daşıdığı və heç kəsə açıqlaya bilmədiyi azadlıq və sirr dolu kədəri göstərir. Uğurun itməsi və qüssəyə çevrilməsi həyatın dəyişkənliyini, taleyin amansız dönmələrini oxucuya xatırladır
İkinci bənddə:
“Hələ üyütməyə nə qədər söz var” deyərək yaradıcılıq və sözün bitməz gücünə işarə edir. Allahın yaratdıqlarında düz də var, əyri də. Bu isə kainatın təməl qanunudur, hər şey ziddiyyətlərdən doğur.
Əslində, mən şeiri oxuyarkən diqqətimi çəkən üçüncü bənd olmuşdu:
“İstədim Allahı tanıdım sənə, nə yaxşı özünü tanıdım, bildim” – bu misra, sufi təfəkküründəki məşhur fikri xatırladır: “Özünü tanıyan Rəbbini tanıyır.”
Bəli, Allahı tanımaq istəyən insan,əslində özünü tanıyır…
Şair, sonuncu bənddə şeirin zirvəsindən boylanır.
Burada insan üzündəki hiylə, şeytani iz, aldanışla yanaşı Allahın hər şeydə təcəllası göstərilir. Su, torpaq və sevgi insan həyatının və mövcudluğunun əsas sütunlarıdır. Şair öz misralarında mükəmməl bir deyimlə kainatı üç elementdə cəmləşdirir və Allahın hər yerdə mövcudluğunu hiss etdirir.
Tahir Talıblının bu şeiri əslində, bir ruhi yolçuluq hekayəsidir. İnsan əvvəlcə dərdini deyir, sonra taleyin əyrisi-düzü qarşısında acizliyini qəbul edir, daha sonra Allahı tanımaq istəyərkən öz varlığının sirrinə enir və nəhayət, kainatda Allahın izlərini görür. Şair sözü təsbehə düzməklə ilahi bir şeir zikr edib və bu da elə o ilahi ruhun məhsuludur.
Tahir Talıblının yaradıcılığı sanki bir bulaqdı çağlayır və düşünürəm ki, hər şeydə bir hikmət olduğu kimi, bəlkə elə o bulaq öz bərəkətini Tahir Talıblının uzun illərdi ssenari müəllifi olduğu “Bulaq”dan alır.
Əfqan Yusifqızı
Yazıçı, AYB-nin üzvü
02.09.2025
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin