Son illərdə ölkəmizdə təhsilin keyfiyyətinin artırılması, müəllim peşəsinin nüfuzunun yüksəldilməsi və bu sahədə şəffaflıq prinsiplərinin təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Lakin bu prosesin mühüm tərkib hissəsi olan Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları ilə bağlı ictimaiyyət arasında müəyyən narazılıqlar, etimadsızlıq halları hələ də qalmaqdadır. İmtahan iştirakçılarının sosial şəbəkələrdə, müxtəlif xəbər portallarında və ictimai müzakirələrdə səsləndirdiyi haqlı suallar, şikayətlər və qeyri-müəyyənliklər bu prosesin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir. Xüsusilə imtahan suallarının məzmunu, qiymətləndirmə meyarları, nəticələrin izahı və şəffaflığın təmin olunması ilə bağlı məsələlər geniş ictimai marağa səbəb olur. MİQ imtahanları daha şəffaf, ədalətli keçirilməsi üçün Dövlət İmtahan Mərkəzinə verilməsi ilə bağlı çağırışlara, müraciətlərə tez-tez rast gəlirik. Bu fikirlər son zamanlar müəllimlər və təhsil ictimaiyyəti arasında tez-tez müzakirə olunur. Dövlət İmtahan Mərkəzi uzun illərdir buraxılış imtahanları, qəbul imtahanları, dövlət qulluğu imtahanları, sertifikatlaşdırma imtahanları və s. kimi böyükmiqyaslı imtahanları uğurla təşkil edir. Bu qurumun şəffaflıq, obyektivlik və etibarlılıq prinsipləri ictimaiyyət tərəfindən daha çox qəbul olunur. Müəllimlərin MİQ imtahanları ilə bağlı əsas şikayətləri sualların çətinlik səviyyəsi və ya uyğunluğu ilə bağlı qeyri-müəyyənliklər, imtahan nəticələrinin izahının verilməməsi, şəffaflığın olmaması ilə bağlıdır. Belə fikirlər isə inamsızlığa səbəb olur.
Dövlət İmtahan Mərkəzi sual bankları, ekspert qrupları və müstəqil qiymətləndirmə mexanizmləri ilə işləyir. Düşünürəm ki, bu sistem müəllimlərə daha obyektiv nəticələr təqdim edə bilər. Hazırda Elm və Təhsil Nazirliyi həm müəllimlərin işə qəbulu, həm də imtahanların təşkili ilə məşğuldur. Bu isə bəzi hallarda maraqların toqquşması görüntüsü yarada bilər. DİM-in bu prosesi həyata keçirməsi isə bu riskləri minimuma endirə bilər, illərlə formalaşmış imtahan infrastrukturu, peşəkar heyəti və şəffaf iş prinsipləri bu prosesin daha ədalətli və etibarlı şəkildə aparılmasına zəmin yarada bilər. MİQ imtahanlarının DİM-ə verilməsi təklifləri ictimaiyyətdə, xüsusilə müəllimlər arasında şəffaflıq və ədalətlilik baxımından müsbət qarşılanır. Əsas hədəf isə istənilən halda peşəkar, motivasiyalı və ədalətli şəkildə seçilmiş müəllimlərin təhsil sistemində yer almasıdır.
Elyar İslamoğlu
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,Filologiya üzrə fəlsəfə doktoru
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin